Vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Emil Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılan iş üzrə hazırki mərhələdə zərərçəkmiş şəxslər dindirilir. Onlara dəymiş ziyan ümumilikdə 300 min manatdır.
“Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin “qurbanlarından” biri də fitnes məşqçisi Kamil Zeynallıdır. İttihamda deyilir ki, Kamil Şamaxıda üçbucaq formasında taxta ev tikmək məqsədilə Emil Ağayevə 20 min manat pul verib. Lakin tikinti yarımçıq qalıb. Şirkətin cavabdeh şəxsi E.Ağayev bu iş davam edərkən, eyni zamanda daha bir neçə nəfərə eyni məzmunlu vəd verərək onları aldadıb.
Kamilin və digər zərərçəkmişlərin şikayəti əsasında E.Ağayev həbs edilib. Bu gün keçirilən prosesdə Kamil Zeynallı özü ifadə verib. İdmançı istintaqda dediklərini məhkəmədə təsdiq edib.
Prosesin gedişində Kamillə müttəhim arasında mübahisə olub. Təqsirləndirilən şəxs Kamili tanıdıqdan sonra biznesinin çökdüyünü, həmçinin idmançı digər zərərçəkmişləri öyrətdiyini deyərək idmançını şoumen adlandırıb.
“Bunun bir şapalaqlıq canı yoxdur, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. 20 min vermişdim, cəmi 7 minlik iş görüb. Mənə 13 min manat ziyan dəyib. Şikayətçiyəm”, - Kamil cavab verib.
Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 8 nəfər zərərçəkmiş qismində tanınıb.