Bir ailənin faciəsinə səbəb olan qəza ilə bağlı- Hökm oxundu

Oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dəhşətli yol qəzası törətmiş 1999-cu il təvəllüdlü İlkanə Əhmədovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun sağında dayanmış “Audi” və “Mitsubishi” markalı maşınlara çırpan və “Mitsubishi”nin sürücüsü Fəxri Umudovun ölümünə səbəb olan İ.Əhmədova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə İ.Əhmədova hadisə vaxtı üzərinə başqa maşının gəldiyini görərək maşını sağa çəkdiyini və idarəetməni itirərək iki avtomobili vurduğunu deyib. Onun sözlərinə görə, qəzadan sonra özünü pis hiss edib və təcili tibbi yardım maşını ilə xəstəxanaya gedib.

Həmçinin istintaq zamanı İ.Əhmədovanın mərhum F.Umudovun ailəsi ilə barışdığı, dəymiş ziyanı ödədiyi məlum olub.

İfadə verən F.Umudovun atası 24 yaşlı xanım sürücüdən şikayətçi olmadığını bildirib.

Sabunçu Rayon Məhkəməsinin 22 fevral tarixli hökmü ilə İ.Əhmədovaya 1 il 6 ay avtomobil idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Xatırladaq ki, dəhşətli qəzadan sonra mərhum Fəxri Umudovun həyat yoldaşı, Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Onların 2 yaşlı övladı qalıb.

Nizam Rza





23.02.2023 17:12
893