Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Musavat.com-a Baş Prokurorluqdan verilən məlumatda bildirilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Bolayev Fərid Rəşidoviç, Xəlilov Səməndər Sarif oğlu, Babayev Pənah Əhliman oğlu və Məşədiyev İlham Qabil oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.