Binalara istilik verilməsi noyabrın 1-dən aprelin 30-dək… - Deputatdan xahiş

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirib.

Musavat.com bu barədə ƏHD Partiyası mətbuat xidmətinə istinadən bildirir.

Seçicilər görüşdə kanalizasiya və su xətlərinin sıradan çıxdığına görə, zirzəmilərin su ilə dolduğunu və sanitar-gigiyenik normaların pozulmasından şikayətləniblər.

Həmçinin, sakinlər yaşadıqları ərazinin qış aylarında çox soyuq olduğunu deyərək, binalara istilik verilməsinin noyabrın 1-dən aprelin 30-dək olan dövrü əhatə etməsi üçün (hazırda istiliyin verilməsi 15 noyabr-15 aprel dövrünü əhatə edir-red.) deputatın yardımçı olmasını xahiş ediblər.

Seçicilər binalarda su çatışmazlığı, həyətlərdə uşaqlar üçün oyun meydançalarının olmaması, işıqlandırma və digər problemlərlə bağlı da məsələ qaldırıblar.

Deputat səsləndirilən şikayətlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.

Musavat.com

12.10.2024 18:46
588