“Bild”in bildiyi həqiqət: "Bu adam soyuqqanlı killerdir”

Almaniyada çıxan “Bild” nəşrində dünən Berlinin mərkəzində baş vermiş hadisə barədə geniş material dərc edilib.

AZƏRTAC xəbər verir ki, qəzet bu materiala hadisə yerindən çəkilmiş fotoşəkilləri də əlavə edib.

İyunun 8-də səhər saat 10.26-da Berlinin Kudamm prospektində avtomobil mühərrikinin gurultusu eşidilir. Bir dəqiqə keçməmiş bir qadın həlak olur, ciddi xəsarətlər almış 9 nəfər asfalta döşənir, daha bir neçə nəfər yüngül yaralanır. Hadisə yerindən 200 metr məsafədə yerləşən parfümeriya malları mağazasının vitrinində balaca bir avtomobil ilişib qalır.

Gedextniskirxe yaxınlığında “Renault Clio” markalı avtomobili böyük sürətlə idarə edən 29 yaşlı kişinin adı X.Qordur. Burada turistlər, o cümlədən Hessen federal əyalətinin Bad-Arolzen şəhərindəki Kaulbax məktəbinin 10-cu sinfində oxuyan 24 şagird və 2 müəllim gəzişirdi. Onlar buraya buraxılış gecəsini qeyd etməyə gəlmişdilər.

Avtomobilin vurduğu 51 yaşlı müəllimə dərhal keçinib. İşçilərdən biri deyir: “Mən onu xilas etməyə çalışdım, amma təəssüf ki, o öldü”. İkinci müəllim və 14 şagird yaralanıb.

Həddini aşmış sürücü avtomobilini döndərib əks istiqamətdə yola düşüb. Bu hadisədən şoka düşmüş şahidlərdən biri deyib: “Maşının kapotu üzərində iki nəfər vardı. Avtomobil saatda 60-80 kilometr sürətlə gedirdi”.

Həmin küçənin növbəti tinində X.Qor yenidən maşını səkiyə sürüb, orada yoldan keçən iki nəfəri vurub, kafedəki stol-stulları aşırıb və parfümeriya mağazasının vitrininə pərçim olur. Erməni mənşəli Almaniya vətəndaşı X.Qor özü zərər çəkməyib. O, avtomobildən çıxıb qaçmağa cəhd edib. Şahidlər onu tutub saxlayıb və polis gələnədək onu buraxmayıblar.

Xilasedicilər ağır yaralıların həyatı uğrunda mübarizə aparan müddətdə polis X.Qoru həbs edib. O, kəkələyə-kəkələyə “Xahiş edirəm, kömək edin! Xahiş edirəm, kömək edin!”, – deyə qışqıranda yoldan keçən bir nəfər ona belə cavab verib: “Hələ bir kömək də istəyirsən? İndicə az qala iki nəfəri öldürəcəkdin!”

Onlarca təcili yardım maşını hadisə yerinə tələsir. 130 nəfər polis işçisi orada keşik çəkir. Təcili yardım helikopteri Tauensiyendə yerə enir.

ZDF telekanalının verdiyi məlumata görə, X.Qorun avtomobilində antitürk məzmunlu plakatlar və ola bilsin siyasi motiv daşıyan materiallar aşkar edilib. Məlumatda bildirilir ki, plakatlarda “Stop Turkish Aggression!” sözləri yazılıb.

Berlin meri Fransiska Qiffi deyib: “Bu plakatlar maşının arxa oturacağında tapılıb, lakin onların cinayətlə bağlı olub-olmaması, kimə məxsus olması və bu cinayətdə siyasi motivlər olub-olmaması hələ məlum deyil”.

Müstəntiq “Bild” nəşrinə deyib: “Dəqiq deyə bilərəm ki, bu, bədbəxt hadisə deyil. Bu adam soyuqqanlı killerdir”.

09.06.2022 18:35
610