Beynəlxalq Cinayət Məhkəməsi Monqolustdan izahat tələb edib: Putinin həbs olunmaması...

Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinə məhəl qoymayaraq Rusiya prezidenti Vladimir Putini ölkəyə gələndə həbs etməməsinin səbəbini izah etməli olacaq.

Musavat.com xəbər verir ki, bunu ICC-nin prokuroru Kərim Xan BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhkəmə səviyyəsində danışıqlar prosesi davam edir: “İşbirliyində çatışmazlıq aşkar olunarsa, hakimlər öz tövsiyələrini verə bilərlər, lakin mən heç nəyi əvvəlcədən mühakimə etmək istəmirəm, çünki bu məsələ indi hakimlər və Monqolustan hökuməti arasında həll olunur”.

“Putinin nə vaxtsa Ukraynada hərbi cinayətlərə görə mühakimə olunacağına inanırsınızmı?” sualına prokuror cavab verib ki, o, inanır: “Tribunal keçmiş Yuqoslaviya işi üzrə Karaciç və Mladiç, hətta Slobodan Miloşeviç, Syerra-Leonenin keçmiş prezidenti Çarlz Taylor üçün həbs orderi çıxaranda insanlar gülürdülər. Lakin tarixin göstərdiyi kimi, keçmişdə öz ölkələrində və regionda böyük gücə malik olan bu insanlar müttəhimlər kürsüsündə oturdular”.

Qeyd edək ki, BCM 2023-cü ilin martında Putin və Rusiyadakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar müharibə cinayəti kimi təsnif edilən ukraynalı uşaqları zorla deportasiya etməkdə şübhəli bilinirlər.

Putin Monqolustana sentyabrın 2-də gedib. Ölkə ICC-nin Roma Statutunu ratifikasiya etmişdi və Rusiya prezidentini həbs etməli idi, lakin bunu etmədi.

Musavat.com

06.09.2024 20:48
814