Bizi kimlər zəhərləyir? – Azərbaycanda dönərxanalar Əzrayılla yarışa girib

Xəbər verildiyi kimi, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.

eyyub son.PNG (353 KB)

Məsələ ilə bağlı Musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dönərlər xüsusi qaydalarla hazırlanmalıdır:

“Azərbaycanda isə heç bir dönərxana buna əməl etmir. Dönərlər bəzi ölkələrdə, o cümlədən Mərkəzi Avropada, Almaniyada və İsveçrədə də hazırlanır. Lakin orada dönərlərin hazırlanması şəffaf şəkildə aparılır. Azərbaycanda isə vəziyyət bir az qəlizdir. Dönərləri hazırlamaq üçün ölkədə iki müəssisə müəyyən olunub. “Azprotein Foods Group” MMC və “Səhliyalı” MMC-nin müəssisələrində qaydalara uyğun olaraq dönərlərin ətləri hazırlanır. Dönərin əti şişə taxılır, mənfi 40 dərəcə şok dondurmadan keçirən aparatlara qoyulur. Mənfi 40 dərəcə şok dondurma bir çox heyvan xəstəliklərini məhv edir. Şok dondurmadan çıxandan sonra ətin üzəri qapadılır və karton yeşiklərə qoyulur. Bundan sonra xüsusi avtomobillərdə soyuq şəkildə dönərxanalara çatdırılır. Lakin monitorinqlər göstərir ki, ölkədə fəaliyyət göstərən dönərxanaların heç bir faizi də oradan ət almır. Əksinə, dönərin ətinin hazırlanması prosesini özləri edirlər.

Paytaxtda və bölgələrdə istənilən dönərxanaya getsək, görəcəyik ki, ətin mənbəyi barədə çoxlu sənədlər təqdim olunur. Lakin o sənədlərin satılan dönərlərin ətləri ilə hansısa əlaqəsinin olduğunu heç kim sübut edə bilməz. Dönərlər ixtisaslaşdırılmış yerlərdən alınmalıdır”.

E. Hüseynov bildirib ki, dönərin çox ucuz qiymətə olması da şübhəli məqamlardan xəbər verir:

“Bu onu göstərir ki, regionlarda olan murdar ətlər bəzən dönərxanalara verilir. Qida Təhlükəsizliyi Agentliyinin bu məsələdə əl-qolu bağlıdır, mükəmməl yoxlama mexanizmi yoxdur.

Ölkəmizdə istehlakçı hüquqları arxa plandadır. Ona görə də belə vəziyyət baş verir. Bir məsələni də qeyd edim ki, zəhərlənmə təkcə ətdən deyil, ona qatılan mayonezdən də ola bilər. Mayonez ağzı açılarsa, 5 saatdan artıq qala bilməz.

Ölkəmizdə zəhərlənmənin qeydiyyatı bərbad vəziyyətdədir. Zəhərlənmə hansı alqoritm ilə qeyd olunur? Zəhərlənən insan birbaşa səhiyyə orqanlarına gedir. Onların qeydiyyatını kimin apardığı bilinmir. Lakin zəhərlənmənin qeydiyyat siyahısı AQTA-nın saytında yerləşdirilir. Onun zəhərlənmələrə dair statistikası ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Belə çıxır ki, biz dünyanın ən xoşbəxt, zəhərlənməyən xalqıyıq. Dünyada hər il 10 nəfərdən biri zəhərlənməyə məruz qalır. Orta hesabla bizdə il ərzində 1 milyon zəhərlənmə olmalıdır.

Mən 100 faiz əminəm, AQTA deyəcək ki, bu, bir dönərxanada olub. Lakin onlar məhsulun mənbəyini araşdırmayacaqlar. Çünki dönərxanalara xam mal verən istənilən müəssisə AQTA-nın reyestrinə guya daxil olub. Bu, illərdir ki, davam edir. Gizlədilmə faktlarına son qoyulmalıdır. AQTA cəld yoxlama mexanizminə malik olmalıdır. Ölkədə mükəmməl istehlakçı siyasəti yox dərəcəsindədir”.

Şahanə Rəhimli
Musavat.com

11.10.2024 12:25
461