Fələstinin HƏMAS hərəkatının 7 oktyabr əməliyyatının bir ilinin tamam olmasına çox az zaman qalıb. Bütün dünyanı qarşı-qarşıya qoyan əməliyyatdan sonra İranın HƏMAS rəhbərliyinə Qolan yüksəkliyində, Cənubi Livanda, Yəməndə və İordan çayının qərb sahilində İsrailə qarşı aktiv cəbhələr açacağına söz verdiyi, lakin vədinə əməl etmədiyi üzə çıxıb.
Məlum olub ki, bu qərarlar İran rəsmiləri və Hizbullah rəhbərliyi ilə keçirilən görüşdə qəbul edilib, lakin icra mərhələsində İran səbəb göstərmədən geri çəkilib.
Adının açıqlanmasını istəməyən HƏMAS üzvü oktyabrın 7-dən sonra müəyyən ediləcək strategiya ilə bağlı xeyli sayda toplantı keçirildiyini deyib:
“Biz İsrailin bütün gücünü bir cəbhədə (Qəzzada) cəmləməsinin qarşısını almalıyıq. Bu səbəbdən biz sionist ordusunu parçalayıb, Qəzza, Livan, Qolan, Yəmən və İordan çayının qərb sahilində döyüşdürməliyik. Bu, bizim əsas strategiyamızdır. Açığı, biz Qolan və Cənubi Livanda çox güclü müqavimət gözləyirdik, lakin bu baş vermədi. Qolan cəbhəsi də açılmadı. Yəməndən atılan raketlər də İsraili dayandırmaq gücündə deyildi. Ərəb dövlətləri Qəzzanın dağıdılmasını açıq şəkildə izlədilər və təəssüf ki, bu məqamda İranın strateji tərəfdaşlığı prosesdə təsirli bir element olmadı. Üstəlik, Qəzzanı işğal edən İsrail indi də Livanı hədəfə alıb və bütün şəhərləri yandırıb-dağıdır. Sonra növbə Qolana çatacaq. Başqa sözlə, biz hələ də Hizbullahın malik olduğu bütün raketlərdən və döyüş gücündən istifadə edərək, gələcəyin necə olacağını bilmirik”.
Hərəkatın üzvü bildirib ki, İranın hətta regional miqyasda belə İsrailə qarşı cəbhə açmaq istəməməsi İsrailə daha böyük əməliyyatları həyata keçirməyə şərait yaradıb:
“Hizbullahın himayəsində olan bölgədə hərəkatımızın ən önəmli simalarından olan Salih Aruri sui-qəsd nəticəsində öldürüldü. Lakin bu məqamda ən böyük itkimiz İsmayıl Haniyə oldu. Rəhbərimiz verilən təminata əsaslanaraq getdiyi Tehranda hələ tam izah edilməmiş bir şəkildə şəhid oldu. Livanda Hizbullahın bir çox liderlərini hədəf alan bombardmanlarda Həsən Nəsrullah qətlə yetirildi. Baş verənləri heç bir şəkildə analitik şəkildə sorğulamaq olmaz. Bu qeyri-müəyyənlik müqavimətin bütün elementlərinə zərər verir”.
HƏMAS rəsmisi qeyd edib ki, Fələstin müstəqillik uğrunda mübarizəni davam etdirəcək, Qüds və Məscidül-Əqsa üçün hər şeyi qurban verəcək. Lakin onlar İranla bağlı nə baş verdiyini anlamırlar:
“Livanda yerləşdiyi iddia edilən yüksək təsirli raketlərin bir il ərzində niyə atılmaması sual doğurur. Bundan əlavə, İranın İsrailin Qolanda davam edən irəliləyişlərinə biganə qalması başqa bir təəccüblü hadisədir. 2011-ci ildə Suriyada dəhşətli qırğınlarla müşayiət olunan xalq qiyamını yatıran Əsədə ən böyük dəstəyi verən İran 7 milyon sünni müsəlmanın ölkəni tərk etməsinə şərait yaradıb. Xaraba qalmış şəhərlərdə şiə milisləri yerləşdirən Tehran rəhbərliyi Livanda artan bombardmanlara paralel olaraq Hizbullah rəhbərlərinin ailələrini Həma, Hələb, Humus, Dəməşq və Quneytra bölgələrinə köçürməyə başlayıb”.
İranda bir çox meydanlarda Hizbullahın öldürülən lideri Həsən Nəsrullahın plakatları asılarkən, prezident Məsud Pezeşkiandan diqqətçəkən açıqlama gəldi. Pezeşkian etiraf edib ki, onlar İsmayıl Haniyənin öldürülməsinə cavab verməmək müqabilində ABŞ-dən “Qəzzada atəşkəs vədi alıblar”.
İran-ABŞ-İsrail üçlüyünün proseslə bağlı hansı danışıqları apardığı və hansı razılaşmaların əldə olunduğu maraq doğurur.
Şahanə Rəhimli
Musavat.com