ABŞ-ın baş diplomatı Doha danışıqlarında nəticəsizliyə baxmayaraq, yenidən Tel-Əvivə gedib, Bayden də ümidlidir, lakin Netanyahunun son bəyanatı HƏMAS-ı qəzəbləndirib
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib. Xarici media bildirib ki, bu, 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Entoni Blinkenin İsrailə doqquzuncu səfəridir. Blinkenin avqustun 19-da İsrail baş naziri Binyamin Netanyahu ilə görüşü planlaşdırılıb. Dohada ötən həftəsonu keçirilən atəşkəs görüşündə bir nəticə əldə edilməməsinə rəğmən, Blinkenin İsrailə gəlməsi maraq doğurur. ABŞ prezidenti Co Bayden isə hesab edir ki, Qəzza zolağında İsrail və HƏMAS hərəkatı arasında atəşkəs əldə etmək hələ də mümkündür. O, bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib. Ağ Evin mətbuat fondunun məlumatına görə, ABŞ lideri saziş üzərində işin hələ də davam etdiyini deyib. “Biz təslim olmuruq, bu, hələ də mümkündür”, - o, razılaşmalara toxunaraq deyib.
İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin tərəfi ilə razılaşma əldə olunması imkanlarının məhdudluğu barədə bəyanatından sonra HƏMAS ABŞ-ın girovların mübadiləsi təklifini rədd etdiyini açıqlayıb. Bu barədə İsrail tərəfini danışıqlarda təmsil edən şəxslərdən biri deyib. O bildirib ki, baş nazir Benyamin Netanyahu hazırkı mövqeyində israr etsə, razılaşma baş tutmayacaq. Başqa sözlə desək, Netanyahunun mövqeyi uğurlu nəticə imkanlarını məhdudlaşdırıb. Öz növbəsində Netanyahu da müzakirələrin müsbət nəticə verəcəyinə inanmadığını bildirib.
Bununla belə, ABŞ prezidenti Bayden tərəflər arasında danışıqların uğurla yekunlaşacağına inamını ifadə edib. Netanyahu İsrail ordusunun Qəzza sektoru ilə kəsişmədəki Filadelfiya xəttində qalmasında israr edir, lakin Fələstin tərəfi bu vəziyyətin gərginliyi daha da artıracağında israrlıdır. HƏMAS rəhbərliyi bəyan edir ki, sonradan irəli sürülən bu şərt girovların mübadiləsi üzrə təkliflər paketində göstərilməyib. Blinkenin İsraildə olduğu vaxtda isə ölkənin müdafiə qüvvələri Livan ərazisindən atılan bir neçə hava hədəfinin vurulduğunu bildirib. Livan istiqamətindən uçan bir neçə şübhəli hava hədəfi aşkar edilib. İDF-in hava hücumundan müdafiə sistemi hədəflərin bəzilərini uğurla ələ keçirib, digərləri isə Yaara yaşayış məntəqəsi ərazisinə düşüb.
Qəzza zolağında isə vəziyyət ağır olaraq qalır. Qəzzanın şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır. Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb. Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq. “Bütün əməliyyatlar, ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdəndir”, - deyə o bildirib. Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında da yanacaq çatışmazlığından xəbər verib. Bu tibb müəssisəsi də yanacaq və dərman çatışmazlığı səbəbilə növbəti 24 saat ərzində fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
Qabil Hüseynli
Professor Qabil Hüseynli Qəzzada atəşkəsin tezliklə əldə olunacağına ümid bəsləmir. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar İsrailə qarşı müüqavimət göstərməkdə radikal baxışlara malikdir. Professorun sözlərinə görə, girovlar qarşılıqlı şəkildə mübadilə edilməyənədək hər iki tərəf döyüşləri davam etdirəcək: “HƏMAS-ın kənar güclərdən dəstəyi olmasaydı, çoxdan demilitarizasiya edilmişdi. İsrail hərbi əməliyyatlar nəticəsində xeyli sayda fələstinli döyüşçü öldürüb, Qəzzanın böyük bir hissəsini ələ keçirib, amma yetərli deyil və HƏMAS-ın əlində siyasi-hərbi güc qalmaqdadır. Ona görə İsrail ordusu nə qədər döyüşməlidir ki, HƏMAS Qəzzada tamamilə silinsin... Çünki fələstinlilər döyüşlərdə iştirak edirlər, xalq özü prosesə qoşulur. Çox çətin olacaq və atəşkəs ümidləri azalır. Bununla belə, şans itirilməyib, sadəcə, İsrail terrorçu elan edib həbsdə saxladığı həmin fələstinliləri HƏMAS-a təhvil verməlidir, buna da Netanyahu getməz”.
Q.Hüseynli hesab edir ki, Netanyahu mütəffiqlərini eşitmir və Blinkenin son səfəri də nəticəni dəyişməyəcək: “ABŞ İsraili yola gətirmək istəyir. Vaşinqtona Yaxın Şərqdə müharibə lazım deyil. Onun əsas diqqəti Rusiyanın ərazilərində gedən döyüşlərə yönəlib. O səbəbdən Blinken hər səfərində Netanyahunu razı salmağa çalışır, amma yəhudi baş nazir inadından dönmür. Zənnimcə, Qəzza müharibəsi hələ davam edəcək. İsrail HƏMAS-ı məhv etmək yolunu tutub. Eyni zamanda İran və bəzi ərəb ölkələrinin dəstəyi azalmayıb. Yəni HƏMAS və Hizbullah kimi proksi hərbi qanadlar vasitəsilə İsrail dövlətinə qarşı müharibə aparılır. O baxımdan Qəzzada atəşkəs üçün danışıqların bir müddət davam etdiriləcəyini gözləyirəm. Qahirədən sonra Doha danışıqları da nəticə vermirsə, İsrailin hədəfi aydındır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”