S&P-nin gözləntilərinin əksi baş verir, “Moody’s” isə ölkədə real ÜDM artımının 2023-cü ildəki 1,1 faizdən 2024-cü ildə 2,1 faizə qədər sürətlənəcəyini bildirir
“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanda iqtisadi artımla bağlı yeni gözləntilərini açıqlayıb. Agentliyin hesabatında Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım perspektivlərinin əksər region ölkələrindən zəif olduğu bildirilib. S&P analitikləri qeyd ediblər ki, iqtisadi artıma təzyiq əsasən neft hasilatının uzunmüddətli tədricən azalması ilə əlaqədardır: “2024-2025-ci illərdə real ÜDM artımını hər il təxminən 1,5 faiz səviyyəsində proqnozlaşdırırıq”.
Maraqlıdır ki, bundan əvvəl 2024-cü ilin iyun ayında S&P Azərbaycanda real ÜDM artımı ilə bağlı proqnozunu 1,5 faizdən 2,5 faizə qədər artırdığını açıqlamışdı.
Agentlik ekspertləri Azərbaycanda iqtisadi artım gözləntilərinin aşağı olmasına baxmayaraq, bank sektorunda 2024-cü ildə 10-15 faiz artım gözlədiklərini açıqlayıblar. Qeyd edilib ki, ölkənin bank sektorununun böyüməsi böyük ölçüdə istehlak kreditləşməsinin artımı ilə bağlı olacaq.
S&P həmçinin əlavə edib ki, Azərbaycanın bank sisteminin maliyyələşdirmə profili güclənib: “2016-cı ildən bəri biz pərakəndə və ya korporativ depozitlərin əhəmiyyət ölçüdə xaricə getdiyini görməmişik. Düşünürük ki, əsas müştəri depozitləri növbəti bir neçə il ərzində kreditləri maliyyələşdirəcək və xarici maliyyələşdirmə ehtiyacını aradan qaldıracaq”.
Reytinq agentliyi vurğulayıb ki, Azərbaycanda depozitlərin dollarlaşması region ölkələri ilə eyni səviyyəyə enib. Həmçinin qeyri-rezident depozitlərinin həcmi 5 faizdir ki, bu da region ölkələrindən xeyli aşağıdır(APA).
Xatırladaq ki, S&P 2023-cü ildə Azərbaycanda iqtisadi artım olmayacağını proqnozlaşdırmışdı, amma 1,1 faizlik artım qeydə alındı.
Qeyd etmək lazımdır ki, digər beynəlxalq agentlik və maliyyə qurumları S&P-dən əks mövqedədilər. Belə ki, Niderlandın “ING Group” şirkəti son hesabatında 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,8 faiz, 2025-ci ildə 2,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyən edib. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,3 faiz bəndi artıb, gələn il üçün isə 0,2 faiz bəndi azalıb.
Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə ÜDM artımı 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 1,5 faiz proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək.
Dünya Bankının ekspertləri hesab edirlər ki Azərbaycanda ÜDM bu il 2,3 faiz, 2025-2026-cı illərdə isə 2,4 faiz artacaq. Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in 2,8 faiz artacağını proqnozlaşdırır. IMF 2025-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 faiz, 2029-2032-ci illərdə isə illik 2,4 faiz səviyyəsindən yuxarı olacağı qənaətindədir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 faiz, 2025-ci ildə isə 2,7 faiz olacaq.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 faizdən 2024-cü ildə 2,1 faizə qədər sürətlənəcəyini proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk altı ayında ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyər 59 milyard 520,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,3 faiz artım qeydə alınıb. Hesabat dövründə qeyri-neft/qaz sektorunda ÜDM-in həcmi 38 milyard 798,0 milyon manata bərabər olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artıb. İqtisadiyyatın neft-qaz sektorunda isə real artım 0,6 faiz olub, ilin ilk yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəəlik qaz hasilatı 5,3 faiz artsa da, əmtəəlik neft hasilatında 4,9 faizlik azalma qeydə alınıb.
S&P Azərbaycanda iqtisadi artım proqnozunu azaltmasını neft hasilatındakı azalma ilə əsaslandırır. Halbuki məhz bu ilin aprelindən “Azəri-Çıraq-Günəşli” yatağındakı yeni ACE platformasından neft hasil olunmağa başlayıb. İlkin mərhələdə gündə 24 min barel neft hasil olunur, tədricən bu həcm 100 min barelə çatdırılacaq. Bu isə yataqda hasilatın düşmə sürətinin xeyli azaldılmasına imkan verəcək.
Azərbaycan hökuməti, Mərkəzi Bank, həmçinin Fitch Beynəlxalq Reytinq Agentliyi bu amili nəzərə almaqla ölkədə iqtisadi artıma dair proqnozlarına artım yönündə dəyişiklik ediblər. Fitch-ə görə, neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının təsiril ilə iqtisadi artım tsiklik olaraq 3,2 faizə çatmalıdır: “Biz artımın 2025-ci ildə 2,7 faizə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlamasını gözləyirik, bu artımlar hələ də dövlət investisiyaları tərəfindən dəstəklənir. Eyni zamanda neft sektorunda azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və təbii qaz hasilatının daha yüksək olması səbəbindən əvvəlki illərə nisbətən azalacaq”.
Maliyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədə əsasən Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zaman (2023-cü ilin oktyabr ayı) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 və 4,6 faiz səviyyəsində götürülmüşdü. Lakin hökumət 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olmasını, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerjidaşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntiləri nəzərə almaqla cari il üzrə makroiqtisadi proqnozlarında dəyişiklik edib. Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata, o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı gözlənilir: “2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60,0 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75,0 ABŞ dolları səviyyəsinə artırılıb. Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılıb. Eyni zamanda 2024-cü ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7 faizə qədər azaldılıb”.
AMB isə bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 faiz olacağını gözlənilir. Tənzimləyiciyə görə, gələn il ölkədə ÜDM 2-2,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 faiz artacaq.
Qeyd edək ki, 2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz aprel ayına nəzərən dəyişməz saxlanılıb (3,2 faiz), Dünya Bankı (DB) isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilmiş proqnozla müqayisədə 0,2 faiz-bənd artıraraq 2,6 faiz səviyyəsində müəyyən edib. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 75,0-85,0 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır.
İlin birinci yarısında Azərbaycanın dövlət büdcəsinə daxilolmaların ciddi artımı qeydə alınıb. O cümlədən dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023- cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 148,9 milyon manat və ya 32,3 faiz çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizini və ya 2 milyard 407,2 milyon manatını vergi daxilolmaları, 72,6 faizini və ya 6 milyard 390,5 milyon manatını isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,5 faizini və ya 1 milyard 167,0 milyon manatını Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,6 faizini və ya 833,3 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizini və ya 406,9 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına əsasən bu ilin yekununda büdcəyə vergi və rüsumlar üzrə daxilolmaların məbləği 15 milyard 270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 580,0 milyon manatı və ya 30,0 faizi neft-qaz sektorunun, 10 milyard 690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 faizini və ya 2 milyard manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 faizini və ya 650,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 faizini və ya 1 milyard 930,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək.
Dünya SAKİT,
“Yeni Müsavat”