Çinin qonşu ölkələrlə münasibətlərindəki gərginliyi davam edir. Yaponiya, Hindistan, Avstraliya və digər dövlətlər Çinin bölgədə artan hərbi gücündən narahatdır. Vyetnamın da Çinin siyasəti ilə bağlı sualları az deyil. Buna baxmayaraq, Çində olduğu kimi Vyetnamda da hakimiyyətdə Kommunist Partiyasıdır, bu amil iki ölkə arasında dialoqu mümkün edir.
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə vurğulanır ki, Çin xarici işlər naziri Van Yinin bir neçə gün əvvəl Vyetnama səfəri əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb:
“Çin bu məqsədlə Vyetnama maliyyə yatırımlarını artırıb. Pekinin bu ölkəyə diqqətinin artırmasının səbəbi ABŞ və Yaponiyanın Hanoyla təmaslarını intensivləşdirməsidir. ABŞ və Yaponiya Vyetnamın onların tərəfinə keçməsinə çalışır. Bu, Pekini ciddi narahat edir. “Röyter” agenliyi Çinlə Vyetnam arasında 1979-cu ildə baş verən silahlı qarşıdurmanı xatırladıb. “Global Times” nəşri isə Vyetnamın Yaponiya ilə strateji tərəfdaşlığını daha üst səviyyəyə qaldırdığını yazıb.
Vyetnam lideri Vo Van Tun bir müddət əvvəl Yaponiyada olub. O, Tokioda Yaponiya Baş naziri Fumio Kişida ilə görüşüb. 40 dəqiqə davam edən görüşdə iki lider Yaponiya və Vyetnam arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib”.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Yaponiya ilə yanaşı, Vyetnamın da dənizlərdə Çinlə adalarla bağlı sərhəd mübahisələri var:
“Tokio bu amildən istifadə edərək Vyetnamla strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Digər tərəfdən, Tokionun məqsədi Çini tərk etməyi planlaşdıran xarici şirkətləri Vyetnama istiqamətləndirməkdir. Vyetnam xarici investorlar üçün münasib şərtlər təklif edir.
Vaşinqton Yaponiya-Vyetnam ittifaqını dəstəkləyir. Bu səbəbdən Pekin Vyetnamın müstəqil xarici siyasətindən narazıdır. Çindəki siyasi dairələr hesab edirlər ki, Vyetnam qapılarını Qərb ölkələrinə açıb. ABŞ Prezidenti Co Baydenin sentyabrda Vyetnama səfəri Pekində diqqətlə izlənilib. Yaponiya kimi ABŞ da Vyetnamla əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. ABŞ bu ölkəyə hətta müasir silahlar təklif edib. Beləliklə, böyük dövlətlərin Vyetnam uğrundakı mübarizəsi yeni mərhələyə qədəm qoyub”.