Sıravi insanlar kimi onların da xoşladığı yeməklər var. Fərq yalnız ondadır ki, prezidentlərin menyusuna ciddi nəzarət edilir, zərurət olduğu halda menyudakı bəzi qidalara məhdudiyyət qoyulur, yaxud da istifadəsinə icazə verilmir.
ABŞ-ın 46-cı prezidenti, 81 yaşını haqlayan Co Baydenin gündəlik qida menyusu xüsusi həkim-mütəxəssislər qrupu tərəfindən müəyyənləşsə də, prezident bəzən bu menyudan kənara çıxaraq iştahasına “məğlub” olur. Bayden hələ vitse-prezident olduğu illərdə sevimli qidaları haqqında açıqlama verib:
“Mən alkoqoldan istifadə etmirəm, siqaret çəkmirəm, amma çoxlu dondurma yeyirəm. Mən dondurmanı hədsiz dərəcədə xoşlayıram...”
Amerika prezidentinin ən çox sevdiyi dondurma isə vaflili dondurmadır. Siyasi rəqibləri Baydenin dondurmaya bu qədər meyilli olmasına siyasi don geyindirərək onu “dondurma adam” adlandırırlar. Prezident sıravi amerikalılar kimi fəstfudlara da laqeyd deyil.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin amerikalı həmkarı kimi hədsiz dərəcədə dondurma həvəskarıdır. Ən çox sevdiyi içki isə yaşıl çaydır. Sağlam həyat tərzinə üstünlük verən prezident qida menyusuna xüsusi həssaslıqla yanaşır.
Ukrayna prezidenti Volodimir Zelenski xarici həmkarlarından fərqli olaraq qida menyusuna çox da diqqət yetirmir. Özü söylədiyi kimi, süfrəyə nə verilsə, onunla qane olur. Zelenski ət məhsullarından hazırlanmış xörəklərlə yanaşı, tərəvəz şorbalarına da üstünlük verir. Prezident hədsiz dərəcədə qəhvə həvəskarı olsa da, son illər bu içkiyə məhdudiyyət qoyub. Zelenskinin ən çox sevdiyi alkoqollu içki isə qırmızı şərabdır. Prezident müsahibələrində qeyd edib ki, mətbəxdə də siyasətdə olduğu kimi, mükəmməldir və bildirib ki, hazırladığı xörəklər peşəkar aşpazların hazırladıqlarından heç də geri qalmır.
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu Belarus mətbəxinin patriotu saymaq olar. O, qida menyusunda yalnız milli mətbəxin məhsullarından istifadə edir. Lukaşenko həm də öz mətbəxlərinin xarici ölkələrdə ən yaxşı təbliğatçısıdır. Prezident xarici ölkələrə səfəri zamanı həmkarlarına Belarus kartofu “hədiyyə” etməsi ilə də gündəmə gəlib. Prezidentin qida rasionuna əsasən yerli istehsal olan kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq o, bu məhsulların qəbuluna məhdudiyyət qoyur. Lukaşenko gün ərzində qəbul etdiyi qidaların 1800 kkal olmasına olduqca ciddi şəkildə nəzarət edir.
Ümumiyyətlə, müasir siyasi liderlər əvvəlki dövlət başçılarından fərqli olaraq qida menyularına xüsusi diqqət ayırırlar. Məsələn, SSRİ-də sovet liderləri həkim və diyetoloqların göstərişlərinə əməl etməyiblər.
İosif Stalin həftədə iki-üç dəfə öz bağ evində silahdaşlarına ziyafət verəndə süfrədən yağlı və qızardılmış ət məhsulları, donuz və qoyun ətindən çəkilmiş kabab, orqanizm üçün çox da xeyirli olmayan duza qoyulmuş tərəvəzlər, alkoqol dərəcəsi yüksək olan içkilər əskik olmayıb.
Nikita Xruşovun Kremldə keçirdiyi siyasi tədbirlər ziyafətlərlə yekunlaşıb ki, həmin ziyafətlərdə süfrəyə alkoqollu içkilər məhdudiyyətsiz verilib və məmurlar bu fürsətdən yetərincə istifadə ediblər.
Qida məsələsində “qayda-qanun”u ən çox pozan isə Leonid Brejnev olub.
Həkimlərin və ailə üzvlərinin qadağasına baxmayaraq, baş katib öz şakərlərindən əl çəkməyib. Brejnevin xüsusilə alkoqollu içkilərə və tütün məhsullarına olan ehtirasının qarşısını heç kim ala bilməyib.
Hətta günlərin birində Brejnev ona alkoqollu içki qadağası qoyan şəxsi - həkimini də sərxoş olana qədər içirib. Brejnevin kürəkəni, SSRİ daxili işlər nazirinin müavini Yuri Çurbanov öz xatirələrində qayınatasının həyat tərzi haqqında aşağıdakıları qeyd edib:
“Leonid İliçə nəyisə qadağan etmək mənasız bir iş idi. Həm bağ evində, həm iş kabinetində ondan ona qadağan olunan qida məhsullarını, alkoqollu içkiləri, siqareti gizlədirdilər. Amma Brejnev sonda yenə də çıxış yolu tapırdı. Bir dəfə ailə ziyafətlərinin birində kənara çəkilib siqaret çəkəndə Leonid İliç mənə yaxınlaşdı və çox sakit səslə məndən siqaret istədi. Bu, az qala yalvarışa bənzəyirdi. Mən cibimdən “Kent” qutusunu çıxarıb ona siqaret verdim. Bir-iki tüstü aldıqdan sonra o, üzünü mənə tutdu:
- Bu nədir çəkirsən, belə tütünlə doymaq olmaz.
Mən Brejnevin hansı siqareti çəkdiyini bilirdim. O, əsasən tünd “Novost” çəkirdi. Həmin hadisədən sonra mən hər ehtimala qarşı cibimdə iki qutu siqaret gəzdirdim, bir qutu “Kent”, bir qutu “Novost”. Sonralar bunu Brejnevin həyat yoldaşı biləndə məni “tənbeh” etmişdi...”
Əslində, prezident süfrələrinin zənginliyi bir o qədər də önəmli deyil. Önəmli olan odur ki, siyasi liderlərin qəbul etdiyi qidalar beyin fəaliyyətinə müsbət təsir göstərsin, sinirləri qıcıqlandırmasın, müharibə əhvalı yaratmasın...
İlham Cəmiloğlu,
Musavat.com