“Bizə dedilər ki, bura sizin şəxsi saytınız, xatirə kitabınız deyil” - Şəhidlərin məqalələri Vikipediyadan niyə silinib?

“Məqalələr tam silinmir, onlar vahid siyahılarda birləşdirilir. Bu proses mərhələli şəkildə həyata keçirilir. Aprel və sentyabr döyüşlərində, 20 Yanvar qırğınında və Xocalı faciəsində şəhid olanların ətraflı siyahısı hazırdır. İndi isə 44 günlük müharibədə şəhid olanların siyahısı təkmilləşdirilir. Vətən müharibəsində 3 minə yaxın insan şəhid olubsa, Birinci Qarabağ müharibəsində onların sayı 10 mindən çoxdur. Hər bir şəhid haqqında məqalə yaratmaq mümkünsüzdür”.

Bunu Musavat.com-a açıqlamasında Vikipediyadan 3 minə yaxın şəhid haqqında məqalənin silinməsi ilə bağlı texnobloger Fərid Pərdəşünasın yazdığı statusa cavab olaraq Vikipediya fəalı Səmral Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Ensiklopediyasında da şəhidlərin 99 faizi haqqında məqalə yoxdur.

“Çünki şəhidlər haqqında məqalənin yeri ensiklopediya deyil. Onlar üçün ayrıca xatirə kitabları olur və ya xüsusi saytlar yaradılır. Məsələn, memorial.az və ya unudulmazlar.az saytları məhz şəhidlər haqqında məlumatlar üçün nəzərdə tutulub.

Azərbaycan sovet ensiklopediyasına baxsaq, orada 1941-1945-ci il vətən müharibəsində həlak olan azərbaycanlıların 99,9 faizi haqqında məqaləsi yoxdur. Bu mümkün də deyil.

Ukraynca olan Vikipediyada Rusiya- Ukrayna müharibəsində həlak olanların siyahısını görməyəcəksiniz. Yaxud ərəbcə Vikipediyada fələstinli, yəhudicə Vikipediyada isə israilli həlak olanlar haqqında məqalə yoxdur.

Yalnız seçmə insanlar haqqında məlumatlar yerləşdirilir. Bizdə də elədir. Əlbəttə, hamımızın tanıdığı Mübariz İbrahimov, Polad Həşimov barəsində məqalə qalır.

Vətən müharibəsi qəhrəmanları, milli qəhrəmanlar və ali orden alanlar bağlı məqalələr yaradılır. Məsələn, milli qəhrəman adı verilən Natiq Qasımovun Vikipediyasını bütün dillərdə yarada bilərik. Çünki fərqləndirici xüsusiyyətləri var. Lakin 3 minə yaxın şəhidin məqaləsinin olması Vikipediya qaydalarına zidd idi. Müharibə başa çatan vaxtı məqalələri kütləvi yaratmağa başladılar. Həmin vaxt onları silə bilməzdik. Vəziyyət çox həssas idi”.

S.Quluzadə deyir ki, Vikipediyada Azərbaycan dilində 200 min məqalə var.

“Biz onları bir qəpiksiz yaratmışıq. Hökumətdən heç bir yardım almamışıq. Mən Vikipediyada fəaliyyətə başlayanda məhəlləmizdəki otelin Wi-Fi ilə girirdim. Çətinliklərlə bu işi etmişik. Altı ay telefonla redaktə etmişəm. Bir adam qapımı döyüb demədi ki, al, bu kompüteri, işlə.

Bizim adminlərdən biri Tiflisdə olanda Vikimedia fondunun əməkdaşı ona deyib ki, Azərbaycan dilində olan Vikipediyada nə hoqqa çıxarırsınız? Deyib, hər həlak olan hərbçiyə məqalə yaratmaq nə deməkdir. Bura sizin üçün xatirə kitabıdır. Şəxsi saytınız bilirsiniz?

Bizi vətənpərvər olmamaqda günahlandırırlar. Adi bir misal çəkim, Vikipediyada “Qondarma Dağlıq Qarabağ Respublikası” yazmışdıq. Bu, Vikipediya qaydalarına ziddir. Bizi buna görə ermənilər şikayət etmişdi. Vikipediyanın rəsmi şəxsləri bildirdilər ki, onda Abxaziyaya niyə qondarma yazmamısınız. Orada Gürcüstanın həssas yeridir. Bizim bu yazımıza görə, Vikipediyada 15 admin varsa, 15-ni də az qala vəzifədən azad etmişdilər. Həmin vaxt Azərbaycana Vikipediya tük üstündə idi”.

Xatırladaq ki, texnobloqer Fərid Pərdəşünas bildirib ki, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi vikipediyadan silinib.

Onun sözlərinə görə, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən silinib və buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğu əsas gətirilib:

“Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla, 5 dildə məqaləsini yaradıb. “Artsax”a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediyaya yerləşdirilib.

Qlobal vikipediyaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.

Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediyasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.

Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediyaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm”.

Şahanə Rəhimli,
Musavat.com

13.09.2024 14:02
1066