Bilal Əliyevin ingiliscəsi - xarici dili ilə öyünən sənətçilərimiz

Bu günlərdə Xalq artisti Bilal Əliyevin ingilis dilindən şeir tərcümə etməsi maraqla qarşılanıb. Belə ki, ARB TV-də yayımlanan verilişlərin birinə qatılan o, Uilyam Şekspirin şeirini tərcümə etməyə çalışıb. Lakin tərcümə zamanı çətinlik çəkdiyi və bəzi sözləri unutduğu müşahidə olunub. 

Bilal Əliyev isə buna cavabında “Bir az təkrarlamaq lazımdır”, - deyə reaksiya verib. Qeyd edək ki, həmin anlar sosial şəbəkədə gündəm olub.

O, bir neçə il öncə də ingilis dilində danışa bildiyini, bunun üçün İngiltərəyə gedib, dərslər aldığını demişdi:

“İngilis dilində danışa bilirəm, çünki İngiltərəyə dili öyrənmək üçün 8 dəfə getmişəm. 6 aydan sonra yenidən dil öyrənmək üçün Londona gedəcəm”. Həmin vaxt da Bilal Əliyevin işlətdiyi sözlərin bəzisini başa düşmək çətin olmuşdu.

Bəs maraqlıdır, hər hansı xarici dili mükəmməl bilən sənətçilərimiz çoxdurmu? 

Xalq artisti Aygün Kazımova isə rus və ingilis dillərində danışmağı bacarır.  

Xalq artisti Röya da rus dilində danışmağı bacarır. Sənətçi illər əvvəl ingilis dilli müəllimindən evdə fərdi olaraq dərs aldığını bildirmişdi.

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu Azərbaycan dillindən başqa rus dilində danışır. Az da olsa ingilis dillindən məlumatı var.

Opera ifaçısı Ülvi Qılınc rus, alman və ingilis dillərini bilir. İtalyan dilindən isə az da olsa məlumatı var.

Müğənni Zamiq Hüseynov Azərbaycana dilindən başqa rus və ingilis dilində danışır.

Nura Suri rus dilinin qrammatikasını çox yaxşı bilir. Bundan başqa müğənni ingilis dilində də əla danışır.

Müğənni Xumar Qədimova rus, ingilis dillərini bilir.

Nadir Qafarzadə də bir çox müğənnilərmiz kimi rus dilini bilir. Amma ingilis dilindən də məlumatlı olduğunu bildirib.

Müğənni Kərim Abbasov rus, ingilis dilində yaxşı danışa bilir.

“Eurovision-2012”-in qalibi Eldar Qasımov isə ingilis, rus dillərini mükəmməl bilən ifaçılar arasındadır. Çünki Eldar Qasımov xarici dillər üzrə təhsil alıb. Bunda başqa Eldar fransız dilində də danışa bilir.

Müğənni Xatirə İslam sadəcə rus dilini bilir.

Müğənni Zarina rus və ingilis dillərində danışır.

Əməkdar artist Lalə Məmmədova isə ingilis dilini mükəmməl bilir. Sənətçi hazırda Milli Aviasiya Akademiyasında ingilis dili fənnini tədris edir, Azərbaycan Milli Elmlər Akademiyasında  Filologiya üzrə fəlsəfə doktorudur.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Əməkdar artist qeyd edib ki:

“İlk öncə onu qeyd edim ki, musiqinin dili yoxdur. Musiqi əgər gözəldirsə, hər dildə olan müxtəlif insanları, hətta təbiətdəki heyvan və bitkiləri duyğulandırmağı bacarır.

Demək olar ki, bir neçə ili bilirəm. Belə ki, az da olsa gürcü, fransız, Çin, rus dilində bilirəm. Hesab edirəm ki, hər dildə bir-iki söz da olsa bilmək lazımdır.

Hətta deyim ki, dilbilməzlərin belə dilini bilirəm. Müxtəlif xalqlardır, təbiətdir, onların dilindən də ən çətin dil bayağı insanlar, onların danışığıdır. Mən təbiətin, heyvanların, bitkilərin, suyun dilini belə anlaya bilərəm, bir tək bayağıların dilini yox”.

Xalidə Gəray,
“Yeni Müsavat”

13.05.2024 20:57
1747