Beynəlxalq pasport indeksində niyə 70-ci yerdəyik?

“Dünyanın ən məhdud uçuş sayı olan aeroportlar sırasındayıq, ona görə...”

Yanvarın 10-da Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanan dünya pasport indeksini açıqlayıb. İlk dəfə altı ölkə rekord sayda vizasız səyahət ilə birinci yeri tutub: 

Almaniya, İtaliya, İspaniya, Fransa, Sinqapur və Yaponiya. Bu ölkələrin pasport sahibləri 227 ölkədən 194-nə vizasız  səyahət edə bilər. Cənubi Koreya, Finlandiya və İsveç ikinci yeri tutublar (vizasız 193 istiqamət), Avstriya, Danimarka, İrlandiya və Hollandiya üçüncü yeri paylaşıblar (192). Böyük Britaniya dördüncü  (191), ABŞ isə yeddinci yerdədir (187). Ötən il Azərbaycan Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə vizasız yerdəyişmə haqqında sazişlər imzalayıb və 70-ci yerə yüksəlib. Azərbaycan pasportu dünyanın 72 ölkəsinə vizasız giriş imkanı verir. Bu il Ermənistan 74-cü, Türkiyə isə 52-ci yeri tutub. Dünya pasportlarının indeksi onların sahiblərinin vizasız giriş əldə edə biləcəyi (və ya gəldiyində viza ilə daxil ola biləcəyi) istiqamətlərin sayına görə bütün dünya pasportlarının reytinqidir. Reytinqi 19 il öncə Henley & Partners şirkətlər qrupunun təsisçisi Kris Kelin yaradıb. Niyə xüsusilə Avropa ölkələrində hələ də viza problemimiz var?

Qeyd etmək yerinə düşər ki, 2023-cü il noyabrın 23-də Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası da keçirilib. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko Tvitter hesabında yazıb: “Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasından 10 il ötür ki, bu da adamların rahat səyahət etməsinə imkan yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə isə iclasda vətəndaşların Aİ-yə üzv ölkələrin diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 2013-cü il noyabrın 29-da Vilnüsda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb. Saziş 2014-cü ildə qüvvəyə minib. 

Eyni zamanda Azərbaycan Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

Sahib Məmmədov: Biznes qurumları QHT-ləri maliyyələşdirən qurumlar sırasına  qatılmalıdır

Sahib Məmmədov 

Hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O da təəssüflə qeyd etdi ki, Azərbaycan pasportları ilə çox ölkələrə vizasız getmək mümkün deyil: “Hətta o göstərilən 72 rəqəminin özü də ümumi vətəndaş pasportlarına aid deyil. Onların bir çoxu xidməti və diplomatik pasportlardan mümkün olanlardır. Belədə bu say daha da azalır. Amma dünyanın elə ölkələri var ki, orada 200-ə qədər dövlətinə həmin ölkənin vətəndaşları vizasız səfər edə bilir. Bu dövlətlərin hamısı heç də Avropa dövlətləri deyil, ABŞ, Avstraliya, Yeni Zelandiya deyil. Bunların içərisində Malayziya, Tailand kimi dövlətlər də var. Belə bir imkanın olması vətəndaşlar üçün çox əlverişli şərait yaradır. Onların sərbəst hərəkət hüququnu təmin edir. Amma bizdə belədir ki, biz həm özümüz bir çox dövlətlərə asan viza sistemini tətbiq etsək də, bir çox dövlətlərə bunu edə bilmirik. Bizim Avropa İttifaqı qarşısında  bir öhdəliyimiz də var. Bu, readmissiya və viza asanlaşdırılması ilə bağlı sazişimizdir. Həmin o sazişə görə Azərbaycandan Avropa İttifaqı, Şenqen zonasına gedən şəxslərin (fərqi yoxdur Azərbaycan vətəndaşı olsun, yaxud Azərbaycandan tranzit kimi istifadə edilib gedən şəxslər olsun) Avropa İttifaqı tərəfindən readmissiya etmək, yəni geri qaytarmaq hüququna malikdir. Azərbaycan öhdəliyə görə onları geri qəbul etməlidir. Ona görə Azərbaycan bəzi ölkələrə məhdudiyyət qoymağa məcburdur. Yəni vizaların alınmasını çətinləşdirmək məcburiyyətindədir. Elə ölkələr var, misal üçün, Cənub-Şərqi Asiya ölkələri, Afrika ölkələri də Azərbaycanı dərhal tranzit ölkə kimi istifadə edəcəklər. Əlbəttə, əgər bizim ölkəyə gəliş çox asanlaşarsa.  Eyni zamanda Avropa İttifaqı ölkələri baxmayaraq ki bizə viza rejimini asanlaşdırmalıydılar, amma müqavilədə nəzərdə tutulan qaydada asanlaşdırılmadı. Bu da bir çox amillərlə bağlıdır. Misal üçün, biz "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Assosiasiya Sazişinə qoşulmadıq. Ora Gürcüstan, Moldova və Ukrayna qoşuldu, onlar üçün vizasız gediş-gəliş müəyyən olunub. Təbii ki, söhbət turist vizasından gedir. Amma bizim üçün bu yoxdur. Asanlaşdırma da o qədər baş vermədi. Görünür, bu həm də onunla bağlıdır ki, Avropaya miqrant axınının qarşısını almaq üçün tədbirlər görülür. Belə çıxır ki, Azərbaycan da riskli ölkələr siyahısına daxil edilib. Çünki Azərbaycanın həm özündən, həm də Azərbaycan üzərindən çoxlu cəhdlər olub ki, Avropaya getsinlər. Azərbaycan vətəndaşı xüsusən Almaniyaya saxta sənədlərlə gediblər, mühacir olublar.  İndi onların bir qismini readmissiya edirlər. Ona görə Azərbaycana qarşı belə bir viza məhdudiyyəti var. Burada siyasi amillər də var, modern dövlət olsaq da, hər halda, əsas dinimiz İslamdır, bu faktor da ikili standartın nəticəsi olaraq var. Amma qonşu Ermənistan üçün də eyni vəziyyətdir, baxmayaraq ki, xristian ölkəsidir. Yəni bu bir sıra amillərlə bağlıdır”.

Sahib Məmmədov əlavə edib ki, hər bir dövlət çalışmalıdır daha çox vətəndaşı ölkələrə vizasız gedib-gələ bilsin: “Bu, həm də ikitərəfli münasibətlərdən irəli gələn məsələdir. Xarici İşlər Nazirliyi səyləri artıra bilər. Xatırlayıram ki, bəzi dövlətlərlə müttəfiqlik olaraq Azərbaycanda gediş-gəliş proqramları olub. Digər məsələ isə bizim avia uçuşlarımızla bağlıdır. Biz bir çox ölkələrə avia uçuşlar etmirik. Dünyanın ən məhdud uçuş sayı olan aeroportlar sırasındayıq. Halbuki biz hab olmalıydıq. Dubaya nisbətən daha əlverişli coğrafi şəraitdə yaşayırıq. Bunu AZAL rəhbərliyi etmədi. Çox ölkələrə bizdən birbaşa reys olsaydı, dövlətlər bizə vizanı asanlaşdırmaqda maraqlı olardı. Azərbaycandan o ölkələrə çox sayda insan gedə bilərdi, həmin dövlətlər belə olanda viza güzəştlərinə gedirlər. Bizdə bu da yoxdur. Ona görə mən təbii baxıram”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

12.01.2024 12:23
890