Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi keçirilir.
Bəs "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayev kimdir?
Musavat.com onun dosyesini təqdim edir:
Hüseyn Abdullayev 1967-ci il mayın 25-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində anadan olub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb.
Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alan Abdullayev eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə müəllim vəzifəsində çalışıb.
Daha sonra o, hüquq fakültəsini bitirib.
Qeyd edək ki, sabiq deputat bəstəkar kimi də uğurlar əldə edib. Onun mahnılarını Zülfiyyə Xanbabayeva, Röya, Şeron qrupu, Aygün Bəylər kimi tanınmışlar ifa edilib.
H.Abdullayev 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb. 2000-ci ildən aktiv siyasətlə məşğul olmağa başlayıb. 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib.
2007-ci ildə Hüseyn Abdullayev parlament üzvü olarkən iclaslardan birində Ana Vətən Partiyasından millət vəkili Fəzail Ağamalı ilə mübahisə edib və əlbəyaxa olub. Bunun ardınca o, həbs edilib.
Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib. 2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb. 2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.
Hüseyn Abdullayev 2019-cu ilin oktyabr ayında 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
Musavat.com