Mübariz Göyüşlü: “Qələbə bizdə arxayınlıq yaratmamalıdır və ... ”
Gənc nəslin milli vətənpərvər ruhda böyüməsi üçün həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif proqramlar həyata keçirilib, müəyyən təbliğat işləri aparılıb. Amma zaman-zaman ölkəyə kənar müdaxilələr, müxtəlif beynəlxalq təşkilatların öz təbliğatlarına gəncləri alət etməsi faktları bu işlərin yetərli olmaması qənaəti yaradır. Mütəxəssislər hesab edirlər ki, gənclər adət-ənənələrinə bağlı olsalar, dəyərlərinə sadiq olsalar, kimlərinsə təbliğat toruna da düşməzlər. Bəs gəncləri, yeniyetmələri bu cür yad ünsürlərin təsirindən necə qoruyaq? Bu sahədə dövlətin və vətəndaş cəmiyyətinin üzərinə nə kimi öhdəliklər düşür?
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər bir xalqı, dövləti var edən onun milliliyi, mədəniyyətinə, tarixinə, mənəvi dəyərlərinə, tarixi şəxsiyyətlərinə, adət-ənənələrinə bağlılığıdır:
“Xüsusən də gənc nəslin vətənpərvər, torpağına, xalqına, dövlətinə bağlı bir ruhda böyüməsi çox vacibdir. Nəzərə alsaq ki, hazırkı qloballaşma, internet əsrində milli mədəniyyətlərin üzərinə "kütləvi mədəniyyət" deyilən hər cür qarışıqdan, zərərli ideyalardan ibarət olan bir təhlükə gəlir, o zaman milli kimliyin, ona bağlılığın, vətəndaşılarını, gənclərini vətənpərvər ruhda böyütmənin nə qədər vacib olduğu bəlli olur. Azərbaycanda bu istiqamətdə istər dövlət qurumları, istər QHT-lər, istər media, istər təhsil, istərsə də digər strukturların təmsilçiləri fəal çalışmalar gerçəkləşdirirlər. Bu vətənpərvərlik çalışmalarının nəticəsini biz 44 günlük Vətən müharibəsində (o cümlədən ondan əvvəl və sonra baş verən hərbi toqquşmalarda, antiterror tədbirlərində) hərbiçilərimizin, gənclərimizin göstərdikləri qəhrəmanlıqlarda gördük. Torpaq uğrunda gözünü qırpmadan şəhadətə gedən, düşməni məhv edən şəhidlərimiz, qazilərimiz və bütün müharibə iştirakçıları olan hərbiçilərimiz vətənpərvərlik ruhunda, milli düşüncədə, mənəvi dəyərlərinə bağlı şəkildə yetişmişdilər.
Bütöv bir gənc nəsil Qarabağ həsrəti, yanğısıyla böyüdü, tərbiyə aldı və torpaqlarımızın işğalı ilə barışmadı, onu qəbul etmədi. Azərbaycançılıq ideologiyası millətimizi, onun gənclərini təşkilatlandırdı və 2020-ci ildə (ondan sonra daha bir neçə il ərzində) torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz tam təmin edildi. Yeri gəlmişkən, torpaqlarımız işğalda olarkən bəzən gənclərimizə qarşı tənqid, bəzən də çox kəskin və sərt fikirlər ünvanlanırdı. Onların işğal tarixlərini bilməməsi faciəvi bir hal kimi təqdim olunur, bir sıra hallarda gənclərimiz hətta aşağılanırdı. Amma bizlər bilmirdik ki, qəhrəmanlıqlar törədəcək, adını tarixə yazdıracaq bu gənc nəsil işğal tarixlərini öyrənmək, onu yadda saxlamaq istəmirmiş. Onlar yeni tarix yazmaq, azad, bütöv, güclü Azərbaycan tarixi formalaşdırmaq və onu yadda saxlamaq istəyirmiş. Bunu da öz qanları və canları ilə etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və bütün müharibə iştirakçılarımıza cansağlığı versin".
Ekspert əlavə edib ki, böyük dövlətlərin və dünyanı idarə etməyə iddialı olan təşkilatların, qrupların iddiasının əksinə olaraq milli ideologiyanın, milli ideyanın, vətənpərvərlik, millətçilik təbliğatının çox vacib bir məsələ olduğunu elə bu nümunədən də görürük: “Millət, onun gəncləri ali məqsədini, hədəfini - milli ideologiyasını bilməsə bunsuz inkişaf edə, təhlükəsizliyini təmin edə, dünyadakı amansız rəqabətdə mövcudluğunu saxlaya bilməz. Bizim də ideologiyamız azərbaycançılıqdır. Azərbaycançılıq - bizi yaşadan, dövlət qurmaq üçün güc verən, dövlətimizi var edən, Qarabağımızı işğaldan azad etməyə bizləri təşkilatlandıran ali ideyamızdır. Azərbaycançılıq özündə çox şeyi ehtiva edir. Bu ideologiyada türklüyün və İslamın Azərbaycan Respublikasının sərhədləri daxilində mövcudluğu, milli-mənəvi dəyərlərimiz, şanlı tariximiz, ölkəmizdə bütün millətlərin mehriban, dinc, yanaşı yaşaması, müasirliyimiz, vətənpərvərliyimiz, adət-ənələrimiz və s. xalqımız üçün önəmli ideoloji məqamlar əksini tapıb. Bunu mənimsəməli və gənc nəslə daha çox təbliğ etməliyik.
Azərbaycan SSRİ-nin amansız işğalında olan zaman millətimizin əsas ideyası müstəqil olmaq idi. Gizli və aşkar mübarizələrlə nəhayət ki, buna 1991-ci ildə nail ola bildik. Lakin təəssüf ki, azadlığın dadını çıxara bilmədik. Rusiyanın dəstəyi ilə Ermənistan torpaqlarımızı işğal etdi, başımıza olmazın müsibətlərini gətirdi. Buna görə də 30 il ərzində bizim millətimizin, gənclərimizin əsas ideyası Qarabağın işğaldan azad edilməsi oldu. Artıq Qarabağ işğaldan azad olub, məcburi köçkünlər öz torpaqlarına qayıdır, quruculuq, abadlıq işləri görülür. Sual yaranır ki, bundan sonra bizlərin əsas ideyası nə olmalıdır? Millətimizi, gənclərimizi hansı ideya üzərində təşkilatlandırmalı, birləşdiməliyik? Hesab edirəm ki, bundan sonra bizim əsas ideyamız güclü dövlət qurmaqdan ibarət olmalıdır. Sosial ədalət əsaslı, qanunların aliliyinin qorunduğu, rüşvət və korrupsiyanın kökünün kəsildiyi, dövlətin imkanlarının hər kəs üçün əlçatan olduğu cəmiyyətdən ibarət olan bir dövlət qurmalıyıq. Qələbə bizdə arxayınlıq yaratmamalı, daha çox çalışmağa yönləndirməlidir.
Bunu da yenə vətənpərvər, milli-mənəvi dəyərlərinə bağlı olan gənclərimizlə, onların iştirakı və dəstəyi ilə quracağımıza da inanırıq".
Hazırladı: Afaq Mirayiq