Bir sıra Avropa ölkələri üçün yeraltı qaz anbarlarını Avropa Komissiyasının tələbinə uyğun olaraq noyabrın 1-dək 90 faiz doldurmaq çətin olacaq. Musavat.com xəbər verir ki, bunu Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib. Onun fikrincə, anbarlara 90 faiz dolmasa, Almaniya və Niderland kimi ölkələr qəfil və ya uzun müddətli soyuq hava şəraiti zamanı qaz çatışmazlığı ilə üzləşə bilərlər.
“Gas Infrastructure Europe”un (GIE) məlumatına görə, avqustun 31-nə, yəni Avropanın yeraltı anbarlarına beş ay qaz vurulduqdan sonra ötən qış onlardan çıxarılan qazın həcminin yalnız 2/3 hissəsi doldurulub. Şirkətin hesablamalarına görə, götürülən və vurulan həcm arasında (31 avqust tarixinə) fərq əhəmiyyətlidir - 18,9 milyard kubmetr, müşahidələr tarixində bu tarixdə ikinci ən böyük fərqdir: "Avropada, deyəsən, qazın yeraltı qaz anbarlarına vurulması ilə bağlı problemin miqyasını hələ də dərk etmirlər. Vurmanın hazırkı dinamikası onu göstərir ki, ayrı-ayrı Avropa ölkələri üçün yeraltı qaz anbarlarının 90 faiz doluluğu ilə bağlı hədəf göstəriciyə çatmaq çətin olacaq. Məsələn, anbar həcminə görə ilk beşlikdə olan Almaniya və Hollandiya. Almaniya Avropada ən böyük yeraltı anbar gücünə malikdir, onu anbarları 71,1 faiz dolub. Hollandiyada doluluq 64,8 faizdir. Bu, qəfil və ya uzun müddət davam edən soyuq hava şəraitində ciddi qaz çatışmazlığı riskləri yaradır”.
Millerin iddiasına görə, Baltikyanı regionda regional qaz balansı problemi göz qabağındadır: "Regionda yeganə olan İncukalns anbarı qurğusu yalnız yarı doludur və anbara orta sutkalıq qaz vurulması tarixən aşağı səviyyədədir. Yəni qışa hazırlıq faktiki olaraq pozulub. Məlum olduğu kimi, Avropa tez-tez anbarlardan qaz hasilatı mövsümünə oktyabrın birinci yarısında başlamalı olur. Bu halda vəziyyəti düzəltmək üçün çox az vaxt qalır”.
Musavat.com