Elman Məmmədov: “Bu torpaqların əsl sahibləri bizlərik”
Bu gün işğaldan azad etdiyimiz Qarabağ torpaqlarımıza “Böyük Qayıdış” prosesi uğurla aparılmaqdadır. Fevralın 26-da Xocalı faciəsinin 32 illiyində soyqırım şəhidlərimiz həm də ilk dəfə azad edilmiş həmin ərazimizdə yad edildi.
Ali Baş Komandan İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu da “Qarabağf Böyük Qayıdış” prosesi istiqamətində atılmış növbəti ən uğurlu addımlardan biri kimi qəbul olunmaqdadır.
Dövlət başçımızın qayıdış yolunda Xocalıdan verdiyi mesajlar diqqətləri xüsusilə cəlb etdi.
2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin qayıdacaqları yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu barədə Prezident İlham Əliyev bəyan edib.
“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”, - Ali Baş Komandan Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
Prezident həmçinin qeyd edib ki, bu il həm Xocalıda, həm də Xankəndidə artıq həyat bərpa ediləcək. Bundan başqa, tezliklə Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
“Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, - Əliyev vurğulayıb
Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır. Bu fikirləri isə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-yə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq”.
Nazir onu da bildirib ki, işğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir.
E.Əmrullayev söyləyib ki, Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq invertarlaşma işləri görülür: “Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
Xocalının keçmiş icra başçısı, hazırda isə deputatı olan Elman Məmmədov keçirdiyi hissləri “Yeni Müsavat”la bölüşdü: “Fevralın 26-da Xocalıda keçirilən tədbir tarixi bir hadisə idi. Cənab Prezidentin ora səfəri, bir qrup Xocalı sakini ilə keçirdiyi görüş, Xocalı şəhidlərinin xatirəsinə ucaldılacaq çox möhtəşəm bir abidə kompleksinin təməlinin qoyulması, oradan Xankəndinə edilən səfər düşmənə və onun havadarlarına çox ciddi bir mesaj idi. Azad olunmuş torpaqlarımızda, azad olunmuş Xocalımızda bərpa-quruculuq işləri gedir. Qanları yerdə qalmayan, döyüş meydanında qanları alınan şəhidlərimizin əziz xatirəsinə abidə ucaldılacaq. Başqa işlərin görülməsi də nəzərdə tutulur. Bu ondan xəbər verir ki, bu torpaqların əsl sahibləri bizlərik. Bununla dünyaya da bir mesaj verilir. O torpaqlara biz yenidən gəldik. Ulu Öndərimizin dediyi kimi, "bir qarış torpağımızı da işğal altında qoymayacağıq". Cənab Prezident prezidentliyinin ilk günündən bu fikirləri səsləndirdi. Deyilən kimi də oldu. Hamımız bundan qürur duyuruq. Xalqımızın, millətimizin, dövlətimizin, bayrağımızın, gerbimizin, himnimizin üzərindən məğlub sözü silinib, əvəzində qalib sözü yazılıb. 32 il bundan öncə biz xocalılılar 4 il ermənilərlə üzbəüz döyüşlərdən sonra soyqırıma məruz qaldıq, oranı məğlub olaraq tərk etdik. Amma indi biz Xocalıya qalib xocalılılar, qalib Azərbaycan vətəndaşları kimi qayıtdıq. Bundan böyük qürur, sevinc hissindən başqa nə ola bilər ki? Bir Xocalı sakini kimi ordumuza, bu torpaqların azad olunmasında iştirak edən hər bir hərbiçimizə minnətdaram. Onları tərbiyə edən Azərbaycan xalqına, dövlətimizə, ordumuza rəhbərlik edən Ali Baş Komandanımıza minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların bu gün ruhları şaddır. Çünki onların uğrunda canlarını verdikləri torpaqlar, Vətən azaddır. Bundan gözəl olan başqa hiss keçirə bilmərik".
Yazını hazırladı: Cavanşir ABBASLI