Beş nəfərlə hakimiyyəti devirmək istəyən baş nazir – 44 yaşlı siyasətçinin məhkəməsi cəmi 14 dəqiqə çəkib

 

İosif Stalin iş gününə heç vaxt səhər saatlarından başlamayıb. Gecədən xeyli keçənə qədər kabinetində işləyən sovet lideri adətən Mərkəzi Komitəyə saat 11-12 arası gəlib. 1930-cu ilin noyabrın 30-da isə o, öz ənənəsini pozaraq saat 9-da iş kabinetində olub. Həmin gün üçün saat 12-də Mərkəzi Komitənin geniş tərkibli iclası planlaşdırılıb. Stalinin göstərişi ilə iclasın vaxtı saat 11-ə dəyişdirilib.

Noyabrın 30-da Stalinin başqa bir xüsusi tədbiri nəzərdə tutulmayıb. Bu səbəbdən də Mərkəzi Komitə katibliyində iclasın vaxtının dəyişdirilməsi təəccüb doğurub.

Maraqlıdır, vaxt dəqiqliyinə həmişə ciddi riayət edən Stalin iclasın vaxtını hansı səbəbdən dəyişib?

Bir gün əvvəl, noyabrın 29-da Stalinə məlumat verilib ki, noyabrın 30-da saat 11-də Rusiya Xalq Komissarları Sovetinin sədri (baş nazir) Sergey Sırtsov öz silahdaşları ilə toplantı keçirəcək və beş nəfərlik qrup hakimiyyət əleyhinə qərarlar qəbul edəcək.

000026 (1).jpg (63 KB)

Sırtsovun Mərkəzi Komitədəki iclasa gecikməyi də bu faktı təsdiqləyib. Belə ki, o, müşavirəyə düz 45 dəqiqə gecikib. Sırtsov zala daxil olanda Stalin soruşub:

-Niyə gecikirsiniz?

-İclas saat 12-yə təyin edilmişdi.

-Bu haqda Poskrebışev (katibliyin rəhbəri) sizə əvvəldən xəbərdar etmişdi axı.

-Mən saat 11-ə müşavirə çağırmışdım. Müşavirə iştirakçılarına tapşırıqlar vermək bir az vaxt aldı.

-Nəyi müzakirə edirdiniz?

-İstehsal müəssisələrində xammal çatışmazlığını.

-Yalan danışırsınız. İstəyirsiniz mən sizin hansı məsələləri müzakirə etdiyinizi söyləyim. Birincisi, siz saat 11-də müşavirə çağırmamısınız. Bu sizin yaratdığınız beş nəfərlik qrupun gizli toplantısı olub. Siz mənim nə qədər yarıtmaz bir rəhbər olduğumu müzakirə etmisiniz və hakimiyyət əleyhinə qərarlar qəbul etməyə hazırlaşmısınız.

-Bu doğru deyil.

-Mən bunu sizə başqa cür də sübut edə bilərəm.

Stalin Poskrebışevi yanına çağırıb və hamının eşidəcəyi səslə ondan soruşub:

-Reznikov gəlib.

-Bəli, yoldaş Stalin.

-İçəri dəvət edin.

Reznikov Sırtsovun ən yaxın silahdaşlarından biri sayılıb və beş nəfərlik qrupun əsas üzvlərindən biri olub.

Stalin Reznikovu tribunaya dəvət edib:

-Buyurun, yoldaş Reznikov. Sırtsovun “müşavirə”si haqqında məlumat verin.

Reznikov Sırtsovun əməlləri, hakimiyyətə qarşı planları haqqında ətraflı məlumat verib.

Stalin üzünü Sırtsova tutub:

-İndi isə zalı tərk edə bilərsiniz. Bu gündən vəzifənizdən də azad olunursunuz.

Stalin Sırtsovu vəzifəsindən azad etsə də onu həbs etməyə tələsməyib. 1930-cu illərin siyasi qruplaşmaları arasında gərginliyi artırmamaq üçün Stalin gözləmə mövqeyini seçib.

Qeyd edək ki, 1893-cü ildə Ukraynada, indiki Dnepropetrovsk vilayətinin Slavqorod qəsəbəsində anadan olan Sırtsov Rostovda kommersiya məktəbində və Peterburqda Politexnik İnstitutunda təhsil alıb. Hələ 17-18 yaşlarında olarkən o, fəal bir gənc kimi tanınıb, Leninin gizli tapşırıqlarını icra edib, inqilabi hərəkatda, bolşeviklər arasında çevikliyi ilə fərqlənib, elə həmin illərdən də İosif Stalinlə yaxından tanışlığı olub. Təsadüfi deyil ki, Sergey Sırtsov Lenindən və Rıkovdan sonra Rusiya Xalq Komissarları Sovetinin üçüncü sədri vəzifəsinə təyinat alıb.

Sırtsovla Stalinin arasında tez-tez fikir ayrılıqları yaranıb. Xüsusilə ölkənin iqtisadi vəziyyəti ilə bağlı keçirilən müşavirələrdə Sırtsov bu sahədəki vəziyyətin acınacaqlı olmasını rəhbərliyin düzgün qərarlar çıxarmaması ilə bağlayıb. Tənqidi qəbul etməyi bacarmayan Stalin Sırtsovu Moskvadan uzaqlaşdırmaq üçün məqam gözləyib. Təbii ki, 1920-ci illərdə Stalin sonralar olduğu kimi sərt qərarlar çıxarmaq imkanında olmayıb. Hələ mövqelərini tam möhkəmlədə bilməyən Stalin kadr məsələlərinə ehtiyatla yanaşıb. Digər bir tərəfdən Trotski komandasının fəallığı da onu qorxudub.

Surtsov.jpg (37 KB)

Nəhayət, 1926-cı ildə Sibir diyar Partiya Komitəsində vəziyyətin ürəkaçan olmadığını bəhanə gətirən Stalin bu işin öhdəsində Sırtsovun gələcəyini bildirərək onu Sibirə birinci katib göndərib.

Sırtsovun Sibir “sürgün”ü 3 il davam edib. 1929-ci ilin may plenumunda onun Rusiya Xalq Komissarları Sovetinə sədr təyin edilməsi müzakirəyə çıxarılıb və səs çoxluğu ilə müzakirə Sırtsovun sədr təyinatı ilə nəticələnib.

Sergey Sırtsov nə tənqid olunmaqdan, nə də tənqid etməkdən çəkinməyib. O, dəfələrlə rəsmi və qeyri-rəsmi tədbirlərdə fikirlərini əsaslandıraraq Stalin yürütdüyü siyasəti tənqid edib. 1930-cu ilin əvvələrində Rusiyada tikinti sahəsində, fabrik və zavodlarda təchizat ağır vəziyyətə düşəndə Sırtsov ölkə rəhbərliyini sərt tənqid edib, Stalinin, Molotovun, Mikoyanın, Kaqanoviçin, Voroşilovun ünvanına yarıtmaz ifadəsini işlətməkdən çəkinməyib.

Sırtsov Stalinin komandası ilə mübarizəni daha mütəşəkkil aparmaq üçün beş nəfərlik gizli qrup yaradıb. Amma bu qrupun ən fəal üzvü olan Reznikov onu Stalinə satıb.

Baş nazir vəzifəsindən azad olunduqdan sonra Sırtsov 1937-ci ilə qədər zavod və sənaye müəssislərində kiçik vəzifələrdə çalışıb.

SSRİ-ni repressiya dalğaları bürüyəndə hədəfə düşən birincilərdən biri Sırtsov olub. 1937-ci ildə həbs olunan 44 yaşlı sabiq baş nazirin məhkəməsi cəmi 14 dəqiqə çəkib. Məhkəmənin hökmü ilə o, ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

İlham Cəmiloğlu, Musavat.com

12.02.2024 12:48
2464