Sabiq deputat: “Bu proqram sürətli inkişafımızın açarı deməkdir”
Qarabağ durmadan canlanır. Artıq Azərbaycan insanının ayaq səsləri işğaldan azad olunan bütün ərazilərdə eşidilməkdədir. “Böyük Qayıdış” proqramı çərçivəsində köç karvanları ard-arda yola salınır. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir. “Böyük Qayıdış” Dövlət Proqramı üzrə doğma yurda növbəti köçün ünvanı qədim tarixə malik Malıbəyli kəndi olacaq.
“Bakı Abadlıq Xidməti” MMC-nin Malibəyli layihəsi üzrə rəhbəri, memar Çağlar Nuyan Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin mərhələdə doğma torpağına qayıdacaq sakinləri qarşılamaq üçün bütün işlər - yeraltı kommunikasiya (qaz, su, işıq, rabitə) xətlərinin çəkilişi tamamlanmaq üzrədir: “İlk köçəcək sakinlərin fərdi ev birləşmələri hazırdır. Yararsız binalar sökülərək, eyni yerdə yeni evlər tikilir, iaşə obyektlərinin inşası başa çatmaqdadır, gözəl parklar, özəl dizayn verilmiş yaşıllıqlar salınır. Yeni çoxmərtəbəli binalarda olacaq mənzillər isə ailə sayına görə, planlı şəkildə, 2, 3, 4 otaqlı olmaqla sahiblərinə təqdim ediləcək”.
Çağlar Nuyanın sözlərinə görə, bu layihə üzərində çalışan memarların səyi ilə Malıbəyli kəndi Qarabağın ən gözəl və müasir kəndlərindən biri kimi tanınacaq: “Hazırda işlər sürətlə davam edir, dövlət qurumları tərəfindən müəyyənləşmiş müddətlərə ciddi riayət olunur”, - deyə o bildirib.
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, tarixi ədalətin bərpası, keçmiş məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı hələ 2017-ci ildən başlayıb: “O zaman işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə onlarla ailə köçürülmüşdü. Sonra 44 günlük savaş baş verdi və Azərbaycan öz ərazilərini yağı tapdağından azad etdi. Cəmi bir il sonra 30 illik həsrətin son nöqtəsi kimi məcburi köçkünlərin öz ata yurdlarına böyük qayıdışı başladı. Həmin proses bu gün də davam edir.
Özü də proses olduqca sürətli şəkildə aparılır. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi prosesdir. Qarabağda və Şərqi Zəngəzurda təmir-bərpa işləri sürətlə gedir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi prosesi həyata keçirilir.
“Böyük Qayıdış” proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. “Böyük Qayıdış” sürətli inkişafımızın açarı deməkdir. “Böyük Qayıdış”ın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir.
Son vaxtlar keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə geri dönüşü barədə tez-tez mətbuatda xəbərlərə rast gəlirik. Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə də proses sürətlə davam etməkdədir".
Müsahibimiz Laçına yola salınan böyük köç karvanları barədə diqqətçəkən sitatistika da açıqladı: ""Böyük Qayıdış" proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır. Kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb. Məlumatlara görə, Laçın şəhəri üzrə köçün növbəti mərhələsi yaxın günlərdə həyata keçiriləcək. Hazırkı dövrədək Laçın şəhərində 534 ailə, daha dəqiq, 1971 nəfərin məskunlaşması təmin edilib. Sus kəndində 215 nəfər olmaqla, 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla, 217 ailə məskunlaşıb. Ümumilikdə Laçın rayonunda hazırda 810 ailə, yəni 3009 nəfər yaşamaqdadır.
Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. Ona görə “Zerti” Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və sair müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir.
Uğurlu tendensiyalardan biri də odur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70%-nin məşğulluğu təmin edilib. Dövlətimizin əsas hədəfi köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Bu proses növbəti illərdə də davam edəcək. Ölkə rəhbərinin dediyi kimi, əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir. Düşünürəm ki, 2030-cu ilə qədər 100 mindən çox keçmiş məcburi köçkün öz yurd-yuvasına qayıda biləcək. Bu müddətə qədər azad olunan ərazilərdə on minlərlə iş yeri açılacaq. Bunun üçün Azərbaycan dövlətinin öz imkanlarını səfərbər edəcəyindən heç kimin şübhəsi yoxdur".
Hazırladı: Cavanşir ABBASLI