“Islam müqaviməti hərəkatı” (Hərəkat əl Mukavama əl-İslamiya – HƏMAS) təşkilatının lideri İsmayıl Haniyə Qəzzada İsrailə qarşı başlayan və bir neçə saat çəkən hücumun İordan çayının qərb sahilinə və Yerusəlimə (Qüdsə) yayılacağını bildirib. Eyni zamanda o, hücumun ilk saatlarında İsrailin zərbəyə və itkiyə məruz qoyulmasını “düşmən üçün rüsvayçılıq”, özləri üçün “hazırlıqlarının böyüklüyü” adlandırıb və bu, onu göstərir ki, Haniyə hansı minaya ayaq basdığını tam kəsdirməyib.
Keçmiş dönəmlərdə bir əsgərinin girov götürülməsinə görə onlarla ərəb terrorçunu məhv edən İsrailin bir gündə 350-dən çox mülki vətəndaşının öldürülməsinə, çoxsaylı mülki qadınların girov götürülməsinə cavabının birmənalı olaraq ölümcül olacağına dünyanın heç yerində şübhə edən yoxdur.
Bu, o deməkdir ki, İsmayıl Haniyənin başçılıq etdiyi “İslam müqaviməti hərəkatı” Qəzza zolağında legitim hakimiyyət ikən bir günün içində dünya boyunca təqib edilən “əl-Qaidə” və ya İŞİD kimi qanunsuz təşkilata çevriləcək. Təl-Əviv bu təşkilatı tam olaraq dağıdıb siyasi və hərbi arenadan silməyə çalışacaq.
Əslində bu millətçi və populist təşkilatın hərbi yola, terrora əl atmasının ən böyük ziyanı Fələstin dövlətçiliyinə, Fələstin xalqının ümdə mənafelərinə dəydi. Vaxtında Fələstin Azadlıq Təşkilatı və onun lideri Yasir Ərəfat zor-terror yolunu sınaqdan keçirmişdi. O, 1970-1980-ci illər arasında minlərlə insanın ölümü ilə nəticələnən əmrlər vermişdi. 1964-cü ildən 1994-cü ilə qədər 866 israilli Fələstin terrorçuları tərəfindən öldürülüb. İsrail dövləti isə bunlara görə 3-5 qat artıqlaması ilə qisas alıb.
Təkcə 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən olimpiadada israilli idmançıların girov götürülməsi, sonradan xilasetmə əməliyyatı zamanı hamısının öldürülməsi hadisəsi dünya miqyasında etiraz doğurmuşdu və o zaman FAT bəyanatla çıxış edərək bu terror aktından xəbərsiz olduğunu bildirmişdi.
Belə üsullarla heç nə əldə edə bilmədiyini görən, silsiləvi uğursuzluqlara məruz qalan Ərəfat sonradan sırf siyasi mübarizəyə başladı və bu yolla daha çox nailiyyət əldə etdi.
1994-cü ildə Norveçin paytaxtı Osloda FAT və İsrail dövləti arasında imzalanmış sazişlər bunun parlaq nümunəsi olub. Bu sazişlərə görə Fələstin və İsrail arasında sülh prosesi başlanıb, həm FAT rəhbəri Yasir Ərəfat, həm də İsrailin baş naziri İshaq Rabin və xarici işlər naziri Şimon Peres Nobel sülh mükafatı alıblar.
Oslo sazişlərindən sonra Fələstin geniş və yüksək statuslu muxtariyyat, demək olar ki, müstəqillik əldə edib. Yasir Ərəfat faktiki olaraq muxtar dövlətin prezidenti seçilib, dünya birliyi tərəfindən legitim lider kimi qəbul edilib. Fələstin hər ay İsraildən böyük məbləğdə dotasiya alıb.
Hər şeyin rəvan məcrada irəliləyəcəyi təqdirdə İsrailin Fələstinə tam müstəqillik verməsi gözlənilirdi. Bu, istər Avropa və Amerikada, istərsə də İsrailin özündə vaxtaşırı müzakirə olunurdu.
Ancaq İsrail dövlətinin tərəddüd etməsinə səbəb olan belə bir amil vardı. Yəhudi dövlətinin liderləri qorxurdular ki, Fələstin dövləti tam müstəqil olandan sonra İsraillə düşmənçiliyə son qoymayacaq, bölgə dövlətləri, xüsusilə də İran tərəfindən dəstəklənəcək, böyük hərbi yardımlar alacaq və son nəticədə İsrail dövlətinin məhv etmək layihəsinin icrasına girişəcək.
HƏMAS və “Hizbullah” kimi radikal millətçi təşkilatlar isə sülh prosesini pozmaq istəyir, İsraili dünya xəritəsindən silmək xətti yeridirdilər. Bu işdə onlara İran və bəzi ərəb dövlətləri də açıq və gizli təlimatlar, eləcə də maliyyə verirdi.
Bir sözlə, Fələstin ərəbləri sülh prosesi ilə əldə edə biləcəkləri siyasi nailiyyətlər daha çox olacaqdı, nəinki zor və terror yolu ilə.
Paradoksal bir durum var ki, bütün ərəb dünyasının ən savadlı, dünyəvi, dürüst seçki keçirən toplumu məhz Fələstindədir. Yəhudilərlə iç-içə yaşamaları onları digər ərəb qardaşlarından fərqləndirir. Ancaq bu gedişlə və tezliklə Fələstin İsraildən qopsa, Mahmud Abbas və ya İsmayıl Haniyə kimi birisinin diktaturası altına düşəcək, o da o biri ərəb dövlətlərində olduğu kimi sülalə və kraliyyət rejimi yaradacaq, seçkilərə və etiraz aksiyalarına birdəfəlik son qoyulacaq.
İndi İsmayıl Haniyə deyir: “İsraili ilk zərbə zamanı təəccübləndirdiyimiz kimi, necə cavab verəcəyimizlə təəccübləndirməkdən çəkinməyəcəyik. İsrail işğalçıları bütün istiqamətlərdə hərəkət edir və buradakı Qəzza zolağında Fələstin xalqımıza basqın edirlər”.
Hiss olunur ki, o, reallıq hissini itirib. Bunun bədəlini isə onun fitnəsinə gedən sıravi döyüşçülər ödəyəcəklər. İsrail 7 oktyabr hücumundan təəccüblənib, amma sarsılmayıb və qəti qərarlara gəlib.
Araz Altaylı, Musavat.com