Beynəlxalq agentlik İsrailin reytinqini endirdi

Moody's Beynəlxalq Reytinq Agentliyi İsrail hökumətinin xarici və yerli valyutada uzunmüddətli emitent reytinqini mənfi proqnozla A2-dən Baa1-ə endirib.

Musavat.com Agentliyin açıqlamasına istinadən xəbər verir, bu, Livanın şiə hərəkatı Hizbullah ilə münaqişənin kəskinləşməsi səbəbindən baş verib.

Agentlik qərarını geosiyasi risklərin daha da yüksələrək İsrailin həm qısa, həm də uzunmüddətli perspektivdə kredit qabiliyyətinə mənfi təsir göstərəcəyi ilə əsaslandırır. Bildirilir ki, İsrail rəhbərliyinin şimal bölgələrindən təxliyə edilmiş 60 min ölkə sakinini öz evlərinə qaytarmaq planı daha fəal hərbi əməliyyatların keçirilməsini nəzərdə tutur. Eyni zamanda, Moody's Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması şanslarının azaldığını, daxili siyasi və geosiyasi risklərin əhəmiyyətli dərəcədə artdığını vurğulayır. Proqnoza görə, İsraillə İran arasında genişmiqyaslı münaqişə ehtimalı aşağı olaraq qalır, lakin hələ də mümkündür.

Agentlik 2024-cü ilin sonuna kimi İsraildə hərbi əməliyyatlar nəticəsində ÜDM-in real artımının cəmi 0,5 faiz olacağını gözləyir. 2025-ci il üçün proqnoz 4 faizdən 1,5 faizə endirilib.

Qeyd edək ki, Moody's 2024-cü ildə ikinci dəfədir İsrailin reytinqini endirir: birinci dəfə fevral ayında A1-dən A2-yə endirmişdi.

Musavat.com

28.09.2024 22:33
248