Bir əsrin şəkli: Hicaz maneəsi – Homoseksual Lourensin dizayn etdiyi Yaxın Şərq hələ də sabit deyil

Bu şəkli görənlərin çoxu müvafiq şərh olmadan bunun nə demək olduğunu bilməz.

Bu, bir əsrin şəklidir. Şəkildə görünən yer Ərəbistan yarımadasında, Qırmızı dənizin sahilindəki Hicaz bölgəsinin səhralığıdır.

Səhralığın ortasında böyrü üstə qalmış dəmir-dümür topası isə vaxtilə Türkiyəyə, daha dəqiqi, Osmanlıya məxsus olmuş dəmiryol qatarının lokomotividir. 106 ildir eləcə atılıb-qalıb.

Bunu Osmanlı imperiyasına qarşı milli-azadlıq mübarizəsi aparmış ərəb üsyançılar sıradan çıxarıb, aşırıblar.

Heç bir imperiyanın təbəəsi olmadan, azad yaşamaq istəyən ərəblərə Osmanlı ordusunu ərzaq, əsgər və digər ləvazimatlardan məhrum etmək üçün Hicaz bögəsindən keçən dəmiryolda təxribat törətmək ideyasını Tomas Edvard Lourens verib və özü bu hərbi planın gürçəkləşdirilməsində iştirak edib.

Daha çox “Ərəb Lourens” kimi tanınan bu şəxs Osmanlıya qarşı ərəb üsyanının ideoloqu, necə deyərlər, “fikir xocası” olub. Ərəblər onun verdiyi taktika ilə Osmanlı imperiyasının müstəmləkəsi olmaqdan qurtulublar.

9999988.JPG (44 KB)

Tarixin ironiyası budur: ərəblər türklərdən qurtulublar və... ingilis imperiyasının müstəmləkəsi olublar. Sonra nisbi azadlıq qazansalar da, o vaxtdan bəridir bu bölgədə, xüsusilə də Fələstin torpaqlarında sülh və əmin-amanlıq yoxdur.

Son illərdə bu hadisəni Fələstin və Hicaz ərəblərinin Türkiyəyə xəyanəti, arxadan xəncər saplaması kimi qələmə vermək yayğındır. Ancaq azad olmaq istəyən xalqı metropoliyaya qarşı çıxmaqda ittiham etmək düzgün deyil. Ona qalsa, türk xalqı da xanədanlıqdan, Osmanlı səltənətindən imtina etdi, respublika qurdu.

Bu məntiqlə hazırda ruslar SSRİ-dən ayrılan respublikaların Rusiyaya xəyanət etdiyini, ruslara arxadan xəncər sapladığını iddia edə bilərlər və bu, bizim tərəfimizdən çox sərt qarşılanar. Müstəqil yaşamaq üçün hər bir resursu olan bütün xalqların özgür olmaq, öz taleyini özünün həll etməsi imkanına yiyələnmək haqqı var.

Hejaz-English.jpg (273 KB)

Bu baxımdan Fələstin ərəblərinin Osmanlıya, Türkiyəyə xəyanətindən yox, dini, dili, mədəniyyəti, hər şeyi yabançı olan yadellilərin fitvasına uymasından, ağılsızcasına bir ağanı digər ağaya dəyişməsindən, son nəticədə umduğunu ala bilməməsindən, bədbəxt olmasından danışmaq olar.

Tomas Edvard Lourensin bu saat Səudiyyə Ərəbistanında, Türkiyədə, İngiltərədə, İordaniyada, Suriyada, İraqda, Fələstində və İsraildə hələ də xatırlanmasının səbəbi budur ki, bu adam metryarımluq (1,65 sm) boyu ilə Yaxın Şərqin xəritəsini dəyişdirib, yeni geopolitik reallıqlar yaradıb. Bu reallıqlar isə bəzilərinin xanədanlıq qurub mütləq hakimiyyət sahibi olmasına, bəzilərinin isə hələ də müstəqillik uğrunda mübarizə aparmasına və çoxsaylı qurbanlar verməsinə səbəb olub.

31801s3.jpg (111 KB)

Lourens 1914-cü ilin yanvarında leytenant rütbəsi ilə Britaniya ordusunun qeyri-döyüş hissəsinə yazılıb. Ərəb dili mütəxəssisi olan gənc leytenant Misirə göndərilib. 1916-cı ilin may ayında Misir ekspedisiya qüvvələrinin komandanı general Arçibald Mürrey onu ərəb üsyançılarının başında dayanan Məkkə şahzadəsi Feysəlin (İraqın gələcək kralı) yanına, onun hərbi müşaviri olmaq üçün göndərib. Lourens şahzadəyə təklif edib ki, Mədinədə türk qarnizonunu təmin edən Hicaz dəmiryolunu bir sıra yerlərdə kəsərək üstün türk qüvvələrini hərəkət qabiliyyətindən məhrum etsin. Şimal bədəvi qəbilələrindən birinə başçılıq edən Auda ibu Tayi də Lourensin ekspedisiyasına qoşulub.

1917-ci ildə ingilis donanmasının dəstəyi ilə Lourens Auda və Feysəlin bir araya gəlməsi, eyni zamanda Fələstinə hücuma başlayan ingilis bölmələrinin gücü ilə Aqabanı almağı bacarıb. Bu məntəqənin tutulması Antanta anbarlarından ərəblər üçün təchizat təşkil etməyə imkan verib, ərəb qoşunlarında texniki mütəxəssislər peyda olub, ingilis aviasiyası ərəblərin mənafeyindən çıxış edib, öz növbəsində ərəblər kiçik hücumlar taktikası ilə çoxlu sayda türk qüvvələrini geniş əraziyə səpələnmiş vəziyyətdə qalmağa məcbur ediblər.

Lawrence_of_Arabia.jpg (75 KB)

1917-ci ildə Dərada ərəb üsyanı zamanı Lourens qısa müddətə türk qoşunları tərəfindən əsir götürülüb. Osmanlı paşaları bu “türk düşməni”ni edam etmək əvəzinə, böyük ehtimalla Britaniya generalitetinin təzyiqi ilə azadlığa buraxıblar. Lourens bu kampaniya zamanı 32 yara alsa da, Maandakı dəmiryol qovşağını dağıtmaqla, türklərə qarşı bədəvi qəbilələrini səfərbər etməklə müttəfiqlərin mövqelərini möhkəmləndirib. Dəməşqə daxil olan ingilis qoşunlarının başında Lourens durub.

Sonradan Pakistanda komendant olmuş, arxeoloq, hərbçi, yazıçı, kəşfiyyatçı, diplomat kimi parlamış, nəhayət, 1935-ci ildə 46 yaşındaykən ölmüş bu adamın sonrakı həyatı və fəaliyyəti barədə geniş danışmağa lüzum yoxdur. Üstəlik, ona görə ki, Lourensin şəxsi həyatı da qaranlıqdır, bir çox mənbələr onun homoseksual mazoxist olduğunu, Səlim Əhməd adlı kompanyonu ilə eşq yaşadığını yazırlar.

265041.jpg (90 KB)

Bunları keçək, əsas odur ki, bu adam Osmanlı imperiyasını dağıdan müttəfiq qüvvələrin planının baş icraçısı olub, ərəb dövlətlərinin yaranmasında iştirak edib.

Ancaq nə o, nə də onun rəhbərləri bölgəyə sülh və əmin-amanlıq gətirməyiblər. Birdəfəlik mütləqiyyət rejimi bərqərar edən Səudiyyə Ərəbistanı və İordaniyadan başqa, digər böyük ərəb dövlətləri (Suriya, İraq, Misir, Yəmən) bir-birini əvəz edən inqilablar, üsyanlar, hərbi çevrilişlər yuvasıdır.

Fələstin xalqı isə hələ də döyüşür. Hicazda, səhrada dəmiryolu dağıdıb, qatar lokomotivlərini aşırmaq çox asan idi, səhrada sabit rejimli dövlət qurmaq isə çox çətindir.

P.S. “Hicaz” kəlməsinin mənası “maneə” deməkdir.

Araz Altaylı, Musavat.com

21.10.2023 12:21
2678