Hər ilin sonunda növbəti il üçün maaşların artırılması proqnozları insanlar üçün ən maraqlı mövzuya çevrilir. Təbii ki, anlaşılan maraqdır, çünki yalnız maaşla yaşayan adam üçün cüzi artım da onun sosial rifahının yenilənməsi deməkdir. Təsadüfi deyil ki, maaşla yaşayan insanlar vaxt məfhumu ilə bağlı belə bir ifadə işlədirlər: “Vaxt bir maaşla o biri maaş arasında olan zaman kəsiyidir”. Bununla yanaşı maaş bəzən elə vaxtın, zamanın özünə “diktə” etməyə də qadirdir. Tarix boyu bu aylıq qazancın azlığı-çoxluğu nümayişlərlə, mitinqlərlə, kütləvi etiraz aksiyaları ilə müşayiət olunub.
Maaşlarla bağlı çoxsaylı maraqlı faktlar da mövcuddur. Maraqlıdır, alın təri kimə nə qədər və necə pul qazandırıb?
Dünyada dövlət başçıları arasında ən yüksək maaşı Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş alıb. Onun aylıq maaşı 33 min dollar olub.
Dünyada ən az maaşı isə Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfirləri alır. Onların illik maaşı cəmisi 1 dollardır.
Ayrı-ayrı ölkələrdə işçilərin maaşlarının artırılması ilə bağlı tələbləri fərqli qarşılanır. Amerikalı məşhur ixtiraçı və sahibkar Tomas Edison isə öz işçilərinin belə tələbinə tamam fərqli yanaşıb. Belə ki, sahibkarın tabeliyində olan işçilər maaşlarının artırılması üçün təkidli müraciətlər edəndə Tomas Edison elə bir ixtiraya imza atıb ki, həmin işçilərin əməyinə ehtiyac qalmayıb.
Generalisimmus Suvorov adətən öz maaşını gümüş sikkələrlə dəyişib. Sərkərdə döyüşdən sonra həmin sikkələri fərqlənən döyüşçülərə hədiyyə edib ki, bu da onların döyüş ruhunu artırıb.
“Apple” kimi nəhəng bir şirkətin sahibi ildə cəmisi vur-tut 1 dollar maaş alır. Onun təvazökarlığını və maaşının bu qədər az olmasını nəzərə alan şirkətin direktorlar şurası şirkətin sahibinə hər il 70 milyon dollar mükafat yazır.
Maaşların qaldırılması ilə bağlı qeyri-adi hadisələrdən biri Honkonqda baş verib. Avtobus sürücüləri maaşlarının qaldırılması ilə bağlı tələb irəli sürüblər. Tələblərinin yerinə yetirilmədiyi halda onlar bəyan ediblər ki, avtobusu sürərkən bütün yol hərəkəti qaydalarına riayət edəcəklər. Yerli hakimiyyət orqanları sürücülərin tələbini dərhal yerinə yetiriblər. Nəzərə alınıb ki, avtobus sürücüləri yol hərəkəti qaydalarına riayət etsələr, sürət həddini aşmasalar küçələrdə dəhşətli tıxaclar yaranacaq.
İtalyanlar öz maaşları ilə bağlı problemin həllinə daha asan nail olublar. Ayaqqabı fabrikinin işçiləri nə nümayişə çıxıblar, nə də ki, tətil etmək qərarına gəliblər. Hətta onlar ayaqqabıları əvvəlkindən də keyfiyyətli tikiblər. Ancaq ayaqqabıların yalnız bir tayını. Çıxış yolu tapmayan rəhbərlik işçilərin maaşını qaldırıb.
Almanlar isə maaşlarının azlığından şikayətlənmirlər. Burada 1 kiloqram çörək almaq üçün 10 dəqiqə, 1 litr benzin almaq üçün 3 dəqiqə, soyuducu əldə etmək üçün 30 saat, televizora sahib olmaq üçün 83 saat işləmək yetərlidir.
Məşhur sahibkar Henri Fordun maaşların artırılması ilə bağlı atdığı addım uzun illər işçilərinin yaddaşında qalıb. “Ford” avtomobil zavodunun sahibi Henri Ford fəaliyyətlərinin 11-ci ilində gözlənilmədən bütün işçilərin maaşını ikiqat artırıb. Daha çox vəsait əldə edən işçilər isə öz pulları ilə özlərinə “Ford” avtomobili alıblar. Düşünülmüş və hiyləgər addımdır.
Amerikalılar öz maaşları haqqında kiməsə məlumat verməyi xoşlamırlar. Onlar hər şey haqqında, hətta öz şəxsi intim həyatları haqqında belə danışa bilərlər. Ancaq nə qədər maaş aldıqlarını sirr kimi saxlayırlar.
Bir çox Avropa ölkələrində tanınmış şirkətlərin ofislərində üzərində aşağıdakı sözlər yazılmış plakatlar vurulur: “Unutmayın ki, sizin maaşınızı sizin müştərilər verir!”
Yaponiyada şirkət rəhbərləri evdən işləyən işçilərə daha çox maaş verirlər. Səbəbi isə çox sadədir. Belə ki, şirkət rəhbərləri bununla ofisdə çalışan işçilərin sayını azaltmaqla ofisin sahəsini də kiçildir ki, icarə pulunu azaltmış olur.
Maraqlı faktlardan biri də odur ki, dünyanın bir çox ölkələrində kişilərin maaşı qadınların maaşından daha çoxdur.
Dünyada ən uzun iş həftəsi isə Namibiyada qeydə alınıb. Bu ölkənin vətəndaşları həftədə 55 saat işləyirlər.
Dünyada ən yüksək orta aylıq əmək haqqı olan ölkə Norveçdir. Bu ölkədə işləyənlərin orta maaşı 5000 ABŞ dolları civarındadır.
Avropada minimum əmək haqqının ən yüksək olduğu ölkə isə Lyuksemburqdur. Hələ bir neçə il bundan əvvəl bu ölkədə minimum əmək haqqı 1923 avro müəyyənləşdirilib.
İlham Cəmiloğlu, Musavat.com