Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının agent rolu oynadığı bir daha təsdiqləndi. Rəsmi Bakı Aİ agentinin çirkin fəaliyyətinə ad qoydu - “Binokl diplomatiyası”.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko fevralın 12-si Xarici İşlər Nazirliyinə çağırılıb və ona bəyan edilib ki, Ermənistandakı Monitorinq Missiyası regional sabitliyə zidd hərəkətlər edir, iki ölkə arasında etimad quruculuğuna əks töhfə verir, Azərbaycan əleyhinə təbliğat aparır.
Missiya Avropa rəsmilərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilini “Binokl diplomatiyası” agenti rolunda həyata keçirir, Azərbaycana qarşı nifrətin yayılmasına, Azərbaycanofobiyanın genişləndirilməsinə xidmət göstərir.
XİN vurğulayıb:
- "Binokl diplomatiyası”nın Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirlərinə başladığı zamanda fəallaşması narahatlıq doğurur.
- Monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.
- Missiyanın davranışı neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.
Aİ-dən tələb olunur:
- Mandata uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərin.
- Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş, onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinin.
Tarixi xatırlayaq:
Avropa İttifaqının Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel keçirilmiş görüşdən gündəmə gəlmişdi və o zaman Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi.
Lakin sonrakı mərhələdə Fransanın qeyri-adekvat davranışları missiya ilə bağlı çərçivələri pozmağa başladı, daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Azərbaycanın razılığını almadan Ermənistana 100 nəfərlik heyətdən ibarət iki illik missiya göndərmək qərara alındı. Missiyanın mülki və humanitar xarakter daşıdığı bəyan olunsa da Avropa İttifaqı yaydığı açıqlamada qeyd etdi ki, 50 nəfər “silahsız müşahidəçidir”. O deməkdir ki, 50 nəfər də silahlıdır. Sonradan məlum oldu ki, say 138-dir. Çox güman bu hesabla silahlı şəxslərin sayı artıb.
Silahlı mülki missiya olur? Absurdun özüdür. Avropalı silahlıların ölkələrinə yerləşdirilməsndən erməni ictimaiyyətinin xəbəri olmayıb. Gizli agentura şəbəskəsini Ermənistana belə dürtüblər.
O dövrdə İlham Əliyev bildirmişdi: "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".
Belə də oldu: Avropa İttifaqının növbəti missiyasının Ermənistanda fəaliyyətə başlamasından bir gün sonra - 2023-cü il fevralın 20-də Ermənistan Tovuz və Sədərək rayonlarındakı mövqelərimizi, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki erməni terrorçuları Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutdu.
“Özünüzü düzgün aparın” xəbərdarlığı
Azərbaycan XİN-də həmin ərəfədə Aİ missiyasına obrazlı desək, "özünüzü düzgün aparın" xəbərdarlığı ünvanlamışdı. Sitat: "Monitorinq Missiyası sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə “xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir” və monitorinqlər qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməlidir".
Ermənistanın XİN rəhbəri Mirzoyan açıqlamasında “Bu missiya regionda sülhə, sabitliyə və təhlükəsizliyə tövhə verəcək” söyləmişdi.
Bu dəfə də Azərbaycan dediyi oldu, Ermənistanın qənaəti iflasa uğradı. Aİ-nin Monitorinq Missiyası sülhə yox münaqişə ocağının yenidən alovlanmasına çalışdı. Belə deyildisə, “Binokl diplomatiyası” ötən il sentyabrın 12-də Tavuş vilayətinin İcevan bölgəsində niyə əməliyyat ofisi açırdı? Təmtəraqlı açılış mərasimi də keçirirdi, lent kəsirdi... Kəsilmiş lenti əllərində bayraq tutan Qarabağdakı erməni separatçılarının qızışmasında o mərasimin az təsiri olmadı. Düşündülər ki, Aİ binoklla baxıb onlara ağ günə çıxmağa istiqamət verəcək. Qara günə qaldılar. Aİ-nin binokluna sarılıb, Azərbaycanın "silahları yerə qoyun" çağırışına əhəmiyyət vermədilər və 8 gündən sonra - sentyabrın 20-i 23 saat 51 dəqiqə ərzində antiterror əməliyyatına məruz qaldılar.
İki ay keçdi, otən ilin dekabrında Aİ-nin Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəldi. Açıqlama Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrellin adından qurumun saytında yerləşdirildi.
Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasındakı çıxışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuranın bu qərarını tənqid etdi və əməkdaşların sayının “özbaşına genişləndirildiyini” diqqətə çatdırdı.
Binokldan dördayaqlı yapışmaq
Aİ “binokl diplomatiyası”ından sırtıqcasına dördayaqlı yapışıb. Müharibənin bitdiyini, 30 illik münaqişənin sona çatdığını həzm edə bilmirlər. Azərbaycan Ermənistanla əlaqələrini vasitəçisiz qurur. Sülh sazişinin imzalanmasına aparan xeyli uğurlu nəticələr var. Belədə Avropanın merkantil maraqlara əsaslanan təşkilatlarının, məkrli siyasəti süjet xəttinə çevirən ölkələrin regionda “suyu bulandırıb balıq tutmaq” sevdası daşa dəymiş olacaq. On illərlə ermənilərə yalan vədlər yedizdirərək özlərini vacib persona kimi göstərənlər bu gün üzlərindən düşən maskanın altında gizlətdikləri əməli eybəcərliyin biabırlığını yaşayırlar.
Əsgərimizin snayperlə vurulmasına Monitorinq Missiyası şərait yaratdı
Binoklunuzun ipindən asılan terrorçu düşüncəli ermənilər fevralın 12-də Qafan rayonundan Azərbaycanın Zəngilan rayonunu atəşə tutdu. Erməni təxribatı nəticəsndə DSX-nın əsgəri Xəlilzadə Pərviz Ağakişi oğlu yaralandı.
Missiyanız yerin dibinə girmişdi? Arxanızca sürüdüyünüz şüursuzların təxribatını görmədiniz? Azərbaycan bir gün keçməmiş layiqli tərzdə cavab verdi. DSX bölmələri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirdi. Əsgərimizə atəş açılan Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi, döyüş mövqeləri susduruldu. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
DSX-dan yayılan məlumatda bildirilir ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Binoklla baxmağa ehtiyac yoxdur, gerçəklik gözlə görünür, ay Aİ.
Jurnalist Ekspert Mərkəzinin sədri
Ceyhun Musaoğlu