“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək”.
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.
Deputat bildirib ki, eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır.
“Yeni dəyişikliklə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq.
Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.
Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”, - deyə o qeyd edib.
Musavat.com