Milli Məclis hökumətin iştirakı ilə 2024-cü ilin dövlət büdcəsini ilk oxunuşda müzakirə edərək təsdiqlədi və bu gün, 21 sentyabrda sənəd ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Deputat, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müsahibəmizdə əvvəlcə büdcə sənədindən danışdıq, həmçinin bölgəmiz, ölkəmizlə bağlı digər vacib məsələlərlə bağlı millət vəkilinin fikirlərini öyrəndik.
- Vahid bəy, 2024-cü ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsini necə qiymətləndirirsiniz? Hələ müzakirələr bitməyib və siz sənəddə hansı məsələlərin əksini tapmasını istərdiniz?
- Biz həmişə olduğu kimi, budəfəki büdcə müzakirələrində də vacib saydığımız bir sıra məsələlərə toxunduq. Bu gün bütün dünyada iqtisadiyyatın ləngiməsi prosesi gedir. Həm Rusiya-Ukrayna müharibəsi, həm İsrail-HƏMAS savaşı, həmçinin dünyanın bir sıra dövlətləri arasında münasibətlərin gərginləşməsi, o cümlədən Qarabağdakı qələbəmizi bəzi ölkələrin həzm edə bilməməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. 2024-cü ilin yekununa görə, artım və xərclər haradasa 0,8-1 faizin altında olacaq. Bu, böyük artım deyil. Həm də dünyada neftə olan asılılığın azalması, həmçinin hasilatın azalması ilə əlaqədardır. Bir vaxt var idi qazın qiyməti 3 minə qalxmışdı, indi kəskin enmələr var. Bizim ixracımızın əsas hissəsini neft və qaz təşkil etdiyi üçün müəyyən qədər problemlər yaranır. Əgər proseslər belə davam edərsə, dövlət büdcəsində daha ciddi problemlər yarana bilər. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq qeyri-neft sektorunun inkişafını daha çox qabardırıq, bu sahəyə investisiyaların qoyuluşunun artırılmasını təklif edirik. Düzdür, 2023-cü ildə bu sahədə intensiv işlər həyata keçirilib, iş yerləri açılır və sair. Amma ümumi götürəndə bu, kifayət deyil. İdxalın strukturuna baxanda görürük ki, idxalda artımlar var. 2023-də idxal 14,9 milyard dollar olub. 2024-də isə 16,1 milyard dollar həcmində planlaşdırılır, yəni 1,2 milyard çox. Amma idxal azalmalıdır. Biz o məhsulların daxildə istehsalına başlamalıyıq. Mən həm komitədə, həm də plenar iclasda qaldırdım ki, Bakı, Sumqayıt, Gəncə istisna olmaqla, iş yerlərinin açılması ilə əlaqədar bölgələrdə bizim çox ciddi problemlərimiz var. Hətta təklif etdim ki, aqroparkların, sənaye parklarının tikintisini daha çox bölgələrdə aparaq, bölgələrdə əlavə iş yerləri açılsın, insanlar paytaxta axın eləməsin. Həm də urbanizasiya prosesi müəyyən qədər stabilləşsin. Axı insanların rayonlarda iş yerləri olarsa, paytaxt bu qədər yüklənməz. Əvvəllər rayonlarda su, işıq, qaz, yol problemləri var idi. İndi bunlar müəyyən qədər həllini tapıb, bütün rayon mərkəzləri və ətraf kəndlərdə bu problemlər dövlət xətti ilə həllini tapıb. Biz regionların iqtisadi inkişafı ilə əlaqədar olaraq 4 proqram qəbul etmişik.
- Amma Bakıya axın davam edir...
- Bəli. Bu, yaxşı hal deyil. Bu problemlərin həlli çox vacibdir. Bundan əlavə, biz müharibə veteranlarına verilən 80 manatın artırılması ilə bağlı məsələ qaldırdıq. Bizə məlumat verdilər ki, bu məsələyə baxılacaq. Heç olmasa bu vəsaiti 150 manat eləmək lazımdır. Amma baxır büdcənin daxildəki imkanlarına. Ümumiyyətlə, hesab edirəm ki, belə çətin bir şəraitdə Azərbaycan hökuməti, Maliyyə, İqtisadiyyat nazirlikləri büdcəni yaxşı işləyiblər, qənaətbəxş saymaq olar. Mən məsələ qaldırdım ki, Dövlət Neft Fondundan transfert kifayət qədər çoxdur, 12,8 milyard manat. Keçən ildən 1,1 milyard manat çoxdur. Biz elə etməliyik ki, o fondu gələcək nəsillər üçün qoruyub-saxlayaq. Ona görə də qeyri-neft sektorunu yüksək səviyyədə inkişaf etdirə, əlavə dəyər gətirən məhsulların istehsalını təşkil edə bilsək, bu, çox yaxşı olar. Düzdür, İqtisadiyyat Nazirliyində bu proseslər həyata keçirilir. Təbii ki, onların da müəyyən problemləri var. Amma əsas diqqəti bölgələrə yetirmək lazımdır. Bölgələrdə iş yerlərinin açılması hökumətin prioritet məsələsi olmalıdır.
- Elə sizin də iştirakınızla deputatların hökumətə ünvanlı hansı bölgələrdə nələr etmək olar, məzmununda plan-konspekt hazırlana, təkliflər paketi göndərilə bilməzmi?
- Burada plan-konspektə ehtiyac yoxdur. Nəyə görə? Hər bölgənin özünün spesifik xüsusiyyətləri var. Məsələn, Quba-Xaçmaz meyvə-tərəvəz istehsalı ilə məşhurdur, bir az da heyvandarlıq var. Lənkəran-Astara zonası, digər zonalar da bəllidir. Burada əsas məsələ emal müəssisələrinin təşkilidir. Sovet vaxtında Quba-Xaçmaz zonasında 7-dək emal müəssisəsi var idi. Hazırda ikisi var, onlar da tam gücü ilə işləmir. Süd emalı müəssisələri var idi. Əgər biz emal müəssisələrini lazımi səviyyədə qura bilsək, insanlar daha geniş şəkildə meyvəçiliklə, tərəvəzçiliklə, heyvandarlıqla məşğul olar. 2024-cü il dövlət büdcəsinin 43 faizi sosial sahəyə gedir. 15 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən müdafiə və təhlükəsizliyə 25,5 faizi - 9,2 milyard manat ayrılır. Yəni dövlət başçısı sosial sahəyə həmişə böyük diqqət yetirir. Aldığım məlumata görə, həmişə də müzakirə gedəndə onun Prezident Administrasiyası və Nazirlər Kabinetinə göstərişi olur ki, sosial sahəyə xüsusi diqqət yetirilsin. Biz müharibəni bitirmişik, ərazi bütövlüyümüzü təmin etmişik. İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. 3 ilə yaxın keçib, artıq 12 milyarda yaxın vəsait xərcləmişik. Gələn ilə də 4 milyarda yaxın vəsait nəzərdə tutmuşuq. Həm də orada iş yerləri açılacaq, Cəbrayılda və Ağdamda sənaye parkları tikilir. Mən təklif etdim ki, orada hərbi-sənaye komplekslərinin filialları da tikilsin. Ümumi götürəndə büdcəni qənaətbəxş hesab etmək olar. Amma biz büdcənin neftdən asılılığını azaltmalıyıq. Qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirməliyik ki, bizim gələcəkdə probemlərimiz olmasın.
- Vahid bəy, qeyd etdiyiniz kimi, 2024-cü il də nəzərə alınarsa, azad olunan ərazilərə 4 il ərzində xərclənən vəsaitin ümumi həcmi 16 milyard manat olacaq. İşğal illərində Azərbaycana külli miqdarda zərər vuran Ermənistanın ödəməli olduğu təzminatın miqdarı, sizcə, hansı rəqəmlər ətrafında ola bilər?
- Müəyyən rəqəmlər səsləndirilir. Yadıma gəlir ki, bir vaxtlar Qiymətləndiricilər komissiyası var idi, rəhbəri Xanhüseyn Kazımlı idi. O vaxt 300 milyarddan söhbət gedirdi. Amma mən hesab edirəm ki, bəlkə də bundan çoxdur. İndi belə deyənlər var ki, guya Ermənistanın o qədər pulu haradadır və sair. Pulu yoxdur, ərazisi var, torpağından versin. Bu məsələlər onsuz da çəkişmə obyekti olacaq. Çünki Azərbaycan hökuməti, prokurorluq orqanları bu işlə məşğuldur. Amma bu da Ermənistanın özünü necə aparmasından asılıdır. Əgər Ermənistan yenə də silahlanmaya güc verirsə, sülh müqaviləsinin imzalanmasını uzadırsa, əlbəttə, Azərbaycan heç vaxt güzəştə getməyəcək və beynəlxalq məhkəmələrdə öz haqqını tələb edəcək. Amma tez bir zamanda sülh müqaviləsi imzalansa - məsələn, bu ilin sonunadək nə isə olacağına dair gözləntilər var idi - o halda güzəştli mövqe ola bilər.
- Amma ABŞ və Fransa başda olmaqla, Avropa İttifaqı sülhə imkan vermir. Bu vəziyyətdə sülh imzalana bilərmi?
- Ümumiyyətlə, sülh imzalanmalıdır. Əgər kənardan müdaxilə olmasa, Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalayacaq. Çox təəssüf ki, kənardan müdaxilələr var.
- Qərblə Rusiya arasında dava gedir. Sülhün imzalanacağı masa, sizcə, harada qoyulacaq?
“Ola bilər ki, Azərbaycanı kimsə müharibəyə sürükləmək istəsin” |
- Rusiya istəyir ki, Moskvada imzalansın. Amma cənab Prezident Tiflislə bağlı təklif verdi. İndi baxırıq ki, Gürcüstan Ermənistana silahların, zirehli texnikanın öz ərazisindən aparılmasına imkan yaratdı. Dünyada elə ciddi proseslər gedir ki, dostla düşməni ayırmaq çox çətindir. Mən gözləmirdim ki, Gürcüstan belə bir hərəkət edə bilər. Çünki bizim kommunikasiya xətlərimiz, neft, qaz hamısı oradan keçir və Azərbaycandan kifayət qədər dividentlər götürürlər. Gürcüstan bunu dəyərləndirə bilmədi. Belə hərəkət qəbulolunmazdır. Bu vaxta qədər gözlədin, icazə vermədin, amma Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra belə bir addım atırsan. Baxıram ki, Gürcüstanın müdafiə naziri gedib Paşinyanla görüşüb, özü də belə həssas məqamda.
- Hansı ki, Azərbaycanın hesabına Gürcüstan böyük vəsaitlər əldə edir...
- O vaxt Gürcüstan marşrutu bizim yeganə çıxış yolumuz idi. Ulu öndərin və cənab prezidentin dövründə verilən bu qərarlar tamamilə doğru idi. 1994-cü ildə kontraktı imzaladıq, 2010-cu ildən vəsaitlər Azərbaycana daxil olmağa başladı. O vəsaitlər və əldə olunan atəşkəs olmasaydı, bu gün belə bir orduya sahib ola bilməzdik. Deməzdim ki, Gürcüstanın Azərbaycanla münasibətlərində problemlər olub. Elə son hadisəyədək normal münasibətlərdəydik. Cənab Prezident orada yüksək səviyyədə qarşılandı. Amma indiki həssas dönəmdə bu hərəkət doğru deyildi. Bizim kifayət qədər əməkdaşlığımız, həmçinin orada yaşayan çoxsaylı soydaşlarımız var. Bir məsələni deyim: Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman çalışır ki, qonşularla münasibətləri stabil qoruyub-saxlasın. Gördünüz, İran son illərdə bizə qarşı nə oyunlar qururdu? Amma yenə də Azərbaycan Prezidenti Xudafərin körpüsünün qarşısında dedi ki, İran bizim qonşumuzdur, bizim münasibətlərimiz bundan sonra da yüksək səviyyədə olacaq. Yəni dövlət başçısı açıq siyasət aparır, pərdə arxasında bir söz, efirdə başqa söz demir. Cənab İlham Əliyev dövlətin, millətin maraqlarını nəzərə alaraq, siyasət yürüdür, çox dövlətlər bunu qəbul eləmir. Çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmir. Düşünürlər ki, necə oldu Şuşa kimi bir qalanı işğaldan azad etdilər?
- Ermənistanın işğalı altında qalan 8 kənd və Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədir?
- O da gündəmdədir. Yəqin ki, danışıqlar yolu ilə həllini tapacaq. Zəngəzur dəhlizi problemli məsələdir, amma dəhliz açılacaq. İran, ya Ermənistan ərazisindən açılacaq, amma açılacaq. Məni İranın da mövqeyi narahat edir. Bugünlərdə cənab Prezident iranlı həmkarı ilə görüşdü, çox müsbət fikirlər səsləndi. Amma bir-iki gün keçdi, İran daxilində Azərbaycan əleyhinə fikirlər səslənməyə başladı, bu qəbuledilməzdir.
- Növbəti savaşı, toqquşmanı necə, gözləyirsiniz?
- Mən gözləmirəm və inanmıram. Cənab Prezident paradda da bildirdi ki, biz istədiyimizə nail olmuşuq, ərazi bütövlüyümüzü təmin etmişik. Ona görə də bizim heç bir problemimiz qalmayıb. Ola bilər ki, Azərbaycanı kimsə müharibəyə sürükləmək istəsin.
- Türkiyə Ağdamdakı hərbi kontingentinin Ağdamda missiyasını daha bir il müddətinə uzatdı. Sizcə, bundan sonra hansı addımlar atılmalıdır?
- Ümumiyyətlə, Qarabağ məsələsində diqqətçəkən bir neçə məqam var. Birincisi, Rusiya sülhməramlılarının orda qalmasıdı. Məlumata görə, Qarabağda 100-ə yaxın erməni qalıb. Bundan sonra rus hərbçilərin missiyası nədən ibarətdir? Atəş yox, problem yox. Onlar Qarabağdan getməlidir! Rəcəb Tayyib Ərdoğan da bir neçə ay əvvəl dedi ki, onlar Qarabağdan gedəcək. Bu məsələ gündəmdə olmalıdır. İkincisi, Azərbaycan – Türkiyə münasibətləri daha da dərinləşməlidir. Demirəm burda baza qurulmalıdır. Amma Türkiyə NATO-nun 5 güclü dövlətlərindən biridir. Ona görə də Azərbaycan Türkiyənin hərbi gücündən istifadə etməlidir. Türkiyə istehsalı olan texnikalar, qardaş ölkə ordusunun hərbi taksikası və sairdən. Düzdür, iki qardaş ölkənin müdafiə nazirlikləri arasında əlaqələr güclüdür, çox ciddi işlər gedir. Birgə təlimlər, təhsil mübadiləsi və sair. Amma bu işləri genişləndirmək lazımdır. Əslində bunları deməyə ehtiyac yoxdur. Çünki iki dövlət başçısının həm dost münasibətləri var, həmçinin ikisinin də münasibətləri üst-üstə düşür. Üstəlik, Şuşa Bəyannaməsi bizim üçün çox mühüm sənəddir. Bəzən soruşurlar ki, necə oldu Azəraycan Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı, sonra da Rusiya ilə məlum sənədi imzaladı? Birincisi, siyasətdə hər şeyi tez bir zamanda anlamaq çox çətindir. İlham Əliyev çox uzaqgörən siyasətçidir.
- Əslində bu, Azərbaycan üçün təhlükəsizlik çətidir idi...
- Bəli, tamamilə doğrudur. O vaxt üçün balans siyasəti üçün bu addım çox lazım idi.
- Sizcə, Rusiya Ermənistanı yenidən işğal edəcək, yoxsa, çıxıb gedəcək?
- Mən inanmıram ki, Rusiya Ermənistanda nəsə bir hərəkət eləsin. Çünki dünya gücləri buna imkan verməz. Ermənistan artıq qəti qərarını verib. Paşinyan artıq MDB və KTMT-nin iclaslarını da boykot edir. Görünür Qərbdən təminat alıb, ona görə də belə addımlar atır. Özü də bütün bu hadisələr bizim 19 sentyabr əməliyyatımızdan sonra başladı. Xüsusilə də Xankəndidə cənab prezident Azərbaycan bayrağını ucaldandan, hərbi parad keçirəndən sonra...Bu hadisələr onlar üçün böyük məğlubiyyət idi. Bu günlərdə də Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Azərbaycan çox qüdrətli dövlətdir, bu ölkə ilə davranarkən ehtiyatlı olmaq lazımdır. Həm də açıq danışaq, Azərbaycan həmişə Qərbə yaxşı olub axı. Rusiya ilə Qərb arasında problemlər yarananda dövlət başçısının tapşırığı əsasında Azərbaycan bir sıra dövlətlərə qazla bağlı yardım elədi, onları qışdan çıxartdı.
- Budəfəki qış ərəfəsində Azərbaycandan istəkləri nədir? Rusiya ilə Qərb arasında seçim tələbi var?
- Məncə, bizim Rusiya ilə əməkdaşlığımız Qərb tərəfindən o qədər də qəbul olunmur. Amma Rusiya bizim qonşumuzdur, nə biz burdan köçənik, nə də onlar.
- Bəs, burda erməni amilinin rolu nə dərəcədədir? Yaxud ermənilərin Qarabağa qaytarılması...
- Çox böyükdür. Ermənilərin Qarabağa qaytarılmasına bizim dövlətimiz heç vaxt etiraz etməyib ki. Hətta ermənilər Qarabağdan köçəndə də Azərbaycan onları getməyə qoymurdu, miqrasiya xidməti açıldı ki, qalmaq istəyənlər pasport alsınlar, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Yəni Azərbaycanın qanunlarına tabe olan istənilən erməni orda yaşaya bilər. Düzdür, bu, gələcəkdə bizə müəyyən problemlər yarada bilər, 10-20 ildən sonra...Amma şərait var, yaşamaları üçün də problem yoxdur. Ümumiyyətlə, “erməni kartı”ndan, Azərbaycan-Ermənistan münasibətlərindən sui-istifadə edən dövlətlər kifayət qədərdir. İstəyirlər ki, ümumiyyətlə, barışıq olmasın...
Elşad PAŞASOY,
“Yeni Müsavat”