Noyabrın 8-i Zəfər Gününün 3 ili tamam oldu.
Azərbaycan xalqının, dövlətinin, qüdrətinin rəmzinə çevrilən bu möhtəşəm zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Məhz 2020-ci ilin 8 noyabrında 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən ən unikal hərbi əməliyyatlardandır. Məlum olduğu kimi, Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynayıb.
Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin tərkibində əfsanəvi Şuşa döyüşlərində iştirak edən, bu zəfəri, qüruru bizə yaşadan qəhrəman qazi Şəmsəddin Qurbanovdur.
Qeyd edək ki, Şəmsəddin Qurbanov “Vətən uğrunda”, “Vətən müharibəsi veteranı”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” və Füzulinin, Xocavəndin, Şuşanın, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.
Qəhrəman qazi müsahibəsində əfsanəvi Şuşa döyüşlərindən söz açıb, həmin döyüşlərin bilinməyən gizlinlərindən danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Artıq zəfərimizin 3 ili tamam oldu. Əfsanəvi Şuşa döyüşlərində iştirak edən zabitlərdən biri də sizsiniz. İstərdik yenidən o günlərə, zəfərimizin qazanıldığı, həmin əfsanəvi döyüşlərə geri dönüb, təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Məlum olduğu kimi, zəfər tariximizə qızıl hərflərlə yazılan Şuşa döyüşləri 44 günlük Vətən müharibəsinin son, həlledici məqamı olmuşdu. Düşmən məhz Şuşa döyüşlərində son zərbəsini aldıqdan sonra bildi ki, artıq məğlub olub.
Şuşa döyüşləri - hansı ki, Ali Baş Komandan İlham Əliyev onu “Zəfər yolu” adlandırıb, Cəbrayıl-Füzuli-Xocavənd istiqamətindən başlayıb, Şuşaya qədər davam edib. 3 ilin sonunda isə cənab Prezidentimiz Xankəndinə bayrağı bir sərkərdə olaraq özü şəxsən sancdı.
Tarixən 200 il idi ki, torpaqlarımızı itirə-itirə gedirdik. Lakin bu zəfər 200 illik məğlubiyyətə son qoydu. Bu gün biz məğrur xalqın nümayəndəsi kimi sinəmizi qabağa verib, bu haqda fəxrlə danışırıq.
Qələbəmizin memarı cənab Ali Baş Komandanımız, onun təminatçıları isə şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır.
- Şuşanın azad olunduğu anları necə xatırlayırsınız?
- Şəhid olan yoldaşlarımız var idi, onların nəşi, ruhu qarşısında, yaralansalar da döyüşlərdən çıxmaq istəməyən, Şuşaya qədər getmək istəyən qazi qardaşlarımızın qarşısında söz verirdik ki, Şuşaya gedib, çıxacağıq. Biz onlara həm döyüş yoldaşı, həm də bir vətəndaş olaraq söz verirdik, həmçinin borcumuzu yerinə yetirirdik. Bu amillər bizə güc-qüvvət verirdi. Düşünürdük ki, ölsək də, əlimizi-qolumuzu itirsək də, Şuşaya qalxmalıyıq.
Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Daşaltı kəndinin qarşısında, meşədə mövqe qurmuşduq. Düşmən olduğumuz ərazilərə qadağan olunmuş, fosfor mərmilərindən atəş açırdı. Bu cür qadağan olunmuş silahlarla meşəni yandırıb, bizi üzə çıxartmağa çalışırdılar. Olduğumuz mövqelərdən Qarabağda yaşayan erməni mülki əhalinin yerlərini tərk etdiyini görürdük. Biz onlar üçün dəhlizi açıq qoymuşduq, yəni beynəlxalq hüquq normalarına əməl edərək, onlara yerlərini tərk etməyə şərait yaratmışdıq.
- Hər kəs üçün maraqlıdır ki, niyə həmin vaxt Xankəndinə girilmədi?
- Biz nizam-intizamlı şəkildə verilən əmrlərə tabe olaraq, onları yerinə yetirərək bu qələbəyə nail olduq. Üstəlik, Xankəndidə sivil əhali var idi və biz ora atəş aça bilməzdik. Bu gün dünyanın bir neçə ölkəsində müharibələr gedir və bu müharibələrdə sivil insanlara hücum edilir, uşaqlar, qadınlar, yaşlılar məhv edilir. Amma biz Azərbaycan xalqı çox humanist bir xalqıq, uşaq qatili deyilik, ona görə də biz mülki əhalinin üzərinə getməzdik. Həm də düşmən həmin qadın və uşaqların arxasında gizlənib, bizə hücum edə bilərdi və bizim onlara cavab atəşi açmaq şansımız qalmazdı.
Noyabrın 3-ü axşam radələri idi, əmr gəldi ki, biz irəliləməli, Daşaltı kəndinə girmədən Laçın dəhlizini tutmalıyıq. Çünki düşmən bizi Daşaltıda gözləyirdi. Əgər əməliyyatı Daşaltı kəndindən etsəydik, Şuşanı azad etmək arzumuz puça çıxardı. Amma biz onların gözlədiyi kimi etmədik. Məqsədimiz Şuşa şəhərinin işğaldan azad olunması idi. Beləliklə biz Daşaltının ətrafından keçərək, qayaların yamacı, üstü ilə Laçın dəhlizinə tərəf yol aldıq. Noyabrın 4-də səhər saatlarında orada düşmənin 300-dən çox hərbçisini məhv etdik. Düşmən hesab edirdi ki, bizim hücum edəcəyimiz yer avtomobil yolu olan “Qırmızı bazar” ərazisi olacaq, yəni oradan keçib Şuşaya daxil olmaq istəyəcəyik. Onlar bizim qayalıqlardan gələcəyimizi gözləmirdilər.
Biz noyabrın 4-də düşmənin qurduğu sədləri ələ keçirdik və noyabrın 5-6-na qədər Xankəndi-Şuşa sərhədi boyunca kəndlərin arası ilə səssizcə irəliləyirdik. Düşmən zirehli texnikalardan, ağır atıcı silahlardan bizə atəş açır, hər yerə mərmi yağdırırdı. Bəzən onların atdıqları mərmi gəlib düz yanımıza düşürdü, yoldaşlarımız şəhid olurdu...
Noyabrın 6-sı axşam saatları idi, Şuşanın düz yaxınlığında idik, orada Laçın yolu, Şuşaya qalxan yol və Xankəndi yolu olan bir ərazidə, meşənin yamacında əmr verilməsini gözləyirdik. Əmr verildi və artıq biz noyabrın 6-sı axşam saatlarından noyabrın 7-si səhər saatlarınadək Şuşanın ətrafını təmizləyib, ora daxil olduq. Orada 12 saat döyüşlər getdi. Bizim orada silah-sursatımız tükənə bilərdi. Ona görə də biz düşməni elə onların özlərinin silahı ilə məhv edirdik.
Xalqımız həmişə məğrur ifadələr işlədir ki, “Azərbaycan əsgəri öz döyüşçü, şəhid yoldaşını çiynində qaldıraraq Şuşanı fəth etdi”. Bəli, biz şəhid, yaralı yoldaşlarımızı ortada qoymadıq, hamısını özümüzlə birgə əraziyə çıxartdıq, təcili tibbi yardım göstərilməsinə çalışdıq. Noyabrın 7-si artıq Şuşaya daxil olduq.
O ki qaldı həmin vaxt hansı hisslər keçirməyimizə, biz yalnız ürəyimizdə sevinə bilərdik, çünki yoldaşlarımız şəhid olmuşdu, yaralanmışdı. Həm də hələ sevinməyimiz tez idi. Çünki oranı almaq nə qədər çətin idisə, bir o qədər də saxlamaq çətin idi. Düşmən 3-4 gün ərzində əlində olan bütün vasitələrdən istifadə edərək bizə hücum edirdi. Canlı heyət, texnika ilə hücum edir, arteriya zərbələri, “İsgəndər” raketləri yağdırırdılar.
Mən noyarın 9-da yaralandım. Üzümdən, bədənimdən, ayağımdan qəlpə yaraları aldım. Bədəndə olan yaralar sağala bilir, amma başdan alınan travma, zərbə dalğası beyin silkələnməsinə gətirib çıxarır və ömür boyu insanla birgə olur.
Hər birimizin üzərində ağrıkəsici vasitələr var idi. Bu vasitələr yalnız müvafiq sayla verilir. Mən öz ağrıkəsici iynəmi 2 döyüş yoldaşıma tətbiq etmişdim. Buna görə də mən yaralananda artıq üzərimdə ağrıkəsici vasitə qalmamışdı. Amma qələbəyə doğru getdiyimiz üçün sevincimdən o ağrı-acını demək olar ki, hiss etmirdim.
- Sağlamlıq durumunuz necədir?
- Həmin vaxt hər iki ayağımdan yaralanmışdım və yeriyə bilmirdim. Düşmən 20 dəqiqə müddətində ora “Qrad” tipli raketlərdən atəş açdı, ona görə də heç bir yerə getmək mümkün deyildi. Mənimlə bərabər tabor komandirim, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov da yaralanmışdı. Onunla birlikdə olduğumuz mövqedə qalaraq gözlədik. Yaralandığım üçün döyüş yoldaşlarım yanıma gəlmək istəyirdi, amma mən buna icazə vermədim, çünki vəziyyət çox təhlükəli idi. Sonradan sürünə-sürünə, silahıma dayaq verərək ərazidən çıxdım.
Bədənimdəki qəlpə yaralarının uzunluğu 13-16 mm uzunluğunda idi. Bəzi yaralarımı sonra gördüm. Bununla bağlı xeyli müddət müalicə aldım. Müalicədən sonra yenidən öz xidmətimə davam etmək istəyirdim. Lakin bədənimdəki yaralar, başımdan aldığım travma ilə bağlı aldığım müalicələr heç bir effekt vermirdi və mənim işimə mane olurdu. Ona görə də 2021-ci ilin dekabrında artıq xidmətdən istefaya buraxılaraq tərxis olundum. Daha sonra Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olundum və mənə 3-cü qrup əlillik təyin olundu.
- Neçə il hərbi xidmətdə oldunuz?
- Ümumi götürəndə 13 ilə yaxın, oxumağımı da əlavə etsək, 15 ildən çox hərbi xidmətdə olmuşam. Yəni 15 yaşımdan hərbi sahədə olmaq üçün bu yola çıxmışam.
Ali təhsilliyəm. Hazırda xarici ölkədə hüquq fakültəsi üzrə üçüncü təhsilimi alıram. İnşallah ki, 2026-cı ildə bu təhsilimi də bitirəcəm.
- Bəs hazırda işləyirsinizmi?
- Hazırda dövlət tərəfindən təyin olunan Prezident təqaüdü və əlilliyimə görə pensiya alıram. Dövlət tərəfindən mənə sosial yöndə bir sıra köməkliklər olunub. Məsələn, hazırda ev növbəsindəyəm. Amma işsizəm. Düşünürəm ki, 13 il vətənimə xidmət etmişəmsə, bundan sonra da mənim missiyam bitməyib. Ümumiyyətlə, biz hərbçilərin missiyası heç vaxt bitmir, xüsusən də xüsusi təyinatlıların. Yəni biz heç vaxt ehtiyatda olmuruq, daim döyüşə hazır oluruq.
- Niyə işsizsiniz? Özünüz müraciət etmirsiniz, ya müraciət edirsiniz, nəticəsi olmur?
- Müəyyən dövlət qurumlarına müraciət etmişəm. Mənə məlumat verilib ki, müraciətimə baxılacaq. Hesab edirəm ki, mənim bilik və bacarığıma uyğun hansısa iş təyin olunsa, böyük həvəslə çalışaram.
- Hansı sahədə işləmək istərdiniz?
- Özümü diplomatik əlaqələrdə, ictimai-siyasi fəaliyyətlərdə görürəm və çalışıram ki, bu sahədə özümü təkmilləşdirim. Sonuncu təhsil aldığım ixtisasım da ictimai idarəetmə adlanır.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, iki övladım var. Oğlumun 5, qızımın 3 yaşı var. Qızım mən döyüşlərdən qayıtdıqdan bir qədər sonra dünyaya gəlib. Bu döyüşlərdə Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin şəhid olması məni çox təsirləndirmişdi. Biz illərlə ailəvi dost olmuşduq. Buna görə də qızımın adını ona uyğunlaşdırıb Adilə qoydum. Şəhid qardaşımın, dostumun adını əbədiləşdirdim ki, qızım da böyüyəndə bu adla fəxr hissi duysun.
- Uğrunda döyüşdüyünüz Şuşaya sonradan bir vətəndaş kimi getdinizmi?
- Döyüşdüyümüz torpaqlara öncə ona görə getmək istəyirik ki, döyüşdüyümüz yerlərdə yaralanan, şəhid olan yoldaşlarımızın xatirəsi var, onların ruhu bizi orada qarşılayır. Bu döyüşlərdə hamımız şəhid ola bilməzdik, Allah hərəmizə bir cür tale qismət edib. Kimisi sağ qaldı, kimisi şəhid, qazi oldu. Belə düşünürəm ki, biz şəhid olan yoldaşlarımızın qəhrəmanlıqlarını çatdırmaq üçün sağ qalmışıq. Buna görə də ora can atıram ki, şəhid valideynlərinə övladlarının harada yaralandıqları, şəhid olduqları yeri göstərim. Bu, bizim üçün bir borcdur. Yəni valideynlər həmin yerləri ziyarət edəndə övladlarının son nəfəs aldığı yerləri görsünlər, bundan ən azı təskinlik tapsınlar.
Həmin yerlərdə biz güllə səslərini, partlayışları bir daha yaşayır, şəhid olmuş yoldaşlarımızın ruhlarını hiss edirik...
Şuşaya gedən gün çox güclü yağış başladı, elə düşündüm ki, bu yağış sanki şəhid qardaşlarımızın bizi qarşılamasıdır. Belə bir inanc var ki, yağış yağanda ruhlar buludlardan yer səthinə enir...
İllər keçməsinə baxmayaraq, biz eyni ildə, yəni 2020-ci ildə qalmışıq. Şəxsən mən düşünmürəm ki, bu döyüşlərdən bir, iki il ötdü və sairə. Həmişə 2020-ci ildə qalmışam. Çünki o xatirələrin heç vaxt köhnəlməsini istəmirəm. Xatirə köhnələndə əfsanəyə çevrilir, onun əfsanəyə keçməsini istəmirəm. Bu xatirələr bizim yaddaşımızdan çıxmamalıdır. 200 ildən sonra xalqımız ilk dəfə idi ki, zəfər qazanırdı. Bu, bizim üçün həmişə ən başda olmalı, unudulmamalıdır.
Xalidə Gəray,
Video: Elçin Əkbərov,
Musavat.com