Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Musavat.com-un “Report”a istinadən məlumatına görə, hadisə 8 iyun saat 16:35 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında qeydə alınıb.
Belə ki, Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi və qayınatası Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E.Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görərək oradan qaçıb.
A.Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.
Məlumata görə, hadisəyə ilkin səbəb kimi E.Şəbiyevin həyat yoldaşından boşanmaq istəməsi göstərilir. Belə ki, mərhum qayınata A.Almasov E.Şəbiyevin onun qızından ayrılması ilə razı deyilmiş.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Şəbiyev Elşən Bəhlul oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.