BMT məhkəməsi Qəzzada soyqırım olub-olmadığını müəyyən edəcək

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzza zolağında soyqırım və müharibə cinayətləri ittihamı ilə İsrailə qarşı iddiasına baxmağa başlayır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu ölkə uzun müddətdir İsrailin fələstinlilərə münasibətini tənqid edir. CAR prezidenti Siril Ramafosa bu müraciəti keçmiş aparteid rejimi ilə müqayisə edərək, ölkəsinin prinsipial mövqeyi adlandırıb.

İsrail soyqırım ittihamlarını rədd edərək, müharibəni özünümüdafiə məqsədilə apardığını bildirir.

London Kral Kollecinin beynəlxalq əlaqələr üzrə müəllimi Alonso Gurmendi Dankelberq izah edir: “Soyqırım faktını təsbit etmək üçün cinayət bir insan qrupunu məhz o qrupdan olduğuna görə məhv etmək kimi konkret məqsəd daşıyaraq törədilməlidir. Bu, ən çətin hissədir. Mən İsrailin müdafiəsinin buna diqqət yetirəcəyini gözləyirəm”.

Soyqırım iddiasının həlli illər çəkə bilər. CAR İsraili bölgədə hərbi əməliyyatları dərhal dayandırmağa məcbur edəcək müvəqqəti məhkəmə qərarı tələb edib.

Ola bilər ki, bir neçə həftə ərzində bu məsələ ilə bağlı qərar verilsin.

Lakin İsrailin bunu yerinə yetirəcəyinə heç bir zəmanət yoxdur.

“Heç bir beynəlxalq polis yoxdur ki, sizin qapınızı döyüb hakimin əmrini pozduğunuzu və məhkəməyə hörmətsizlik və ya buna bənzər bir şeyə görə həbs olunduğunuzu deyə bilsin”, - ekspert davam edir. "Beləliklə, hər şey digər dövlətlərin nə edə biləcəyindən asılıdır".

Dekabrın 29-da CAR İsrailin Qəzza zolağındakı hərəkətləri və Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyanı mümkün pozması ilə bağlı Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

CAR-ın iddiası ilə bağlı ilk dinləmələr yanvarın 11-də Haaqada başlayacaq. Bu gün Afrika ölkəsini təmsil edən bir qrup hüquqşünas öz mövqeyini təqdim edəcək. CAR hüquq dairələrinin fikrincə, onlar məhkəmədən müvəqqəti tədbir kimi İsrailin Qəzza zolağında bütün hərbi əməliyyatlarını dayandırmaq əmrinin dərhal verilməsini və yalnız bundan sonra işi mahiyyəti üzrə davam etdirməsini tələb etmək niyyətindədirlər.

Musavat.com

11.01.2024 11:13
502