Boşanmalardan daha çox uşaqlar əziyyət çəkir

Ekspert: “Rəsmi nikahsız yaşayıb, boşananların və ortalıqda qalan uşaqların sayı da çoxdur” 

Bir neçə gün öncə Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.

Təbii ki, boşanma səbəbləri müxtəlif olur.  Mütəxəssislər boşanmaların artmasını əsasən ailə quran gənclərin xarakterlərinin uyğun gəlməməsi, psixoloji, iqtisadi və s. kimi səbəblərlə izah edirlər.

Amma təbii ki, bu məsələdə ən çox əziyyət çəkən demək olar ki, uşaqlar olur. Aparılan araşdırmalara görə uşaqların  boşanma öncəsindən başlayaraq, boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bildikləri ortaya çıxmışdır. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da, ortaya çıxar hətta bu travma illər sonra da davam edə bilər.

Boşanmış ailələrdə uşaqlar daha çox bu travmalarla üz-üzə qalır:

- Ana-ata arasında xəbər daşımaq məcburiyyətində qalmaq;

- Valideynlərinin bir-birlərini günahlandırmasını eşitmək məcburiyyətində qalmaq;

- Ana və ya atanın həddindən artıq qəmginliyinə, əsəbiliyinə, emosional çökməsinə şahid olmaq;

- Valideynlərindən biri ilə görüşməmək,onun üçün darıxmaq;

- Yaşananlar üçün özünü günahlandırmaq;

- Valideynlər arasında davam edən düşmənçilik (bu təməl stress faktorlarındandır);

Boşanmadan öncəki və sonrakı qalmaqalların uşaqlara necə mənfi təsir göstərdiyini belə bir statistikada görə bilərik: 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır.

Həmçinin tədqiqatlar onu göstərir ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar. Bu, onlarda hər hansısa bir münasibətə girərkən özünəinamın aşağı olması, evlilik qorxusunun olması ilə göstərir.

Uşaq psixoloqları bir daha qeyd edirlər ki, günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur. Və hətta bəzi məlumatlara görə nikahın pozulması oğlan uşaqlarına daha çox mənfi təsir göstərir.

Uşaqlarda valideynlərin boşanması ilə əlaqədar stressin verdiyi nəticələr bunlardır:

- Gündəlik həyata uyğunlaşmasının pozulması;

- Sevgi və sədaqət haqqında təsəvvürlərin dəyişilməsi.

Bu, yaşından asılı olaraq valideynlərin boşanması özünü müxtəlif şəkildə göstərə bilər.

Psixoloqların və həkimlərin birgə apardıqları tədqiqatlara görə, bəzi hallarda boşanma südəmər uşağın həlak olmasına da apara bilər, çünki uşaq anası ilə simbiozda (bağlılıqda) olur. Həlak olmasının səbəbi ondadır ki, ana stressdə olur və uşağa olduğu dərəcədə qayğı göstərə bilmir, məsələn, südverən analarda stresslə bağlı olaraq süd çox miqdarda azalır.

Bütövlükdə, kiçik uşaqlar öz narahatlıqları barədə böyüklərə yalnız bir üsulla xəbər verə bilərlər - xəstələnmək. Ekzemalar, qastritlər, pəltəkləmə, zəhlə tökən hərəkətlər - uşaqların daxili gərginliyinin ən tipik təzahürləridir.

Bu dövrdə boşanmaya aid reaksiyalar: imtina (qidadan, oyunlardan, bağçaya və ya küçəyə yürüş), özünü qiymətləndirmənin aşağı olması, diqqət çatismamazlığı.

Uşaqlar üçün - boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri valideynlərin boşanması kəskin narahat edir. Təxminən valideynlərin boşanmasından bir il sonra bütün problemlər hamarlanır və uşağın emosional vəziyyəti bərpa olunmağa başlayır. Bu yalnız bir şərtlə mümkündür ki, əgər uşaq valideynlərin sevgisini, öz əhəmiyyətini, təhlükəsizliyi hiss edirsə və o tək deyil.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb. Uşaq hüquqlarının müdafiəçisi qeyd edib ki, bir neçə gün öncə sığınacağa 5 uşaq qəbul ediblər: “Bir ana deyirdi ki, ”uşaqlarıma baxa bilmirəm", digər 2 uşağın anası başqa kişidən hamilə idi, uşaqlara atası baxırdı, atası da deyirdi ki, “mən baxa bilmirəm, dövlət baxsın”. Dövlət Statistika Komitəsi hələ rəsmi nikahların pozulmasını qeyd edir, amma rəsmi nikahsız yaşayıb, boşananların və ortalıqda qalan uşaqların sayı da çoxdur. Bütün bunları bir araya gətirəndə çox faciəvi bir səhnə yaranır.

Bəli, bu məsələdən ən çox təsirlənən, travma alan uşaqlardır. Çünki uşaqlar ortalıqda qalır. Bir məsuliyyətsizlik çox ciddi davranış pozuntusu ilə böyüyən uşaqlar formalaşdırır. Son illərdə sığınacağımıza gələn uşaqların davranışlarında ciddi problemləri müşahidə edirik. Çünki davamlı olaraq münaqişələrin, şiddətin, zorakılığın içində olublar. Nəticədə cəmiyyət üçün aqressiv gənc nəsil yetişməkdədir və bu çox ciddi bir siqnaldır".

Hazırladı: Xalidə GƏRAY

 

19.08.2023 09:21
1737