Bölgələrdə “xalq qalmadı”, Bakıda isə iş yerləri...

Rəsmi rəqəmlərə görə, yeni açılan iş imkanlarının yalnız 19,6 faizi bölgələrin payına düşür

İllərdir bölgələrdən Bakıya axının qarşısının alınması ilə bağlı danışılır, müxtəlif fikirlər səsləndirilir və təkliflər verilir. Hətta bu problemin həlli ilə bağlı dövlət proqramları da qəbul edilib. Bunlardan biri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır  və məqsəd o idi ki, regionların sosial-iqtisadi durumu düzəldikcə, insanlar işlə təmin olunacaq və paytaxta kütləvi axının qarşısı alınacaq. Amma biz reallıqda bunun tam əksini gördük, artıq il 2023-dür, həmin dövlət proqramının həyata keçirilməsi üçün qoyulan müddət də bitir, amma hələ də vəziyyət eynidir. 

Hazırda demək olar ki, rayonlarda, ucqar kəndlərdə az-az adama rast gəlmək olur. Elə kəndlər var ki, hətta orada bir, ya iki sakin yaşayır. Kəndlilər bunun səbəbi kimi qeyd edirlər ki, kənd təsərrüfatı ilə, maldarlıqla məşğul ola bilmirlər, əldə etdikləri də zərəri heç ödəmir. 

Bizimyol.info yazır ki, Azərbaycanda yeni iş yerlərinin əksəriyyəti Bakıda açılır. Rəsmi rəqəmlərə görə, yeni iş imkanlarının yalnız 19,6 faizi bölgələrin payına düşür. Yəni bu istiqamətdə 80 faizdən çox yenilik Bakıda olur. Azərbaycanda ilin ilk 9 ayı ərzində 60 min 906 yeni iş yerinin açıldığı iddia edilir. Bunun 12 mindən azı bölgələrin payına düşür. Yeni iş yerləri ilə bağlı statistika göstərir ki, bölgələrə münasibətdə böyük laqeydlik var. Sanki ölkə Bakıdan və Abşeron yarımadasından ibarətdir. Bölgə camaatı iş axtarışındadır. Kəndlər işsizlik üzündən boşalır. 

İqtisadçı, beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Dövlət Statistika Komitəsinin 2023-cü il iyulun 1-nə olan məlumatına əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər təşkil edir, onlardan 4 milyon 934,5 min nəfərinin məşğul əhali, yalnız 289,8 min nəfərinin yəni 5,5%-nin işsiz olduğu qeyd edilir: “Dövlət Məşğulluq Agentliyinin göstəricilərinə nəzər yetirsək, 2019-cu il üzrə agentliyin yerli qurumlarında işsiz statusu verilmiş şəxslərin sayı 81,272 nəfər göstərilir. İki dövlət qurumunun göstəriciləri arasında 256,58 faizlik bir fərq var, hansı ki, bu böyük bir fərqdir. Fikrimcə, hər iki dövlət qurumunun açıqladığı rəqəmlər həqiqəti əks etdirmir. Məlumdur ki, Dövlət Statistika Komitəsi işsizlərin sayını sorğu əsasında hazırlayır, Dövlət Məşğulluq Agentliyi isə işsiz kimi rəsmi qeydiyyata alınmış əhali sayını açıqlayır. Dövlət Statistika Komitəsi hər rayon və ya şəhərdəki əhalinin cəmi 1%-ni sorğuya cəlb edir. Sorğu zamanı respondentlərdən son bir ayda iş axtarıb-axtarmadıqları soruşulur, şəxs son bir ayda iş axtarmayıbsa, işsiz kateqoriyasına daxil edilmir. Digər tərəfdən, bir şəxsin işsiz sayılması üçün son bir ayda Dövlət Məşğulluq Xidmətinə müraciət etmiş olması tələb olunur. Bilirik ki, ölkədəki işsizlərin çox cüzi hissəsi məşğulluq xidmətində qeydiyyata düşür. 

“Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq, mülkiyyətində torpaq payı olanlar işsiz sayılmamaqdadır. İş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıranlar, mövsümlük işlərdə işləyənlər, evdar qadınlar, işləməyə hazır olan tələbələr, günəmuzd işləyənlər və minlərlə bu kimi insanlar işsiz kateqoriyasına daxil edilmir. Bütün bu faktorlar işsiz əhalinin real sayını azaltmış olur. O cümlədən “İşsizlərin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”na əsasən, məşğulluq mərkəzində qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzası çəkənlər, muzdla işləyənlər, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar və s. işsiz sayılmır. Təbii olaraq, bütün bu kimi hallar işsizlərin sayı ilə bağlı həqiqi rəqəmlərin ortaya çıxmasına əngəl olur.

Xatırlayırsınızsa, COVİD-19 pandemiyasının iqtisadi zərərlərini minimuma endirmək üçün hökumət 2020-ci ildə Tədbirlər Planı hazırladı. Plana əsasən, işsiz əhaliyə 190 manat həcmində birdəfəlik ödəniş verilməsi nəzərdə tutulurdu. Müavinət almaq üçün işsiz əhalinin, əvvəl olduğu kimi, Dövlət Məşğulluq Xidmətinə gedərək deyil, online qeydiyyata düşməsi tələb olunurdu. İnsanlar heç bir yerə getmədən evlərindən internet vasitəsilə qeydiyyatdan keçdilər və nəticədə işsizlərin sayında birdən-birə artım baş verdi. Bütün bu faktorlar onu deməyə əsas verir ki, işsizlərin sayı ilə bağlı açıqlanan rəqəmlər həqiqi deyil. Əgər problemi həll etmək istəyiriksə, o zaman doğruları ortaya çıxarmalıyıq".

Məhkəmələrə müraciətlər artdı -

Vüsalə Əhmədova

V.Əhmədova əlavə edib ki, işsizlik faizi hesablanarkən Beynəlxalq Əmək Təşklatının (İnternational Labour Organization) standart hesablama metodlarından istifadə olunmasının daha məqsədəuyğun olacağını düşünür: “BƏT-ə görə 15 yaşdan yuxarı olan, tam iş günü əsasında hər hansı bir işdə işləməyən və son üç ayda iş axtarmış olan əhali kəsimi işsiz sayılır. İnkişaf etmiş ölkələrdə bir şəxsin işsiz sayılması üçün son üç ayda məşğulluq xidmətinə müraciət etmiş olması tələb olunduğu halda, bizdə bu müddət 1 ay olaraq müəyyən edilib. İnkişaf etmiş ölkələrdə iş tapacaqlarına ümidləri yüksək olan insanlar müraciətlərini mütəmadi yenilədikləri halda belə, həmin ölkələrdə müddət 3 ay olaraq müəyyən edilir. Ölkəmizdə iş tapacaqlarına ümidi olmayan insanlardan hər ay iş üçün müraciətlərini yeniləmələrini gözləmək sadəlövhlük olardı. İlk dəfə iş axtaranlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar, ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olanlar, hərbi xidmətdə olanlar, azadlıqdan məhrumetmə cəzası çəkənlər, iş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıranlar, mövsümlük işlərdə işləyənlər, evdar qadınlar, təqaüdçülər, işləməyə hazır olan tələbələr və ya əlillər, günəmuzd işləyənlər, 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər və minlərlə bu kimi şəxslər işsiz sayılmır. Sistemin ən önəmli çatışmazlığı da məhz budur, yanıltıcı rəqəmlər. 

Həmçinin də minlərlə yeni iş yerlərinin açılması ilə bağlı statistikanın da real olduğuna şübhə ilə yanaşıram. Məsələn, həmin iş yerləri iqtisadiyyatın hansı sektorlarında, hansı ixtisas, peşə sahələrində açılıb? Və ya həmin iş yerlərində əmək haqqı səviyyəsi necədir? Bütün bunlar ictimaiyyətə açıqlanmalıdır ki, real vəziyyəti görə bilək. Fiziki şəxslərin dövlət qeydiyyatına alınması qaydaları sadələşdirildikdən sonra minlərlə insan VÖEN sahibi oldu. Hansı ki, əksəriyyəti deaktivdir. Bütün bu şəxslər ayrılıqda sahibkarlıq subyektləri kimi statistikaya daxil edilirsə, vəziyyət aydındır".

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

Eyyub Kərimli 

İqtisadçı ekspert Eyyub Kərimli isə deyib ki, bu gün bölgələrdə iş yerləri məhduddur və buna görə də insanlar qazanc əldə etmək üçün bölgələrdən paytaxta üz tuturlar: “Həmçinin biznes qurmağın daha səmərəli və gəlirli olması baxımından da Bakı cəlbedicidir. Bunun qarşısını almaq üçün Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır. Regionların tarazlı və dinamik inkişafı təmin edilməlidir. Rayonlarda daha çox istehsal və emal müəssisələrinin açılmasına şərait yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün stimullaşdırıcı tədbirlərə, güzəştli kreditlərə böyük ehtiyac var. Bütün bu məsələlər öz həllini tapsa, bölgələrdən paytaxta axın da azalar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

29.11.2023 13:30
2296