Bir adna günündə, böyük meydanda... – Qarabağın müdafiə edildiyi ilk hərəkət

Min doqquz yüz səksən səkkizinci ilin 17 noyabrı həftənin dördüncü gününə, rəsmi təqvimdə cümə axşamı, el arasında isə “adna” adlanan günə düşmüşdü.

Ancaq o gün ölkəmizin tarixində başqa bir adla da qalıb – Milli Dirçəliş Günü.

Məhz həmin gün on minlərlə vətənpərvər insan – tələbəsindən tutmuş akademikinə, fəhləsindən başlamış ən yüksək vəzifəlisinə qədər elliklə paytaxt Bakının mərkəzinə, Lenin meydanına axışıb. (Elə o gündən o meydanın adı da dəyişdi).

Ona qədər nəinki Azərbaycanda, heç SSRİ-də də bu kütləvilikdə xalq toplanışı olmamışdı. İrəvanda, Stepanakertdə (indiki Xankəndi) minlərlə adamın Qarabağı Azərbaycandan qoparmaq tələbi ilə mitinqlər olmuşdu, amma birdən-birə meydana 1 milyona yaxın insan çıxmamışdı. Həm də ona görə ki, onlarda bu potensial yox idi.

Həmin vaxt artıq Qarabağda yaşayan ermənilərin separatizminin açıq müstəviyə keçməsinin 9 ayı tamam olmuşdu. Onlara cavab olaraq yalnız 1988-ci ilin fevral ayında gənc alimlər və aspirantlar “Spartak” stadionunda müasir piketlərə oxşayan bir toplantı keçirmiş, etiraz bildirmişdilər. Amma milli kükrəyiş olmamışdı.

Mİn doqquz yüz səksən səkkizinci (1988-ci) ilin 17 noyabr günündə bu qədər insanın ölkənin baş meydanına toplaşması, möhtəşəm xalq hərəkatının başlanması isə Qarabağın əldən gedəcəyi təhlükəsinin get-gedə güclənməsi ilə bağlıydı. Ona qədər hamı düşünürdü ki, bir külək idi, əsdi, keçdi, ermənilər Qarabağı almaq istədilər, amma bacarmadılar, məsələ bitdi. Ancaq 1988-ci ilin noyabrında ermənilər özlərini Qarabağın sahibi kimi aparmağa, Topxana meşəsində tikinti işləri görməyə başlayanda anladıq ki, onların niyyəti çox ciddidir.

Gerçəklik budur: həmin vaxt bu ölkədə heç kəs Qarabağın Azərbaycandan qoparılmasını istəmirdi. Bunu Hadrutun Düdükçü kəndinin sahibi olan Qarabağ vəzirinin nəvəsi, həmin vaxt ölkəyə kompartiya xətti ilə rəhbərlik edən Əbdürrəhman Vəzirov da istəmirdi, Gürcüstanda doğulmuş kompartiya katibi Həsən Həsənov da, Ermənistanda böyümüş Nurəddin Mustafayev də, Naxçıvanda dünyaya gəlmiş Əbülfəz Elçibəy də. Eləcə də milyonlarla başqa insan da.

Xalq hərəkatı ona görə kütləvi oldu. Hamını birləşdirən dəyər vardı – Qarabağ, vətən torpağı.

Əslində yerli kommunistlərin, partiya və sovet fəallarının, kollektiv təsərrüfatların, irili-xırdalı bütün müəssisələrin xalq hərəkatına dəstək verməsi sırf bütün ölkənin Ermənistana və ermənilərə havadarlıq edən Kremlə güc göstərməsi üçün idi. Bu, baş tutdu.

İlk başda tələblər yalnız Qarabağa aid idi. Nə demokratiya və azad seçki tələb edən vardı, nə SSRİ-yə meydan oxuyan, onu dağıtmaqla hədələyən, nə müstəqil dövlətçilik davası aparan. Əsas məqsəd Qarabağın Azərbaycandan qoparılmasının qarşısını almaq idi. Ancaq sonradan meydan xeyli radikallaşdı. Tribunada ağıllı danışan, bu işin sonrasına dair fikirlər yürüdən şəxslər susduruldular, fitə basıldılar. Sovet rəhbərliyinə ünvanlanan siyasi tələblər Qarabağın toxunulmazlığı ilə yekunlaşmadı, ortaya 30-dan çox ciddi tələb atıldı. Onların arasında ekologoyaya dair tələblər vardı.

Bəzi revanşist qüvvələr altdan-altdan hakimiyyət davasına girişdilər. Vəzirovun kreslosunun laxladığını düşünən və onu aşırmağın mümkünlüyünə inanan kompartiya liderləri öz oyunlarını apardılar, sovet dövlətinin təhlükəsizlik orqanları öz işlərini görməyə başladılar. Bir yerdən sonra Meydanın tribunasında edilən çıxışlar da bir-birini təkrar etməyə başladı. Hamı eyni şeyi deyirdi: “Torpaqdan pay olmaz”, “Öldü var, döndü yox”, “Qarabağ bizimdir, bizim olacaq” və sair və ilaxır.

Bununla belə, Meydan hərəkatı sovet dövlətini idarə edənləri ayıltdı. Onlar anladılar ki, Siyasi Büronun və ya SSRİ Ali Sovetinin qərarı ilə Qarabağın taleyini həll etmək, onu bir sovet respublikasından ayırıb o biri sovet respublikasına vermək mümkün deyil.

Belə bir təhlükə vardımı? Əlbəttə, vardı. Ermənilər bütün güclərini bu istiqamətdə səfərbər etmişdilər və ölkə başçısının həyat yoldaşı Raisa Qorbaçovanı da bu işə qatmışdılar. Hər şey Moskvanın qərarı ilə həll olunmalıydı. Ermənilər düşünürdülər ki, Moskva belə qərar çıxarsa, Azərbaycanda buna etiraz edən, cınqırını çıxaran olmayacaq. 17 noyabr hərəkatı bu illüziyaları darmadağın etdi.

Meydan hərəkatı erməniləri də ayıltdı. Onlar anladılar ki, Qarabağı Azərbaycandan xoşluqla almaq mümkün olmayacaq, ona görə də “xalq könüllüləri” adlanan terrorçu birliklər yaratmağa, silahlanmağa başladılar, niyyətləri əliyalın Azərbaycanı silah gücü ilə yola gətirmək idi.

17 noyabr kükrəyişi dekabrın 5-də Nemət Pənahlı və onun yanında qalmış fəalların həbsi ilə nəticələnsə də, hərəkatın nüvəsini təşkil edən gənc alimlər bu qərara gəldilər ki, bundan sonra konkret hədəfləri və sturkturu olmayan güclü təşkilat yaratmadan nə ermənilərin planlarına, nə də Kremlin təmayüllü siyasi xəttinə müqavimət göstərmək mümkün olmayacaq. Xalq Cəbhəsinin yaradılması ideyası məhz həmin günlərdə şüurlara hakim kəsildi.

Bu gündən baxanda açıq-aydın görmək olur ki, Meydan hərəkatı olduqca vacib və vaxtında başlanmış bir hərəkat olub. O vaxt susqun qalsaydıq, kim bilir, nələr olardı. Amma bu, Qarabağın taleyi baxımından yüz faiz bizim xeyrimizə olmazdı.

Biz 17 noyabrda olduğu kimi, başqa həlledici anlarda da o cür mütəşəkkil, qətiyyətli, cəsarətli olsaydıq, sonradan o boyda silsiləvi məğlubiyyətlərə düçar olmazdıq.

17 Noyabr – bizim şanlı tarixi günlərimizdən biridir.

 

17.11.2024 12:12
1461