Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir - ANALİZ

Beynəlxalq aləmdə münaqişələr təkcə iki tərəfin bir-birinə qarşı mübarizənin göstəricisi deyil. Bu həm də onların müttəfiqlərinin dolayısı ilə prosesə müdaxiləsidir.

Dünyanın hələ ki həll olunmayan iki münaqişəsi ilə fikrimizə aydınlıq gətirmək istərdik. Bunlardan biri, 77 illik İsrail-Fələstin, o biri isə 3 ildən bir az artıq yaşı olan Rusiya-Ukrayna münaqişəsidir. Onların mahiyyəti bir-birindən fərqlənsə də, xaraktercə hər ikisi münaqişədir və güclər bu hadisələrdə aktiv rol oynayır.

Birinci münaqişədən qarşı tərəfə təzyiq olaraq istifadə edənlərdən biri keçmiş SSRİ idi. İndi onu bu məsələdə varisi Rusiya əvəzləyib.

İsrailin arxasında ABŞ, Böyük Britaniya və onların müttəfiqləri, yaxud Qərb durur. İran, Rusiya, Çin və başqaları isə Fələstini müdafiə etdiklərini iddia edirlər. Ancaq bu təxmini qütblər münaqişənin həllindən daha çox bir-birinə təzyiq etmək, qarşı tərəfi zəiflətmək məqsədi ilə yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar.

İsrail müdafiəçiləri regiondakı vəziyyətin normallaşması üçün iki dövlət prinsipini dəstəklədiklərini bildirsələr də, hələ ki buna dair real addımlar atılmır.

cfe9738e-b799-373d-99bf-69683dfffe81.jpg (51 KB)

Çin mövcud vəziyyətdən istifadə edərək, özünü ərəb dövlətinə ABŞ və müttəfiqlərinə alternativ olaraq təqdim etməyə çalışır. O, HƏMAS-la Fələstin Azadlıq Hərəkatı görüşünün keçirilməsinə, İranla Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasına vasitəçilik etməklə bunu nümayiş etdirir.

İran HƏMAS-ı müdafiə etməklə özünü Fələstinin azadlığının fədaisi kim göstərir. Yaxud Livan “Hizbullah”ına yardım etməklə regional yəhudi dövlətinə qarşı mübarizənin lideri olduğunu göstərməyə çalışır.

Rusiya da HƏMAS liderlərini qəbul etməklə bundan ABŞ və İsrailə qarşı təzyiq kimi istifadə etməyə səy göstərir.

Rusiya-Ukrayna müharibəsi ətrafında da oxşar mənzərə yaranıb.

Rusiya Prezidenti Vladimir Putinin keçmiş sosialist ölkələrinə səfərləri və ona reaksiyalarda bu özünü göstərib.

Ötən həftə o, Şimali Koreya və Vyetnama dövlət səfərləri edib. Şimali Koreya lideri Kim Çen In Vladimir Putini “Koreya xalqının ən əziz adamı” adlandırıb.

Rusiya Prezidenti ilk dəfə 2000-ci ildə bu ölkədə səfərdə olub. Onda indiki dövlət başçısının atası Kim Çen İrlə görüşmüşdü. 2019 və 2023-ü illərdə isə Putin Inla Rusiyada görüşüb.

60df9f01-0b54-34f2-bade-ce8732e8.jpg (251 KB)

Bu, Moskvanın Pxenyanla əməkdaşlığa son illər üstünlük verdiyinin göstəricisi sayıla bilər. Sonuncu səfər zamanı tərəflər arasında Əhatəli Razılaşma Müqaviləsinin imzalanması Rusiya ilə Şimali Koreyanın əlaqələrini strateji müttəfiq səviyyəsinə qaldırıb. Hətta, Rusiya və Şimali Koreyanın ərazi bütövlüyünün qorunması, eləcə də birinə hücumun digərinin də ərazisinin işğalı kimi tanınması da bu sənəddə öz əksinin tapıb. Nəzərə alaq ki, Rusiya Ukraynanın işğal etdiyi əraziləri artıq ilhaq edib. O zaman rəsmi Pxenyanın perspektivdə Rusiyaya həmin ərazilərdə döyüşmək məqsədi ilə canlı qüvvə göndərməsinə də imkan verir.

Pxenyan səfərindən sonra Putin Vyetnama rəsmi səfər edərək ölkə prezidenti To Lam və Baş nazir Fam Min Tinlə görüşüb.

Bu görüşdə də strateji müttəfiqliyə dair 10-dan artıq sənəd imzalanıb.

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreya ilə RF arasında hərb əməkdaşlığın dərinləşməsini, o cümlədən həmin silahlardan Rusiyanın Ukraynaya qarşı istifadə etməsini “ən sərt şəkildə ittiham” ediblər.

7fbf0760-b6bc-3b8a-996a-c236a9d0.jpg (83 KB)

Çin Rusiya-Ukrayna müharibəsində özünü tərəfsiz göstərməyə çalışsa da, Kremlin addımlarını tənqid etməməklə münasibətini tam gizlədə bilmir. Bu isə onun müharibədən Qərbə təsir vasitəsi olaraq istifadə etdiyini təsdiqləyir. Rusiya Prezidentinin Çinə son illər tez-tez səfərlər etməsi Pekin və Moskvanın bir sıra beynəlxalq məsələdə əməkdaşlığını göstəricisi sayıla bilər. Başqa sözlə, Çin Ukraynadakı müharibədən siyasi üstünlük qazanmaq üçün istifadə etməyə, hətta Rusiya ilə rəqabətdə belə irəli keçə bilir.

Rusiya sovetlərdən qalma blokdan Ukrayna ilə müharibəsində istifadə etməyə səy göstərir. Şimali Koreya və Vyetnam Qərblə ənənəvi, siyasi-ideoloji problem yaşayır. Bu baxımdan qarşı tərəfdən güzəştlər etməsini, məsələn, ABŞ və müttəfiqlərinin bu ölkələrə tətbiq etdiyi sanksiyalardan azad olmağa çalışır. Bununla münaqişələrdən siyasi, iqtisadi, ticari qazanca nail olmağa səy göstərirlər.

Perspektivdə Moskva Afrika, Latın Amerikası ölkələri ilə də oxşar müqavilələr imzalaya bilər. Bu isə həmin ölkələrin Ukrayna müharibəsinə cəlb olunması nəticələnər. Əslində həmin ölkələr müharibədə iştirakdan daha çox Qərbin onlara siyasi, iqtisadi və hərbi təzyiqlərindən qorunmaq üçün bu addımı ata bilər.

Başqa sözlə, Rusiya münaqişədə özünə tərəfdar toplamağa çalışır. Onunla strateji müttəfiqliyi imzalayanlar isə bununla özlərini təzyiqlərdən qoruyurlar.

Qərb də HƏMAS-İsrail və Rusiya-Ukrayna məsələsindən Yaxın Şərqdə və Şərqi Avropada güclənmək, İran və Rusiyanı zəiflətmək məqsədi ilə istifadə edir.

Odur ki, münaqişələr göründüyü kimi iki tərəfin bir-biri ilə mübarizəsi deyil. Həm də arxa planda, müxtəlif rollarda olanların qarşıdurması, iddialarını həyata keçirmək üçün vasitədir. Mübarizə meydanına çevrilən ölkələrin əhalisi isə bu oyuna axıradək dözüb, prosesdə iştiraka məhkumdur. Fələstin xalqının 77 illik həyatı buna ən əyani sübutdur.

Sədrəddin Soltan,
Report.az

27.06.2024 17:28
582