İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumundan sonra İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi qəribə təklif irəli sürüb.
Musavat.com xəbər verir ki, Kuçi “X” sosial şəbəkəsində yazıb:
“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”.
Qeyd edək ki, İsrail tərəfi bildirir ki, İranın Suriyadakı konsulluğuna hücum etməyib. Zərbənin SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirildiyi qeyd edilir.
Xatırladaq ki, İran konsulluğunun binası olan yerə endirilən zərbə nəticəsində SEPAH-ın 2 generalı və 5 zabiti ölüb. Eyni zamanda iranlı diplomatların da öldüyü bildirilir.
Nigar HƏSƏNLİ,
Musavat.com