Beyni süni intellektə qoşulmuş siçan alimləri təəccübləndirdi

Rusiyalı alimlər dünyada ilk dəfə siçanın beynini süni intellektə qoşublar. O, istənilən suala düzgün cavab verə bilib.

Oxu.Az-ın "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Neiry" biotexnologiya laboratoriyasından məlumat verilib.

Bildirilib ki, unikal təcrübənin ilk nəticələri hazırdır.

"Dünyada ilk dəfə alimlər və tərtibatçılar siçanın beynini süni intellektə qoşublar. Siçan klaviatura vasitəsilə istənilən suala cavab verə bilir", - deyə laboratoriyadan bildirilib.

Alimlər "Pifiya" adlı laboratoriya siçanının beynini neyrointerfeysə qoşublar. Qurğu düzgün cavabları təklif etmək üçün beynin elektrik stimulyasiyasından istifadə edən süni intellektlə işləyir. Neyrointerfeysə qoşulmuş elektrodlar gəmiricinin beyninin müəyyən hissələrini stimullaşdıra bilir. "Bəli" cavabı zamanı sınaq obyektində bir yerdə, "xeyr" cavabı zamanı isə başqa yerdə xüsusi hisslər yaranırdı. Hər düzgün cavab üçün siçan mükafat alırdı.

Qoşulmuş süni intellekt sayəsində siçan kvazarlar, mielin qişaları, "Python" proqramlaşdırma dili haqqında suallara cavab verə bilib, hətta Albert Eynşteynin doğum tarixini düzgün bilib. Tədqiqatçılar vurğulayırlar ki, yaxın gələcəkdə bu cür neyrointerfeysləri insanlara da implant etmək mümkün olacaq ki, bu da insan intellekti üçün həqiqətən sonsuz imkanlar açacaq.

İnvaziv neyrointerfeysinin hazırlanması üzrə laboratoriya layihəsi "Süni İntuisiya" adlandırılıb.

08.11.2024 11:25
588