“Birinci eşidir” – Xruşşovun rabitəçilərlə telefon davası sonda Kremldə ziyafətlə yekunlaşıb...

 

Adətən Mərkəzi Komitədə konkret sahələrlə bağlı müşavirələr ən azı 2-3 ay əvvəldən planlaşdırılıb. 1960-cı ildə isə Nikita Xruşşov bu “ənənə”ni pozaraq ölkənin rabitə sahəsinə cavabdeh olanları təcili müşavirəyə çağırıb. Gözlənilməz müşavirə elə gözlənilməz girişlə başlayıb. Xruşşov əvvəlcə SSRİ-nin rabitə naziri Nikolay Psurtsevi ayağa qaldırıb:

-Nikolay Demyanoviç, tutduğunuz nazir vəzifəsinə görə nə qədər maaş alırsınız?

Heç nə anlamayan nazir əmək haqqının məbləğini söyləyib.

17382178.jpg (84 KB)

Xruşşov isə sual-cavaba davam edib:

-Pis deyil. Mən nəhəng bir ölkənin yükünü daşıyıram, maaşım sizdən cüzi miqdarda artıqdır. Maaşla bərabər yəqin ki, mükafat, maddi yardım da alırsınız. Dövlət sizə mənzil verib?
-Bəli.
-Bəs bağ evi necə?
-Bəli.
-Neçə xidməti maşınınız var?
-Təyinatlarına görə üç.
-Mən sizin digər güzəşt və imtiyazlarınızı da saya bilərəm. Krımda dövlət sanatoriyasında istirahət, Kreml xəstəxanasında müayinə və müalicə, ərzaq və əşya təminatı və s. Əlbəttə, mən sizi başa düşürəm, belə bir şəraiti olan məmur işləməkdən daha çox, istirahətə meyl göstərməlidir. Amma hələ atom bombalarının zərbəsindən ayılmayan Yaponiyanın rabitəçiləri sizdən fərqli olaraq elə uğurlara imza atırlar ki, onlar sizi də təəccübləndirəcək. Çünki onlar işəyirlər. Siz isə yeyib yatırsınız. Təsəvvür edirsiniz, Yaponiyada adicə bir nazir müavini xidməti avtomobilində evinə gedərkən elə maşındaca hər hansı bir məsələni öz nazirinə məruzə etmək imkanındadır. Yaxud da ölkə başçısı səfərə çıxanda avtomobilindəki telefonla istənilən məmurla rabitə əlaqəsinə girə bilir. Bəs bizdə necədir? Bunu siz məndən yaxşı bilirsiniz. Şəxsən mən gərək öz hamam otağıma da telefon qoyum ki, bir fövqəladə hadisə baş verəndə dərhal xəbər tuta bilim.

Bu sual-cavabdan sonra  SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutunun baş mühəndisi Moisey Abramoviç Xruşşovdan söz istəyib. Xruşşov ona kinayə ilə söz verib:

-Həmişə olduğu kimi, yenə də yerli-yersiz bəhanələr sadalayacaqsınızsa, sizin çıxışınıza ehtiyac yoxdur.

-Xeyr, Nikita Sergeyeviç, mən sizə konkret faktlardan danışacam və konkret təklifimi verəcəm. Mənim Yaponiyadakı bu rabitə sistemindən tam məlumatım var. Bu, olduqca primitiv bir rabitə vasitəsidir. Mən elə bir layihə ortaya qoyaram ki, yaponlar özləri belə buna təəccüblənərlər.

-Bəs bu günə kimi nəyi gözləyirdiniz? Sizin yerinizə Mərkəzi Komitə işləmələdir? Əgər belə düşünürsünüzsə, yanılırsınız. Biz nə mühəndis, nə də rabitəçi deyilik.

-Nikita Segeyeviç, bunun üçün dövlət təminatı lazımdır və müvafiq qurumlara layihənin həyata keçirilməsi üçün sizin göstərişləriniz vacibdir, məhz sizin.

Müşavirədə Moisey Abramoviç ardıcıllıqla konkret təkliflərini irəli sürüb. Nikita Xruşşov qeydlər apardıqdan sonra SSRİ Nazirlər Sovetinə müvafiq tapşırıqlar və göstərişlər verib.

Layihə üzərində iki il iş aparılıb. 1963-cü ilin əvvələrində “Altay-1” adı ilə yaradılan radiotelefonun sınağı keçirilib. Sınaq Moskvanın ayrı-ayrı istiqamətlərində dayanan 30 “Volqa” avtomobilində aparılıb. Eyni vaxtda 30 avtomobildə olan adamlar bir-birləri ilə danışa biliblər. Yəni abonentlər heç bir dispetçer müdaxiləsi olmadan rabitə əlaqəsi yaradıblar. Yaponiyada isə abonentlərin bir-biri ilə danışması dispetçer vasitəsi ilə həyata keçirilib. Abonent əvvəlcə danışmaq istədiyi abonentin nömrəsini verdikdən sonra dispetçer onlar arasında əlaqə yaradıb.

scale_1200.jpeg (69 KB)

Sınağın səhəri günü yeni simsiz rabitə vasitəsi haqqında Xruşşova məruzə edilib. Xruşşov öz bağ evində, xidməti avtomobilində “Altay-1”-i sınaqdan keçirib. Sovet lideri öz şəxsi abonent kodunu da özü müəyyənləşdirib: “Birinci eşidir”.

Bu ixtiraya görə Xruşşov Kremldə rabitəçilərin şərəfinə ziyafət verib. Moisey Abramoviç isə SSRİ Dövlət Mükafatına layiq görülüb.

“Altay” rabitə sistemi sonralar SSRİ-də ən geniş yayılan rabitə sisteminə çevrilib. SSRİ-nin 200-dən artıq şəhərində məhz bu sistemdən geniş istifadə olunub.

İlham Cəmiloğlu, Musavat.com

02.05.2024 13:13
1893