Avqustun 31-də Prezident İlham Əliyev özəl investisiya cəlbinin nəzərdə tutulduğu dövlət şirkətlərinin siyahısını təsdiqləyən sərəncam imzalayıb. Siyahıda toplam 8 dövlət şirkətinin adı var: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, SOCAR-a məxsus “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu qismən özəlləşdiriləcək müəssisələr kimi müəyyən olunub.
Özəl investisiyaların cəlbi nəzərdə tutulan müəssisələr siyahısında Azərbaycan Beynəlxalq Bankının olması diqqəti cəlb edir. Belə ki, uzun illər boyu bir çox hallarda beynəlxalq maliyyə qurumlarının təkidli tövsiyələri əsasında ABB-nin özəlləşdirilməsi məsələsi gündəmdə olub. Dəfələrlə sistem əhəmiyyətli bu bankın dövlətsizləşdirilməsini nəzərdə tutan fərman və sərəncamlar imzalanıb. Bir qayda olaraq, hökumət iqtisadi durumun pisləşdiyi dövrlərdə Beynəlxalq Bankın özəlləşdirilməsini gündəmə gətirib, iqtisadi göstəricilər normallaşanda bu məsələ yenidən rəfə qaldırılıb. Sonuncu dəfə ABB-nin özəlləşməyə hazırlanması 2015-ci ildə - Azərbaycanda kəskin maliyyə böhranı yarananda gündəmə gətirilib. Belə ki, neftin dünya bazar qiymətinin düşməsi nəticəsində Azərbaycanda dolların məzənnəsi iki dəfə kəskin artırılıb. Bundan sonra məlum olub ki, Beynəlxalq Bankdan götürülən milyardlarla manat kreditin qaytarılması mümkün deyil, yaxud ciddi çətinliklər mövcuddur. Bu məsələ ilə bağlı bankın rəhbəri Cahangir Hacıyev və çoxsaylı iş adamları həbs olunub. Bankın iflası təhlükəsi yarandığına görə dövlət onun sağlamlaşdırılmasını öz üzərinə götürüb. Nəticədə bankın xarici valyutada olan öhdəliklərinin qarşılanması üçün büdcədən 3 milyard dollardan yuxarı vəsait xərclənib, kredit hesabına yaradılan 10 milyard manatlıq aktivlər dövlət tərəfindən alınıb. Elə həmin dövrdə Prezident ABB-nin sağlamlaşdırılaraq, özəlləşməyə hazırlanmasını nəzərdə tutan fərman imzalayıb. Ötən müddət ərzində bankın fəaliyyətində ciddi müsbət nəticələr əldə olunub. 2020-ci ildən başlayaraq ABB dövlət dvident ödənişləri həyata keçirir. Belə ki, Hesablama Palatasının rəyinə görə, 2020-ci ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə divident ödənilməsi proqnoz edilməsə də, bank 2019-cu ildə 215,7 milyon manat xalis mənfəət əldə etdiyinə görə həmin məbləğdən 150 milyon manatın divident şəklində səhmdarlara verilməsinə qərar verilib. Bankda dövlətə məxsus səhmlər 95,15 faiz olduğuna görə dövlətə çatacaq dividend məbləği 142,7 milyon manat təşkil edib.
2021-ci ildə isə ABB üzrə son illərdə ilk dəfə olaraq dövlət büdcəsinə 120 milyon manat məbləğində divident nəzərdə tutulub. Bank bu proqnozu artıqlaması ilə (100,7 faiz) yerinə yetirib və büdcəyə 120 milyon deyil, 120 milyon 824,2 min manat divident ödəyib.
2022-ci ildə ASC dövlət büdcəsinə 120,5 milyon manat divident ödəyib.
2022-ci ildə ASC-də dövlətin səhm kapitalı artıb. Bankın illik audit hesabatına görə, Maliyyə Nazirliyinin ABB-nin nizamnamə kapitalındakı payı 2021-ci ildəki 91.40 faizdən ötən il 92.56 faizə, Əmlak Məsələləri Dövlət Xidmətinin payı isə 3.76 faizdən 3.81 faizə yüksəlib. Digər şəxslərin bankın səhm kapitalında payı 4.61 faizdən 3.40 faizə enib, “AqrarKredit” BOKT QSC-nin payı isə dəyişməyərək 0,23 faiz olub. Ümumilikdə, ABB-nin səhm kapitalında dövlətin payı 95,39 faizdən 96.6 faizə yüksəlib.
2023-cü il iyulun 1-nə ASC-nin (ABB) səhmdarlarının sayı 1 797-yə çatıb. Bankın yarımillik hesabatından aydın olur ki, bu, ilin əvvəli ilə müqayisədə 1,1 faiz çoxdur. 2023-cü ilin ilk yarısında ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1 759-dən 1780-ə yüksəlib, hüququ şəxs səhmdarlarının sayı isə 18-dən 17-yə enib.
ABB 2023-cü ilin ilk yarısı üzrə maliyyə nəticələrini də açıqlayıb. Məlum olub ki, bank bu ilin altı ayını 164,4 milyon manat xalis mənfəətlə başa vurub.
ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz azaldaraq 29,8 milyon manata endirib. Bundan əlavə, əməliyyat mənfəətindən 50,8 milyon mənfəət vergisi ayrılıb.
Bu il iyulun 1-nə bankın aktivləri 2,3 milyard manat və ya 16,4 faiz azalaraq 11,8 milyard manat təşkil edib. Cari ilin ilk 6 ayında ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 657,4 milyon və ya 18,6 faiz artaraq 4,2 milyard manata çatıb.
Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 9,96 milyard manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 20,2 faiz və ya 2,44 milyard manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 2,97 milyard manat və ya 19.75 faiz azalaraq 8,5 milyard manat olub. Şirkətlərin bankdakı əmanətləri 2,2 milyard manat və ya 25,4 faiz azalaraq 6,5 milyard manat, fiziki şəxslərin depozitləri isə 112,1 milyon manat və ya 5,9 faiz artaraq 2,2 milyard manat təşkil edib.
Maraqlıdır ki, ötən ilin fevralında Prezident İlham Əliyev 2015-ci ildəki fərmana dəyişiklik barədə qərar imzalayıb. Yeni qərarda artıq bankın özəlləşdirilməsinə dair müddəalar fərmandan çıxarılıb. Bu ilin fevralında da hökumət rəsmiləri ABB-nin özəlləşdirilməsinin gündəmdə olmadığını açıqlamışdı. Həmin vaxt mətbuata danışan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirmişdi ki, hazırkı məqamda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi gündəmdə deyil. Bu halda, hökumətin mövqeyinin dəyişməsinin səbəbləri maraq doğurur. Kifayət qədər rentabellə işləyən banka özəl investisiyanın cəlbi hansı zərurətdən irəli gəlib?
Əkrəm Həsənov
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, ABB-nin özəlləşdirilməsi məsələsində hökumətin dəyişkən mövqeyi uzun müddətdir davam edir: “Gah deyirlər özəlləşdirilir, gah deyirlər özəlləşdirilmir. Əslində hazırda Beynəlxalq Bankın səhmlərinin bir hissəsi özəl əllərdədir. Dövlətin payı 97 faizə yaxındır, qalanı fiziki və hüquqi şəxslərdədir. Prezidentin son sərəncamını mən bankın özəlləşdirilməsi kimi qiymətləndirmirəm. Yəni gözləmirəm ki, səhmlərin 50 faizdən çoxu satılacaq. Burada söhbət müəyyən hissənin özəl investorlara satılmasından gedir. Məqsəd isə banka investisiya qoyuluşunu artırmaqdır. Yəqin ki, ən uzağı səhmlərinin 49 faizi özəl investorlara verilər”.
Ekspertə görə, ABB-yə özəl investorların cəlbindən çox böyük vəsaitin əldə olunması real deyil: “Bankın xalis kapitalı 2 milyard manata yaxındır. Sistem əhəmiyyətli olmasını nəzərə alsaq, onun qiymətini 3 milyard manat da qiymətləndirmək olar. Məncə, dövlət bu pula bankı satmaq istəməz. Düşünürəm ki, ABB əlavə səhmlər buraxacaq və investorlara onları almağa şərait yaradılacaq. Özü də fikrimcə, bu prosesə xarici investorların cəlbi nəzərdə tutulmur. Bunu yerli investorlarla həyata keçirəcəklər. Bu prosesin yaxınmüddətli dövrdə reallaşmasını da gözləmirəm. Ən yaxşı halda gələn ildən hansısa addımların atılması mümkündür”.
Ə.Həsənov hesab edir ki, hökumət ABB-yə nəzərdə tutduğu vəsaiti ödəyəcək iri alıcı tapa bilməyib: “Görünür ki, elə böyük alıcı tapılmadı deyə kiçik investorlara yönəldilər. Banka əlavə vəsait cəlb edib, daha çox qazanc əldə olunmasını təmin etmək istəyirlər. Bank son illərdə divident ödənişlərinə başlayıb, fəaliyyətindəki gəlirlilik davam edərsə, yeni səhmdarlar da divident ala biləcəklər. Hesab edirəm ki, Beynəlxalq Bank bütünlüklə özəlləşdirilməlidir. Bank sektorunun tamamilə dövlətsizləşdirilməsi lazımdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”