Böyük Britaniya Rusiyanı uran bazarından çıxaracaq

Böyük Britaniya Rusiyanı qlobal enerji bazarlarından sıxışdırıb çıxarmaq üçün yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uran yanacağının istehsalına başlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın Energetika Nazirliyinin rəhbəri Kler Koutinyo deyib.

"Biz Avropada Rusiyadan başqa qabaqcıl nüvə yanacağı istehsal edən ilk ölkə olacağıq", - o bildirib.

Nazir qeyd edib ki, hökumət yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uran yanacağının istehsalına başlamaq üçün 300 milyon funt sterlinq (380 milyon dollar) ayıracaq. Onun sözlərinə görə, Birləşmiş Krallıq 2050-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının dörddə birini ödəyəcək 24 GVt təmiz nüvə enerjisi istehsal etməyə ümid edir.

Qeyd edək ki, 2022-ci ilin iyununda Böyük Yeddilik ölkələrinin liderləri birgə bəyanatda Rusiyadan mülki nüvə texnologiyalarından və digər əlaqəli məhsullardan asılılığı azaltmaq qərarlarını açıqlayıblar. Xüsusilə, onlar nüvə yanacağı tədarük zəncirlərini diversifikasiya etmək istəyən ölkələrə kömək etmək üçün birgə işləmək barədə razılığa gəliblər.

Musavat.com

07.01.2024 17:05
679