Bir ildə kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb

Son bir ildə dəyəri bir milyon dollardan çox olan kriptovalyuta aktivi sahiblərinin sayı demək olar ki, iki dəfə (95 faiz) artaraq 172,3 min nəfər təşkil edib.

Musavat.com xəbər verir ki, bu, İsveçrənin Henley & Partners konsaltinq şirkəti tərəfindən hazırlanan “Crypto Wealth Report 2024” araşdırmasının nəticələrində əksini tapıb.

Araşdırma hesabatında 100 milyon dollar və daha çox dəyərində kriptovalyuta sahibi olanların sayının il ərzində 79 faiz artdığı və iyunun 30-na olan məlumata görə, 325 nəfərə çatdığı qeyd olunur. Kriptovalyuta milyarderləri arasında da artım müşahidə olunub: dünyada onların sayı 28-dir ki, bu da bir il əvvəllə müqayisədə 27 faiz çoxdur.

Mütəxəssislər həmçinin Bitcoin-ə sahib olan milyonerlərin sayında 111 faiz artım qeydə alıblar - bu, 85,4 min nəfər təşkil edib. Dəyəri 100 milyon dollar və daha çox olan bitkoin sahiblərinin sayı iki dəfə artaraq 156 nəfərə, milyarderlərin sayı isə 83 faiz artaraq 11 nəfərə çatıb.

Bildirilir ki, dünyada kriptovalyuta istifadəçilərinin ümumi sayı 560 milyona (bir il əvvəlkindən 32 faiz çox), onun ümumi bazar dəyəri isə 2,3 trilyon dollara çatıb (2023-cü illə müqayisədə 89 faiz çoxdur).


Musavat.com

28.08.2024 03:06
317