Bir qlobal şirkətin iki proqnozu: gələn ildən gözləntilər - təhlil

Azərbaycanda inflyasiya və iqtisadi artımın asılı olacağı amillər; beynəlxalq analitik mərkəzlərin ən pessimist proqnozlarında belə neftin dünya bazar qiymətinin 2024-cü ildə 60 dollardan aşağı olmayacağı əksini tapıb

“Fitch Group”a məxsus “Fitch Solutions” (FS) şirkəti Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-cü il üçün proqnozunu açıqlayıb. Şirkət 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3,1 faiz olacağı, nominal ÜDM-in 168,6 milyard manata, adambaşına düşən ÜDM-in isə 16 115 manata çatacağını proqnozlaşdırır: “Bizim neft və qaz sahəsi üzrə komandamız orta illik neft qiymətlərinin 2023-cü ildə bir barel üçün 80 ABŞ dollarından 2024-cü ildə 83 ABŞ dollarına yüksələcəyini proqnozlaşdırır. Gələn il neftin qiymətinin artması və neft hasilatı iqtisadi artımı sürətləndirəcək. Gözləntilərimizə görə, 2024-cü ildə orta illik inflyasiya 7,5 faiz, ilin sonunda isə 6,2 faizə qədər azalacaq”.

“Fitch Solutions”un proqnozlaşdırmada neft amilinə istinad etməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda ÜDM artımında neft amili başlıca rol oynayır: neft qiymətləri və hasilindəki dəyişikliklər ölkənin iqtisadi artımında dərhal əksini tapır. Ötən il Azərbaycan neftinin orta qiyməti 103,58 dollar təşkil etdiyinə görə ölkədə 4,6 faiz iqtisadi artım qeydə alındı. Bu ilin 10 ayında isə orta qiymət 74 dollardan yuxarı olub. Bu isə hər barel neftin dəyərində 30 dollar azalma deməkdir. Neftin yüksək qiymətinə arxayınlaşmaqla Azərbaycan hökuməti 2023-cü ilin büdcə layihəsində cari il üçün iqtisadi artımı 2,7 faiz proqnozlaşdırsa da, sonradan iki dəfə proqnozuna dəyişiklik edib, azaltmaya getdi. Son proqnozlaşmaya görə, ilin yekununda iqtisadi artımın 1,8 faiz təşkil edəcəyi nəzərdə tutulur. Lakin neft hasilatı, ixracı və qiymətinin azalması bu proqnozun reallaşmasını mümkünsüz edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. On ayda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

Noyabr ayında dünya bazarında neftin qiymətinin oktyabrla müqayisədə azalması qeydə alınıb. Hazırda bu azalma davam edir. Noyabrın 30-da OPEK+ nazirlərinin videogörüşü baş tutub. Görüş gündəlik hasilatın daha da azaldılmasına dair qərarların qəbulu ilə başa çatıb. Belə ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatın 1 milyon barel azaldılması könüllü öhdəliyini 2024-cü ilin birinci rübünün sonuna qədər uzadıb. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən Səudiyyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, əvvəlcə bu azalma 2023-cü ilin iyul ayına hesablanıb, sonra bir neçə dəfə uzadılıb.

OPEK-in iclası təxirə salındı, Azərbaycan nefti ucuzlaşır, bəs manat...

Rusiya isə OPEK+ görüşündə gündəlik neft və neft məhsulları ixracının 500 min barelə qədər azaldılacağına dair öhdəlik götürüb. Rusiya baş nazirinin müavini Aleksandr Novak OPEC+ iclasının yekunlarına dair açıqlamasında deyib ki, onlar 2024-cü ilin mart ayının sonuna qədər gündəlik ixracı 300 min deyil, 500 min barel azaldacaqlar: “Rusiya gündəlik neft tədarükündə əlavə könüllü azalmanı daha 200 min barel artıraraq gündəlik 500 min barrelə çatdıracaq və bu könüllü öhdəlik 2024-cü ilin birinci rübünün sonuna qədər uzadılacaq”.

Novakın sözlərinə görə, azalma 2023-cü ilin may və iyun ayları üçün ixracın orta səviyyəsi əsasında hesablanacaq. Öhdəliyin 300 min barelini neft, 200 min barelini isə neft məhsulları təşkil edəcək.

Qazaxıstan isə OPEC+ sazişi çərçivəsində gələn ilin birinci rübündə könüllü olaraq neft hasilatını gündəlik 82 min barel azaldacaq. Bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib: “Qazaxıstan OPEC+ üzvü olan ölkələrlə birlikdə 2024-cü il yanvarın 1-dən 2024-cü ilin mart ayının sonuna kimi gündəlik 82 min barel əlavə könüllü azalma öhdəliyi qəbul edib. Sonradan bazarın sabitliyini qorumaq üçün bu əlavə azaldılmış həcmlər bazar şəraitindən asılı olaraq tədricən bərpa olunacaq”.

Nazirlik qeyd edib ki, könüllü azalma Qazaxıstanın daha əvvəl 2023-cü ilin aprelində qəbul etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək gündəlik 78 min barel könüllü azaldılmasına əlavədir. Bugünkü iclasda OPEC+ ölkələri müstəqil mənbələrdən əldə edilən məlumatlar əsasında 2024-cü ildə Anqola, Nigeriya və Konqo üçün neft hasilatı kvotalarına yenidən baxıblar. Bu barədə OPEC-in saytında yerləşdirilən yekun kommünikedə xəbər verilir. Qəbul edilmiş qərarla Anqola üçün kvota sutkada 1,28 milyon bareldən 1,11 milyon barelə endirilib, Nigeriya üçün sutkada 1,38 milyon bareldən 1,5 milyon barelə, Konqo üçün 276 min bareldən 277 barrelədək artırılıb.

Görüşdə əldə edilən razılaşmaya əsasən, İraq gələn ilin birinci rübündə gündəlik neft hasilatını əlavə olaraq 211 min barel, Birləşmiş Ərəb Əmirlikləri 161 min barel, Küveyt 135 min barel, Əlcəzair 51 min barel, Oman isə 42 min  barel azaldacaq. Beləliklə, gələn ilin birinci rübündə OPEK+ çərçivəsində gündəlik hasilat ümumilikdə 2,2 milyon barel azaldılacaq. Bununla da razılaşma iştirakçıları dünya bazarında neftin qiymətini 80 dollardan yuxarı saxlamaq niyyətindədirlər. Lakin OPEK+ iclası ərəfəsində 84 dollardan yuxarı ticarət olan olunan Brent nefti iclasdakı mühüm qərarlara rəğmən, 80 dollara qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEK+ çərçivəsində götürülən öhdəliyə əsasən 2024-cü ildə Azərbaycan gündəlik 551 min barel neft hasil edə bilər. Lakin Azərbaycanda hasilatın təbii azalması prosesi gedir, oktyabr ayında ölkədə faktiki gündəlik neft hasilatı 489 min barel təşkil edib. Bu isə o deməkdir ki, OPEK+ çərçivəsindəki yeni kvota reallıqda hasilatın azaldılmasına gətirib çıxarmayacaq.

Azərbaycan hökuməti neft hasilatındakı azalmanı öz proqnozlarında nəzərə alır. Belə ki, hökumət 2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1,7  faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6  faiz artım proqnozlaşdırır. Rəsmilərə görə, bu,  qeyri-neft-qaz sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur.

Hökumət həmçinin 2024-cü ildə Azərbaycanın kənd təsərrüfatında 4.6 faiz, tikintidə 3.4 faiz, ticarətdə 3 faiz, turizm sahəsində 15.8 faiz, nəqliyyat sahəsində 4.5 faiz, informasiya və rabitə sahəsində 9.5 faiz artım proqnozlaşdırılır.

Doğrudur, bəzi beynəlxalq agentliklər hökumətin bu optimizmini bölüşmürlər. Belə ki, Standard & Poors  Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb.

Azərbaycan hökumətinin neftin 60 dollar qiyməti ilə hesabladığı 2024-cü il büdcəsinin icrasında problemlərin olacağı gözlənilmir. Çünki beynəlxalq analitik mərkəzlərin ən pessimist proqnozlarında belə neftin dünya bazar qiymətinin 2024-cü ildə 60 dollardan aşağı olmayacağı əksini tapıb. Lakin gələn ilki iqtisadi artım proqnozunun reallaşmasında neft bazarındakı əhval-ruhiyyə mühüm rol oynayacaq. Belə ki, gələn il Azərbaycanda neft hasilatının ən yaxşı halda bu ilki səviyyədə qalacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkədə iqtisadi artım qeydə alınması üçün neftin dünya bazar qiyməti növbəti il 2023-cü ildəkindən yüksək olmalıdır. Bundan əlavə, təbii qaz qiymətləri də Azərbaycan ÜDM-də ciddi təsirə malikdir. Qarşıdakı qış ötənilki kimi mülayim keçib, Avropa yaza ən azı ötən ilki qaz ehtiyatları ilə çıxa biləcəksə, qaz qiymətlərinin bu ilkindən daha aşağı olacağı şübhəsizdir. Çünki bazara maye qaz təklifinin sürətlə artması fonunda Çin və Avropa iqtisadiyyatlarındakı problemlər qaza, eləcə də neftə olan tələbatın azalmasına gətirib çıxara bilər. Bu isə hər iki enerjidaşıyıcısının qiymətinə salıcı təsir göstərəcək. Azərbaycanın ixracında 90 faizdən yuxarı paya malik hər iki məhsulun dəyərinin azalması ölkə ÜDM-nin dəyərinin də azalmasını şərtləndirəcək. Bu şəraitdə 2024-cü ildə iqtisadi artım qeydə alınması üçün ölkədə inflyasiyanın kəskin sürətlənməsi lazımdır. Bunun üçün isə dünya bazarlarında ərzaq və qeyri-ərzaq qiymətləri bahalaşmalıdır. Lakin artıq 1,5 ilə yaxındır bu qiymətlərin ucuzlaşması prosesi gedir, əksər ölkələrdə inflyasiyanın hədəf göstəricilərinə yaxınlaşması qeydə alınır. Bu isə 2024-cü ildə Azərbaycanda da kəskin bahalaşmanın olması ehtimalını minimuma endirir.

Dünya SAKİT,
“Yeni Müsavat”

02.12.2023 09:05
929