Hüquqşünas: “Gəlir bəyannaməsi olmadan çirkli pullarla effektiv mübarizədən danışmaq mənasızdır”
Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı - MONEYVAL dərc etdiyi hesabatında Azərbaycan hakimiyyətini pulların leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə səylərini fəallaşdırmağa xüsusi diqqət yetirməyə çağırıb.
MONEYVAL-ın son qiymətləndirməsindən ötən müddət ərzində Azərbaycan həm çirkli pulların yuyulması, həm terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə üçün öz hüquqi və institusional bazasını möhkəmləndirib, bu sahədə səmərəli sistem üçün zəmin yaradıb.
MONEYVAL Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə böyük irəliləyişini etiraf edir, hakimiyyətin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətləri uğurla araşdırdığını, bunun nəticəsində qiymətləndirmə dövrü ərzində 7 ittiham hökmü çıxarıldığını vurğulayır. Bundan başqa, ölkənin beynəlxalq əməkdaşlığının səmərəliliyi yüksək qiymətləndirilir, belə ki, Azərbaycan konstruktiv yardım göstərmək və yardım üçün müraciət etmək iqtidarında olduğunu nümayiş etdirir.
Lakin məruzədə çirkli pulların yuyulması haqqında işlərin səmərəli araşdırılmasında və məhkəmə təqibində ciddi təkmilləşdirmələrə ehtiyac olduğu qeyd edilir. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətlərdən gələn gəlirlərin izlənilməsi və dəlil yığılması üçün maliyyə kəşfiyyatından istifadə etdiyi bir vaxtda operativ səviyyədə daha sıx daxili əməkdaşlığa ehtiyac var.
Sənəddə qeyd edilir ki, çirkli pulların yuyulması haqqında bəzi işlər araşdırılsa da, əsas hüquqpozmaların aşkar edilməsi və hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilməsində təkmilləşdirilməsi üçün imkanlar var.
Azərbaycanın aktivlərin müsadirəsi siyasəti qəbul edilib, lakin MONEYVAL ökəni terrorçuluğun maliyyələşdirilməsi də daxil olmaqla, gəlir gətirən bütün cinayətlərlə bağlı aktivlərin izlənilməsi üçün sistemli şəkildə paralel maliyyə araşdırmaları aparmağa çağırır.
Gələcək prosedurlar çərçivəsində Azərbaycanın MONEYVAL-a 2025-ci ilin dekabrına qədər çirkli pulların yuyulmasına - terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsində irəliləyiş haqqında məlumat verəcəyi gözlənilir.
Yada salaq ki, iki gün əvvəl Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Yusif Sultan oğlu Əliyev barədə həbs-qətimkan tədbiri seçilib. Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun Telegram və Vatsap sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Beynəlxalq təşkilatın hesabatın “Yeni Müsavat”ın oxucularına hüquqşünas Əkrəm Həsənov şərh edib. Ə.Həsənov deyib ki, terrorçuluğun maliyyələşməsinə qarşı ölkədə aparılan mübarizə yaxşı səviyyədədir: “Çirkli pulların yuyulması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün isə addımlar atılır, qanun yenilənir. Beynəlxalq təşkilatlara da hesabatlar verilir. Çirkli pulların yuyulmasına qarşı mübarizə niyə səmərəli deyil? Çünki Azərbaycanda nəinki adi vətəndaşların, heç məmurların da gəlir və xərc bəyannaməsi yoxdur”.
Əkrəm Həsənov
Əkrəm Həsənov xatırladıb ki, ötən ilin mayında korrupsiya, çirkli pulların yuyulması ilə mübarizə sahəsində atılması müstəsna zəruri olan addımlardan biri olan gəlir bəyannaməsi formasını hazırlayıb Nazirlər Kabinetinə yollayıb: “Prezident sonradan 2 dəfə də hökumətə analoji tapşırıqlar verib. Lakin bəyannamə forması yenə də ortaya çıxmadı və bu gün də yoxdur. Buna görə də ötən il bəyannamə formasını hazırlayıb baş nazirə yollamışam. Yazmışam ki, 30 sentyabr 2005-ci il tarixli 1003-IIQ №-li Qanunla Azərbaycan Respublikası "Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası"na qoşulub. Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində deyilir: “Hər bir iştirakçı dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır”.
1 yanvar 2005-ci il tarixdən qüvvədə olan № 580-IIQ №-li “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 5-6-cı maddələrinə əsasən korrupsiyanın qarşısının alınması tədbiri kimi vəzifəli şəxslər maliyyə xarakterli məlumatları təqdim etməlidirlər. 24 iyun 2005-ci il tarixli 945-IIQ №-li qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 №-li Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 (iki) ay müddətində həmin qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Prezidentə məlumat versin. Bu tapşırığın icrası barədə ictimaiyyətdə məlumat yoxdur.
Qısası, vəzifəli şəxslər artıq 19 ildir ki, qanunun tələbinə baxmayaraq, maliyyə xarakterli məlumatları bəyan etmirlər. Bu da ölkədə korrupsiyanın çiçəklənməsinə, çirkli pulların dövriyyəsinə yol açır. Korrupsiya ilə mübarizə ilk növbədə idarəçiliyin qüsurlarının aradan qaldırılmasıdır. Xalqın xidmətçisi olan məmurların nə maaşı, nə də ümumən gəlir və xərcləri xalqa məlum deyilsə, korrupsiya ilə mübarizə yalnız deklarativ xarakter daşıyacaq. Bu əsnada ictimai nəzarətin gücləndirilməsi barədə möhtərəm cənab Prezidentin dəfələrlə səsləndirdiyi çağırışlar da icrasız qalacaq. Səbəb də budur ki, Nazirlər Kabineti indiyədək məmurların maliyyə xarakterli məlumatları üzrə bəyannamə formasını və onun təqdim edilməsi qaydalarını müəyyən etməyib".
Əkrəm Həsənov deyib ki, bəyannamə forması olmadan kimin əlində nə qədər pulun olması, həmin pulun mənbəyi haqda məlumat almaq mümkünsüzdür: “Xaricdə isə belədir ki, məmurlar, vətəndaşlar gəlirləri haqda bəyannamə verirlər. İstənilən vaxt onlardan pulun mənbəyini soruşub müvafiq yoxlamalar, araşdırmalar aparmaq mümkündür. Azərbaycanda isə gəlir bəyannaməsi verilmədiyindən pulun mənbəyini də soruşmaq mümkün deyil. Ən yaxşı halda deyəcəklər ki, babamdan miras qalıb. Bunun qarşılığında hər hansı bir yoxlama aparmaq da mümkün deyil. Gəlir bəyannaməsi olmadığı halda, çirkli pullarla mübarizənin effektivliyindən danışmaq mənasızdır. Nəhayət ki, gəlir bəyannaməsi forması qəbul edilməli və tətbiq olunmalıdır. Bu halda çirkli pulların yuyulmasının qarşısının alınmasında da müsbət nəticələr əldə oluna bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”