Bir ilin maaşına maşın almaq imkanı - Xruşov “qozbel”i necə “düzəldib”?

1958-ci ildə SSRİ Nazirlər Sovetində keçirilən müşavirədə ölkənin avtomobil sənayesi müzakirəyə çıxarılanda Nikita Xruşov konkret təklif və tapşırıqlarla çıxış edib.

O, əvvəlcə SSRİ-də vətəndaşların maddi-sosial rifahının yaxşılaşmasından, bunun ağır Stalin rejimindən sonra özünün apardığı siyasətin nəticəsi olduğundan danışıb:

- Hazırda ölkəmiz müharibədən sonrakı illərdə inkişaf dövrünü yaşayır. Statistik rəqəmlər də sübut edir ki, vətəndaşlarımızın sosial rifahı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Biz insanlarımız üçün daha rahat şərait yaratmalı, onların məişət məsələlərinə xüsusi diqqət ayırmalıyıq. Bu məsələdə ölkənin avtomobil sənayesində də yenilənmə olmalıdır. Biz elə etməliyik ki, sovet vətəndaşları şəxsi avtomobil əldə etməkdə çətinlik çəkməsinlər...

İSTEHSAL.jpg (131 KB)

Uzun-uzadı nitqinin sonunda Xruşov əhali üçün əlçatan, qiyməti münasib olan kiçik maşınların istehsalının vacibliyini vurğulayıb. Məsələ ətrafında müzakirələr başlanıb. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyan Aleksey Kosıgin məsələyə münasibət bildirib:

- Biz artıq bir neçə dəfə bu məsələni müzakirə etmişik. Sonuncu müzakirədən sonra mənim mütəxəssislərlə görüşlərim olub, hesablamalar aparmışıq. Təxmini rəqəmlərə görə, “xalq avtomobili” seriyası ilə istehsal olunacaq maşınların qiyməti 22 000 rubla (pul islahatından sonra 2200 rubl) başa gələcək...

Xruşov bu məbləği eşidən kimi Kosıginin sözünü yarımçıq qoyub:

- Bu qiymətə hazırda “Moskviç”lər satılır. Belə qiymət vətəndaşlarımız üçün sərfəli deyil. Mən bu sahə ilə məşğul olanlara bir ay vaxt verirəm. Mütəxəssislərlə məsləhətləşin, hesablamalar aparın və mənə konkret təkliflər gətirin.

QOZBEL SON.jpg (136 KB)

Bir aydan sonra hökumət üzvləri Xruşovun kabinetinə toplaşıblar. Təkliflər paketi arasında Xruşov “Fiat 600”ün prototipi olan layihənin üzərində dayanıb və ilk sualı da maşının qiyməti ilə bağlı olub:

- Bu maşının qiyməti necə olacaq?

Bu dəfə Xruşovun sualına SSRİ Nazirlər Soveti sədrinin digər müavini, alkoqola meylli olması ilə tanınan Aleksandr Zasyadko cavab verib:

- Nikita Sergeyeviç, bu avtomobilin qiyməti təxminən min şüşə arağın qiymətinə bərabər olacaq.

Kosıgin isə sualı daha dəqiq cavablandırıb:

- 18 000 rubl (1961-ci ildən sonra 1800 rubl), orta hesabla götürsək, bu məbləğ vətəndaşlarımızın 12-18 aylıq maaşı deməkdir.

Xruşov bu rəqəmlə razılaşıb. Sonra avtomobilin hansı zavodda istehsal olunacağı müzakirə edilib. Əvvəlcə maşının Moskvadakı zavodlarda istehsal olunması nəzərdə tutulub. Amma kiçik müzakirələrdən sonra bu qərar dəyişilib. Yeni avtomobilin Ukraynada, Zaporojye şəhərindəki “Kommunar” zavodunda istehsal edilməsi qərara alınıb. Bu zavod həmin dövrə qədər kənd təsərrüfatı texnikası istehsal edib. Nazirlər Sovetinin müvafiq qərarından sonra “Kommunar”ın adı dəyişilərək Zaporoye Avtomobil Zavodu adlandırılıb və düz 63 il öncə, 1960-cı ilin noyabrın 22-də zovodun konveyrindən ilk iki qapılı, dörd yerlik, mühərriki arxada yerləşən “ZAZ-965” avtomobili çıxıb.

Əslində, ilk avtomobilin nümayişi noyabrın 21-ə planlaşdırılıb. Həmin gün tədbirdə Xruşovun iştirakı da gözlənilib. Amma sovet lideri Zaporojyeyə vaxt məhdudiyyətinə görə gedə bilməyib. Buna görə də ilk avtomobilin nümayişi noyabrın 22-də keçirilib.

Bir sıra çatışmazlığına, mühərrikin tez qızmasına, hərəkət zamanı salonda mühərrikin səsinin eşidilməsinə, salonun və maşının ön hissədə yerləşən baqajının kiçik olmasına baxmayaraq, “ZAZ-965” mövcud dövrdə populyar avtomobillərdən birinə çevrilib. Sıravi vətəndaşlar üçün bu maşına sahib olmaq heç də böyük maddi problem yaratmayıb. Bir ailədə iki nəfər işləyibsə, bir nəfərin maaşını yığmaqla bir-iki il ərzində maşını almaq mümkün olub.

QOZBEL YENİ.jpg (176 KB)

“Xalq avtomobili” adını alan “ZAZ-965”in xarici görünüşünə görə daha bir adı da olub – “qozbel”. Bu ad lətifələrə çevrilib, “ZAZ”dan söhbət düşəndə, “gördünüz, Xruşov qozbeli necə düzətdi” kimi ifadələr el arasında məşhurlaşıb.

“ZAZ-965” təkcə SSRİ-də deyil, bir sıra xarici ölkələrdə də populyarlıq qazanıb. Belə ki, zavod xarici ölkələr üçün “Yalta” adı ilə eyni avtomobildən istehsal edib.

QOZBELL.jpeg (137 KB)

Sözsüz ki, “ZAZ” avtomobilləri komfortuna, yüksək sürət həddinə görə populyarlaşmayıb. Bu avtomobil son dərəcə asan təmir edilməsi, ehtiyat hissələrinin olduqca ucuz olması ilə “şöhrət” qazanıb. “Qozbel”ə sahib olanların əksəriyyəti maşında problem yarananda özləri nasazlıqları aradan qaldırıblar. Digər bir tərəfdən, “qozbel”lər yanacaq sərfiyyatına görə öz sahiblərinin büdcəsinə çox da ziyan vurmayıblar.

Nikita Xruşov sonralar verdiyi müsahibələrində “ZAZ-965”in istehsalını SSRİ-nin avtomobil sənayesində xüsusi hadisə kimi qiymətləndirib.

İlham Cəmiloğlu,
Musavat.com

21.11.2023 13:55
2817