“Böyük İsrail” yaratmaq planı - Haniyə və Nəsrullah buna görə öldürülüb?

Yaxın Şərqdə bizim düşündüyümüzdən də qəliz oyunlar gedir...    

2023-cü  ilin 7 oktyabrında HƏMAS silahlılarının Qəzzadan “uçaraq” İsrail ərazisinə keçib yüzlərlə israillini öldürməsi və girov götürməsindən sonra kimin ağlına gələrdi ki, bu hücum təkcə 40 mindən çox fələstinlinin deyil, regionun iki nəhəng hərbiləşmiş təşkilatının liderlərinin sonunu da gətirəcək. Kimə desəydin, inanmazdı, İsrail isə bu işi bacardı... 

skynews-hassan-nasrallah-hezbollah_6698797.jpg (182 KB)

Əgər iyulda Tehranda öldürülən HƏMAS lideri rəsmi olaraq 2017-ci ildən təşkilatda birinci şəxs idisə,  Livanda dünən gecə bunkerdə həyatına son qoyulan Həsən Nəsrullah 1992-ci ilin fevralından (32 il)  “Hizbullah”a rəhbərlik edirdi. İsrail Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayandan Livanda mənzillənmiş “Hizbullah” nədənsə, bir müddət düşündükdən sonra İsrailə ikinci cəbhə açdı. Ölkənin sərhədlərinə yaxın ərazilərin Livandan raket atəşinə tutması səbəbindən hökumət bundan əvvəl minlərlə yəhudini daha təhlükəsiz yerlərə köçürmək məcburiyyətində qalmışdı. Son aylar isə bu raket zərbələri daha da intesivləşmişdi. Bu səbəbdən İsrail Qəzza zolağındakı əməliyyatla yanaşı, Livanla da elan olunmamış müharibə aparır. 

 scale_1200 (5).jpg (156 KB)

İsrailin sentyabrın ortalarında peycer hücumu nəticəsində bir neçə gün ərzində “Hizbullah”ın  3 minə  yaxın üzvünü yaralamışdı ki, müasir tarixdə sərhədi keçmədən, bir güllə atmadan, bəlkə də bir düymə ilə düşməni sıradan çıxarmaq əməliyyatı kimi hələ uzun müddət danışılacaq.    

 scade2.JPG (65 KB)

Hər iki hərbləşdirilmiş dini təşkilat liderinin qısa aralıqla və demək olar ki, eyni üsulla öldürülməsi bəzi haqlı suallar doğurur. İsrail “Hizbullah” liderinə qarşı sonuncu uğurlu əməliyyatı 1992-ci ildə- Abbas Musəvinin öldürülməsi ilə gerçəkləşdirmişdi.  İsmayıl Haniyəni və Həsən Nəsrullahı öldürmək üçün də dəfələrlə cəhdlər olmuşdu.  O səbəbdən qısa zamanda hər iki təşkilatın liderinin ardarda öldürülməsi yalnız MOSSAD-ın və ya Tsaxalın (İsrail ordusu) uğurlu əməliyyatları  hesab etmək sədəlövhlük olardı. 

 scade1.JPG (80 KB)

Qəzzaya hücumdan sonra “Hizbullah” bir müddət baş verənlərə susqun münasibət göstərdi ki, bu da İranın Ali dini lideri Xamneinin ciddi narazılığına səbəb olmuşdu. O, hətta Həsən Nəsrullaha məktub göndərərək,  “Hizbullah”ın siyasi və hərbi qanadının seyrçi mövqeyini “utancverici susqunluq” adlandırmışdı. HƏMAS-a və “Hizbullah”a İranın dəstəyi aydındır, bu hərbiləşdirilmiş təşkilatların zəiflədilməsi Tehranın maraqlarına uyğun deyil. Amma Tehran indi Qərblə bazarlığa çox meyllidir, hətta buna cəhdlər də edir. İranın müttəfiqi olan iki təşkilatın liderinin (birinin Tehranda) öldürülməsi  fars rejimini gücsüz edir, amma pərdəaraxsında nə danışıqlar, hansı oyunlar getdiyi bilinmir. İranın Qərbin təhlükəsizlik qarantiyası altında bu bölgədən çəkilməsi ağlabatan deyil, amma müəyyən şərtlər daxilində əvvəlki kimi gərginlik yaratmamağa razılaşması mümkün kimi görünür. Üstəlik, hər iki  liderinin aradan götürülməsi İrana bölgədə fəallıq etməmək üçün “fasilə götürmək” fürsəti verir. Yaxın Şərq mütəxəssisi deyiləm, amma İsrailin son uğurlu əməliyyatları təkcə İranın deyil, bölgədə bir neçə dövlətin də “gözünü qorxutmuş” olmalı...   

  782478_src.jpg (42 KB)

“Axios” nəşri öz mənbələrinə istinadən iddia edir ki, Nəsrullah Qəzzada HƏMAS ilə əlaqələri kəsmək və şimal sərhədində İsrailə qarşı  əməliyyatları dayandırmaqdan imtina etdiyinə görə öldürməsinə qərar verilib.  “Onun qərar qəbul etmə prosesindən kənarlaşdırılması qərara alınıb”, - mənbə bildirib.

 992x496.jpg (161 KB)

Təşkilata Nəsrullahın əmisi oğlu Haşim Səfiəddinin rəhbərlik edəcəyi barədə yayılan xəbərlər hələ rəsmi təsdiqini tapmayıb. İsrail isə təcili səfərbərlik elan edib.  Ehtiyatda olan bütün kişi və qadınların istisnasız olaraq öz hərbi hissələrinə gəlmələri əmri verilib. “Hizbullah”ın liderlərsiz (Nəsrullahla bərabər təşkilatın bir çox tanınmış siması da öldürülüb) qaldığı müddətdə İsrailin sərhədə yaxın bölgələrini sığortalamaq üçün Livanın cənubuna hücum edəcəyi gözlənilir, əks halda  “Hizbuullah” liderlərinin öldürülməsinin xüsusi  mənası olmayacaq.  Hətta İsrailin  Qəzzanı, İordan çayının qərb sahilini və s. əraziləri tamamilə öz nəzarətinə keçirərək “Böyük İsrail” planını gerçəkləşdirəcəyi iddia edilir. İnternetdə bu layihə haqda çoxsaylı yazılar  var, maraqlananlar baxa bilərlər.  Bildirilir ki, bu plan 2006-cı ildə,  o zamankı dövlət katibi Kondoliza Rays tərəfindən “Yeni Orta Şərq” termini ilə gündəmə gətirlib. Tanınmış türkiyəli  araşdırmaçı Kamal Öztürk isə bu ilin iyununda “Aljazeera News Today”də bu mövzuda analitik məqalə yazıb. O hesab edir ki, hazırda Yaxın Şərqdə əslində “Böyük İsrail” geosiyasi layihəsinin praktiki icrası baş verir. “Böyük İsrailin”  xəritəsinin  bu ölkə əsgərlərinin geyimlərində taxdıqları nişanda təsvir olunduğu  bəlli faktdır.  Söhbət Misir, Səudiyyə Ərəbistanı, İraq, Suriya və Livan ərazilərinin bir hissəsindən yaradıla biləcək “Böyük İsrail” dən gedir...Yaxın planda İsrailin hədəfində Suriya olacağı gözlənilir.    

“Böyük İsrail” çox həssas və iddialı plandır, həm də başqa yazının mövzusudur...

Nazim SABİROĞLU, 
Musavat.com    

28.09.2024 23:30
1637