“Bizə qarşı birləşən ”kollektiv Qərb"dir"

Sahib Məmmədov: “Avropa Şurası heç də müqəddəs məqsədlər üçün yaranmayıb”; Hüquq müdafiəçisindən AŞ PA-nın mahiyyətini ifşa edən açıqlamalar

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) anti-Azərbaycan qərarı ilə erməni faşizminin çörəyinin üstünə yağ sürtdü, sönməkdə olan lampasına neft tökmüş oldu. Düzdür, Azərbaycan nümayəndə heyətinin Assambleyada iştirak etməməsinin ölkəmiz üçün hər hansı yan təsirləri olmayacaq və buna əsas da yoxdur. Sadəcə, Qərb təsisatlarının və paytaxtlarının qərəzli mövqe və qətnamələri son nəticədə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mane olur, revanşa meydan açır. AŞ PA-nın “dabbaqda gönünə bələd olan” insan hüquqları müdafiəçisi, vəkil Sahib Məmmədov bu mövzuda “Yeni Müsavat”a müsahibəsində sensasion açıqlamalar verdi. 

- Sahib bəy, Azərbaycan nümayəndə heyəti anti-Azərbaycan qərarının sonlanmasını gözləmədən AŞ PA-da təmsilçiliyini qeyri-müəyyən müddətədək dayandırdı. Bu qərara münasibətiniz necədir? Sizcə, nəticələr nə ola bilər?

- Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasında öz fəaliyyətini  qeyri-müəyyən müddətə dayandırması və ya AŞPA tərəfindən bizim nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması hələ ölkənin Avropa Şurasından çıxması demək deyil. Azərbaycan Avropa Şurasının Nizamnaməsini ratifikasiya edib və hələ ki, onu denonsasiya etməyib. Deməli, biz bu regional beynəlxalq təşkilatın üzvü olaraq qalırıq. Avropa Şurasının 4 əsas orqanı var. Onlardan ikisi AŞ nizamnaməsi əsasında təsis olunub. Bunlar Nazirlər Komitəsi və Parlament Assambleyasıdır. Digər ikisi isə müqavilə əsaslı orqandır. Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan Hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyası”na əsasən, Yerli və Regional Hakimiyyətlər Konqresi isə “Yerli özünüidarə haqqında Avropa Xartiyası” əsasında təsis  olunub. İndi biz bu 4 orqandan yalnız birində fəaliyyətimizi müvəqqəti dayandırmışıq. Belədə bizim Avropa Şurası qarşısındakı bütün öhdəliklərimiz yerində qalır. Avropa İnsan Hüquqları Məhkəməsinin də yurisdiksiyasında qalırıq. Üzvlük haqqı da ödəməliyik. Amma Rusiya nümayəndə heyətinin səsi məhdudlaşdırılanda onlar üzvlük haqqı verməyi dayandırmışdı. Mən də dövlətimizın belə əks addımları atmağını istərdim. Münasibət birmənalıdır. Qətnaməyə baxanda hər şey aydın olur.  “Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Assambleya özünün ”Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi" adlı 2508 (2023) saylı Qətnaməsində Laçın dəhlizi boyunca azad və təhlükəsiz hərəkətin olmamasını müəyyən edib və Azərbaycan rəhbərliyinin on aya yaxın davam edən bu vəziyyətin humanitar və insan hüquqları nöqteyi-nəzərindən çox ciddi nəticələrini qəbul etməməsindən sarsılıb". 

Bundan başqa, Assambleya özünün “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı Qətnaməsində və 2260 (2023) saylı tövsiyələrində Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçması və “etnik təmizləmə” iddialarının ortaya çıxmasına səbəb olan hərbi əməliyyatını pisləyib".

“Xristian klubu”, Fransanın, Almaniyanın təsiri alıtında olan ölkələr müsəlman Azərbaycanın bu “özbaşınalığına” dözümsüzlük göstərir. Bu, hələ son deyil. Uzaqgedən məqsədlərdən biri də COP29-u boykot etməkdir. Ən azı Qərb dövlətləri liderlərinin konfransa gəlməsinin qarşısını almağa maksimum çalışacaqlar.

- Azərbaycan nə vaxtsa quruma qayıda bilərmi və sizin fikrinizcə, hansı şərtlər altında?

- Qeyd etdiyim kimi, Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır. AŞ PA-nın bu hərəkətindən sonra ya münasibətlər yaxşılaşanadək gözləməliyik. Şərt bu ola bilər ki, AŞ PA növbəti ildə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququna qoyduğu məhdudiyyəti götürə bilər. Açığı, bu halı bizim üçün qəbulolunan saymıram. Bizim əks tədbirlərimiz səbrli, diplomatik, amma sərt olmalıdır. Yaxud daha sərt addımlar atılmalıdır. Tərəfimizdən sərt addım Avropa Şurasının nizamnaməsinə qoşulmaq haqqında qanunu ləğv etmək və denosasiya prosesinə başlamaq ola bilər. Bu halda biz həmçinin Avropa Şurasının Konvensiya və xartiyalarını da denosasiya etməli olacağıq. 

Ümumiyyətlə, biz Avropa Şurasına qəbul olunanda da ikili standartlar var idi. Amma Avropa 23 il əvvəlki Avropa deyil. Dünya da o vaxtkı dünya deyil. Azərbaycan isə tamam başqa dövlətdir. Ərazilərində suverenliyini tam bərqərar etmiş müstəqil xarici siyasəti olan bir dövlət.

- Necə hesab edirsiniz, nədən Fransa və Almaniya ölkəmizə qarşı tandem kimi çıxış etməyə başlayıb? 

- Xüsusən Qərbi Avropa və ABŞ-da ölkə rəhbərliyinə gələnlər uzaqgörən siyasətçilər deyil. “Soyuq müharibə”nin ən gərgin dövründə ABŞ və Avropa dövlətlərinə rəhbərlik edənlərin müdrikliyi çatmışdı  ki, SSRİ və sosialist düşərgəsi ilə əlaqələri “isti müharibə” həddinə çatdırmasın. Finladiyada Kekkonen  kimi lider var idi. O ölkəsini neytral saxlamaqla Qərblə SSRİ arasında körpü rolunu oynayırdı. Onun kimi liderlərin hesabına 1975-ci ilin avqustunda Helsinkidə dünyanın 35 dövləti toplaşaraq Avropada  Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsini keçirərək “Helsinki Yekun Aktı”nı qəbul edə bildi. İndi o liderlər yoxdur. Almaniya və Fransda təsadüfi şəxslər hakimiyyətə gəlib. Onlar üçün dəyərlər başqadır. Bizə qarşı birləşən “kollektiv Qərb”dir. Onları Azərbaycanın müstəqil siyasəti qane etmir. Onlar Cənub Qafqazda möhkəmlənə bilmir və bunun səbəbi Azərbaycandır. Əlbəttə, başqa səbəblər də var...

- Azərbaycan bunun ardınca Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından da qeyri-müəyyən müddətə çıxa bilərmi? Yaxud bu addımı atsa, nə olar?

- Yuxarıda qeyd etdiyim kimi, müxtəlif demarşlar və əks tədbirlər ola bilər. Amma Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxmaq üçün biz “İnsan Hüquqlarının Müdafiəsi və Əsas Azadlıqlara dair Avropa Konvensiyası”nı denonsasiya (konvensiyadan çıxmaq) etməliyik. Bundan əvvəl isə qeyd etdiyim kimi, AŞ Nizamnaməsini... Yəni üzvlükdən çıxmaqla AHİM yurisdiksiyasından da çıxmaq olar. Amma Rusiya hələ AŞ üzvü olanda məhkəmə qərarlarının statusunu endirmişdi. Yəni bir növ tövsiyə xarakterli etmişdi. Prinsipcə beynəlxalq hüquqda məcburiyyət yoxdur. Beynəlxalq hüququn 10 əsas prinsipindən biri də “öhdəliklərə könüllü əməl etmək” prinsipidir. Buna beynəlxalq hüquqda “Pacta sunt servanda” prinsipi deyilir. Amma belə bir şərt var ki, hətta dövlət AHİM yurisdiksiyasından (Avropa Şurasından) çıxsa belə, əvvəlki qərarları icra etməlidir. Amma etməsə də artıq heç bir təsir mexanizmi qalmır.

- Daha bir maraqlı detala münasibətinizi bilmək istərdik: AŞ PA-da bu ölkələr Azərbaycanın əleyhinə səs verib: Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya. Bəzi ölkələrin adlarının bu siyahıda olması sizi təəccübləndirmədi ki?

- Beynəlxalq təşkilatların parlamentlərində lobbi fəaliyyəti adı haldır. Vaxtilə biz elə həmin şuradan çox ciddi bir qətnamə əldə etmişdik. Həmin AŞ PA 2015-ci ildə  “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edib. Bundan sonra erməni lobbisi “bizimkilər”in də yaxından iştirakı ilə məlum qarayaxma kampaniyasına start verdi. “Kürü diplomatiyası” adlı məsələni şişirtməyə başladılar. Əslində isə “Caviar diplomacy” ermənilərə aiddir və ötən əsrin 70-ci illərində dövriyyəyə daxil olub. Ermənilər qlobal səviyyədə möhkəmlənmək, xarici ölkələrin dövlət xadimlərini ələ almaq, biznes uğurları qazanmaq üçün qara kürüdən istifadə edirdi. Məşhur  “Petrossian Caviar” şirkəti dünya qara kürü bazarının 25%-nə nəzarət edir.

Amma bu qətnamədən sonra onlar özlərinə məxsus bu adı uğurla bizim üstümüzə atdılar. Özü də dediyim kimi, “bizmkilər”in əli ilə. Maraqlı tərəf, məsələn, Fransa bir qətnamə qəbulu üçün zala kvoruma bəs edəcək qədər nümayəndə yığa bilər və yığdı da. Deputatlar guya müstəqildir. Bizə dost olan Serbiya kimi dövlətin də deputatlarının əleyhimizə səs verməsi bununla bağlıdır.

- Siyahlıda ən çox diqqət çəkən Britaniya, İtaliya, Moldova və Serbiyadır. Qeyd etdiyiniz kimi, hansılar ki, bizə tərəfdaş, hətta dost sayılır və Azərbaycandan neft-qaz alır, məsələn, İtaliya, Serbiya, yaxud Azərbaycandan böyük paralar qazanan Britaniya kimi. Məgər onların nümayəndələri ən azı bitərəf qala bilməzdilər? Bu ikiüzlülüyün motivi nədir?

- Əgər məsələ Avropa Şurasının Nazirlər Komitəsində baxılsaydı, o zaman diplomatların qərarı başqa olacaqdı. Burda deputatlardır və onları lobbi maraqlarına cəlb etmək asandır. Ya “əl-əli yuyar” prinsipi ilə, ya da şirnikləndirməklə.

- Yeri gəlmişkən, Azərbaycan nümayəndə heyətinin bəyanatındakı arqumentləri bölüşürsünüzmü?

- Azərbaycan nümayəndə heyətinin bəyanatındakı arqumantlərlə razıyam. Amma əlavə arqumentlər də ola bilərdi.

- Sahib bəy, ən ciddi suallardan biri budur: nədən erməni işğalı dövründə AŞ PA Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi, əksinə, o vaxtkı prezident, Xocalı hərbi canisi Robert Köçəryanı quruma dəvət edib onun AŞ PA tribunasından ağzına gələni danışmasına şərait yaratdı, onun çıxışını alqışladı? Sizin təxminləriniz nədən ibarətdir?

- Burada “xristian həmrəyliyi”ndən tutmuş Avropanın əsas dövlətlərinin maraqlarına qədər hər şey var. O cümlədən şirnikləndirmə. Dünya belədir. Nəyə isə nail olmaq istəyirsənsə həmin təsisatın oyun qaydalarına ya əməl etməlisən, ya da ordan uzaqlaşmalısan. Bizə belə təşkilatda üzv olmaq lazımdırmı? Fikrimcə, yox. Azərbaycan Avropa Şurasına üzv olanda ərazilərimizin 20%-i işğal altında idi. Neft kontraktları hələ tam gücü ilə işləmirdi. Bakı-Tibilisi-Ceyhan hələ tikilməmişdi və sair. O zaman bizlər hələ də Avropanın dəyərlərə hörmət etməsinə inanırdıq.  İkili standartların olmasına baxmayaraq ümidli idik ki, bizə qarşı baş verən ədalətsizliyə göz yumulmayacaq. İndi bizim təəccüblənmək vaxtımız deyil. Biz baş verənləri fakt kimi qəbul edib tədbirlərimizi görməliyik. 

Bir məsələni də qeyd etmək istəyirəm. Bu barədə heç yerdə deyilmir, amma mən insan hüquqlarının tarixi ilə bağlı təlim keçəndə bunu qeyd edirəm. Avropa Şurası heç də müqəddəs məqsədlər üçün yaranmayıb. İkinci Dünya Müharibəsindən sonra BMT-nin İnsan Hüquqları Komissiyası...İndi İnsan Hüquqları Şurası adlanır. O zaman “İnsan Hüquqlarının Universal Bəyannaməsini” hazırladı və bu sənəd 1948-ci ilin 10 dekabrında Baş Assambleyanın Parisdəki sessiyasında qəbul olundu. Bundan sonra dövlətlər üzərinə öhdəlik qoyan “İnsan Hüquqları haqqında Beynəlxalq Pakt” qəbul olunmalı idi. Amma o zaman BMT Təhlükəsizlik Şurası üzvü olan beş dövlətin beşi də buna maksimum mane oldu. Niyə? Ona görə ki, ABŞ belə bir sənədin qəbul olunmasını istəmirdi. Çünki ölkədə rəsmən irqi seqreqasiya mövcud idi. Qanunla qaradərililər üçün ayrı, ağ dərililər üçün ayrı idi. Böyük Britaniya və Fransa da bu sənədin qəbulunu istəmirdi, çünki onların da müstəmləkələri var idi. Hər kəsə eyni hüquqlar tanıyan bu sənədi onlar qəbul edə bilməzdi. SSRİ başdan-ayağa həbs düşərgələri və lagerlərdən ibarət idi, Çin də həm kommunist, həm totalitar ölkə idi. Ona görə 1966-cı ilə qədər bu sənəd müzakirəyə çıxarılmadı. Sonradan iki Pakta çevrildi. Nəhayət, 1966-cı ildə Baş Assambleya qəbul etdi və 1976-cı ildə bu paktlar ratifikasiya səslərini toplayıb qüvvəyə mindi. Amma Qərb dövlətləri vəziyyətdən necə çıxdı? 11 dövlət toplaşaraq Avropa Şurasını təsis etdi. Ancaq özləri üçün. Müstəmləkələrdə yaşayanlara isə bu hüquqlar tanınmadı...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

27.01.2024 16:44
2374