Bilik olimpiadasının mükafatsız qızıl medalı

 

İdman qələbələrinə ciddi önəm verən ölkələr var, verməyən ölkələr var. Biz birincilərə aidik.

Bunun bir neçə ciddi səbəbi var. Amma eynilə bizim durumumuzda olan, uzun illərə dayanan müstəmləkə həyatı yaşayan, dünyəvi inkişafdan qalan elə ölkələr də var ki, onlarda idman qələbələrini o qədər də prioritet saymırlar.

Məsələn, 10 gün öncə Özbəkistan gözümə elə göründü. Bu ölkənin paytaxtında və Səmərqənd şəhərində olarkən xeyli özbək ziyalı və ictimai-siyasi fəalla ünsiyyətdə olduğum üçün bunu əminliklə söyləyirəm.

Həmin vaxt Paris olimpiadasından cəmi 20 gün keçmişdi və olimpiadanın əks-sədası mediada, ictimaiyyət arasında davam edirdi. Mən və postsovet məkanından olan digər qonaqlar Özbəkistan idmançılarının olimpiadada 8 medal qazanmasını qeyd edir, özbək dostlarımızı təbrik edirdik. Onların reaksiyası bizim təbriklərə adekvat olmurdu, sanki 8 qızıl medal qazanmaq sıradan bir şey imiş. Nə eyforiyaya qapılan, özlərini öyən vardı, nə bu medallarla qürur duyduğunu səsləndirən olurdu.

Sonradan anlaşıldı ki, özbəklər təkcə idman qələbələri ilə məhdudlaşmaq fikrində deyillər, onlar bütün sahələrdə inkişafa, tərəqqiyə can atırlar.

Bununla belə, Özbəkistan hökuməti olimpiadada qızıl medal qazanan idmançıları layiqincə qiymətləndirmişdi.

Ancaq budur, Qazaxıstanda medal qazanmış idmançıların mükafatlandırılması söz-söhbətsiz ötüşməyib. Ölkənin tanınmış ziyalısı, akademik Əsgər Jumadildayev hökuməti və sponsorları idmançılara bahalı hədiyyələr verdiyinə görə tənqid edib.

Akademikin fikrincə, bu, idmanın təhsildən üstün tutulmasıdır. O deyib ki, nəyə görə bir çempiona o qədər mükafat verirlər, nə var, nə var, kiminsə üzünə yumruq vurub. Jumadildayev medal qazanmış idmançıya avtomobil, at ilxısı, mənzil, hətta dəvə bağışlandığını qeyd edərək deyib: “Amma fikir verirsinizsə, bizim uşaqlarımız da eyni uğura imza atırlar. Hər il riyaziyyat olimpiadasından medal gətirirlər. Niyə onlara heç velosiped də vermirlər?”

Bu söhbət bizim ölkəmizdə də aktualdır. Xatırlayırsınızsa, Pekin, London, Tokio, Rio-de-Janeyro olimpiadalarında qızıl, gümüş və bürünc medal qazanan idmançılarımız həm dövlətdən, həm də ayrı-ayrı iş adamlarından böyük mükafatlar almışdılar.

Hətta mükafatların (mənzillər, avtomobil kolleksiyası, böyük məbləğdə nağd pul və s.) həcmi və çeşidi o qədər böyük olmuşdu ki, bu, idmançıların sonrakı həyatına və idman karyeralarına mənfi təsir göstərmişdi. Onlar həyatdakı bütün arzularına çatmış kimi, idman karyeralarını ikinci plana keçirərək, həyatdan zövq almağa başlamışdılar və sonrakı yarışlarda pis nəticələr göstərmişdilər. Aralarında ömrünün ən yaxşı çağında (20 yaşda) artıq təqaüdə ayrılası səviyyədə performans göstərənlər vardı.
Ancaq acı gerçəklik budur ki, bir idmançıya verilən mükafatlara xərclənən pullarla onlarla tələbəni Yaponiya, Cənubi Koreya, Kanada, Almaniya kimi ölkələrdə sırf mühəndislik ixtisasları üzrə oxutmaq olardı.

Qazax akademik əbəs yerə elm olimpiadalarından qızıl medal gətirən şagird və tələbələrdən danışmır. O bilir ki, riyaziyyatı, texnologiyanı yaxşı biilən, mükəmməl mühəndislik təhsili alan gənclər ölkə üçün daha faydalıdır.

Elə gənclər bizdə də var və vaxtaşırı onların sorağı uzaq-uzaq ölkələrdə keçirilən bilik olimpiadalarından gəlir. Onların çoxu həmin olimpiadalara öz vəsaitləri hesabına qatılır, medalla qayıdanda isə yalnız valideynləri, qohumları sosial şəbəkədə paylaşım edir, bir də oxuduqları məktəbin müəllimləri fəxr edirlər.

Sonradan o uşaqlar inkişaf etmiş ölkələrin ən yaxşı universitetlərinə daxil olurlar. Dövlət proqramına düşsələr, yaxşı olur, düşməsələr, onları valideynləri oxutdurur, ya da təhsil aldıqları universitetlər bu istedadlı gənclərə təqaüd kəsir, sonra isə öz ölkələrində saxlayırlar. Nəticədə erkən mərhələdə “beyin axını” deyilən hadisə baş verir.

Bizim idman qələbələrinə böyük önəm verməyimiz isə öncələr sırf Qarabağ məsələsi ilə bağlıydı. Biz müharibənin birinci mərhələsini uduzmuşduq və öz gücümüzə, qabiliyyətimizə inamımız azalmışdı, hətta sıfırlanmışdı. Biz bu apatik durumdan silsiləvi idman qələbələrinin hesabına çıxdıq, idmançılarımız rinqlərdə, tatamilərdə, meydançalarda əzm göstərərək bu millətin əfəl olmadığını, əksinə, qoçaq, döyüşkən olduğunu rəqiblərə də, özümüzə də göstərdilər və öz gücümüzə inam yaratdılar.

Sonra eyni şeyi əsgərilərmiz etdi. İndi estafet əsgərlərdədir.

Ona görə də indi hədəfi bir az dəyişmək, diqqəti təhsilə vermək, hər il yüzlərlə tələbənin dünyanın ən öndəgedən texnoloji universitetlərində təhsil almalarını təmin etmək lazımdır. Yaxın illərdə əsas güləş meydanı elm və təhsil sahəsi olacaq.

03.09.2024 10:00
1045