Ali məktəblərin köçürülməsi bölgələrin sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər, amma...
Bir neçə gündür ki, Bakının Baş planı və bundan dolayı görüləcək işlərlə bağlı ictimaiyyətdə geniş müzakirələr aparılır. Bəzi universitetlərin paytaxtdan bölgələrə köçürülməsi məsələsi də müzakirə predmetidir.
Əgər universitetlər Bakıdan köçürülərsə, əksəriyyəti paytaxt sakinləri olan on minlərlə tələbənin rayona getmək, orada yaşamaq, kirayə qayğıları da yaranacaq. Bölgələr buna hazırdırmı, bu istiqamətdə nə kimi işlər görülməlidir?
Universitetlərin regionlara köçürülməsi bölgələrin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərə bilər.
Rizvan Fikrətoğlu
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu (herbiand.az) açıqlamasında bildirib ki, son illər Bakının hədsiz yüklənməsi, tıxacların artması və bu kimi amillər mövcud məsələni daha da aktual edir: “Universitetlərin regionlara köçürülməsi həmin ərazilərimizin inkişafına, paytaxtda tıxacların azalmasına və digər məsələlərin həllinə kömək olsa da, burada fərqli problemlər var. Maraqlıdır ki, kimsə bir fikir səsləndirəndə, davamlı olaraq, hər kəs həmin fikrin ucundan tutub sağa-sola çəkir. Məsələnin incəliyi, mahiyyəti heç kimi maraqlandırmır. Fərqinə varmaq lazımdır ki, bu universitetlər Bakıda ola-ola, yüksək səviyyəli kadrlar cəlb edildiyi halda biz dünya universitetləri reytinqlərində bir yerə çıxa bilmirik. Fərz edək ki, Bakı Dövlət Universitetini Göyçaya köçürdülər. Burada kimlər dərs deyəcək? 400-500 manata hansı alim oraya gedəcək? Göyçay və onun ətraf rayonlarında bu universitetdə dərs deyə biləcək neçə müəllim var? Həmin ərazilərdən olan alimlərin demək olar hamısı Bakıda cəmləşiblər. Universitetlərin rayonlara köçürülməsi tıxac problemlərini qismən azalda bilər, amma keyfiyyətli təhsilə zəmanət verəcəkmi? Əminliklə deyə bilərəm ki, yox. Çünki paytaxtda inkişaf edə bilməyən universitet Lerikdə inkişaf edə bilməyəcək. Yaxud Tibb Universiteti regiona köçürüləcəksə, bu, səhv olar. Müalicə işi ixtisasını oxuyan tələbə Neftçala Rayon Mərkəzi Xəstəxanasında necə praktika keçə biləcək? Mən hazırkı reallığı qiymətləndirərək bu qərardayam”.
Eyyub Kərimli
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, universitetlərin regionlara köçürülməsinin müsbət təsirləri olacaq: “Mən də bir iqtisadçı kimi bununla bağlı rəylər vermişəm. Həm də ali məktəb müəllimi kimi təkliflərimi irəli sürmüşəm. Biz digər ölkələrə də baxsaq, universitetlər şəhərdən kənarda yerləşir. Mən özüm də xarici dövlətdə təhsil almışam, orada tələbələrin sıxlığı şəhərin tıxacına səbəb olmur, həm də şəhərdə sıxlığın qarşısı alınır. Bu baxımdan, əlbəttə, universitetlərin bölgələrə və şəhər kənarına köçürülməsi şəhərdə sıxlığın, ictimai nəqliyyatın yaratdığı sıxlığı xeyli azaldacaq. Həmçinin bu regionlarda da inkişafa müsbət təsir göstərəcək. Əlbəttə, kirayə evlər, ictimai iaşə müəssisələri, xidmət müəssisələrinin çalışmasına da öz töhfəsini verəcək. Paytaxtın yükü azalacaq. Bu həm də bölgələrə bir canlanma gətirəcək. Sözsüz ki, hazırda bölgələrdə müəyyən infrastruktur var. Əgər tələbələr üçün kampuslar tikilsə, həm də bölgələrdə ictimai iaşə və xidmət sahəsinin keyfiyyətinin artırılmasına, həmçinin rabitə, internet bağlantılarının genişlənməsinə böyük ehtiyac olacaq. Çünki müasir təhsil informasiya texnologitalarının tətbiqindən asılıdır. Digər tərəfdən, hesab edirəm ki, bölgələrdə turizm imkanları da genişlənəcək, çünki tələbələr də öz vəsaitlərini xərcləyəcəklər. Bu da əyləncə mərkəzlərinin inkişafına imkan verəcək. Bir sözlə, universitetlərin bölgələrə köçürülməsi regionların canlanmasına təsir göstərəcək”.
Ekspert əlavə edib ki, regionlarda müasir standartların tətbiqi də əhəmiyyətli dərəcədə vacibdir: “Çünki universitet bilik mənbəyidir, müasir tətbiqlərin, araşdırmaların mənbəyidir. Bu baxımdan, bu, təqdirəlayiq hal olar. Həm paytaxtın yükünün azaldılması, həm də bölgələrin iqtisadi, mədəni və sosial inkişafına əhəmiyyətli təsirləri olar”.
Hazırladı: Afaq MİRAYİQ