Beş ay əvvəl yoxa çıxan 20 yaşlı Kazan sakini vağzalda sağ-salamat tapılıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, axtarışlar nəticə verməyincə, oğlanın qohumları ümidsizliyə qapılıblar və falçılara müraciət ediblər. Onlar isə itkinin valideynlərini inandırıblar ki, gənc "çox kədərli və soyuqdur".
Oğlan mayın əvvəlində izsiz-tozsuz yoxa çıxıbmış. Valideynlər, könüllülər və polis əməkdaşları onu uzun müddət axtarıblar. Gəncin ailəsi falçıları axtarış əməliyyatına qoşandan və onlar “öz kanalları ilə araşdıraraq” gənc haqda pis xəbəri verəndən sonra valideynlər məyus olublar.
Bununla belə, onlar “mütəxəssislər”in qara xəbərini alandan sonra da təslim olmayıblar və axtarışa davam ediblər. Nəhayət, sentyabrın 30-da “Sfera” üztanıma sistemi “Kazan-2” vağzalında bu gənci görüb-tanıyıb.
Məlumat dərhal polisə ötürülüb və əməkdaşlar valideynlərə məlumat veriblər. Onlar itkin oğlanı vağzal ərazisində tapıblar.
20 yaşlı oğlanın bu 5 ayda öz yeri barədə valideynlərinə nəyə görə məlumat verməməsi, bu aylarda necə dolanması barədə təfərrüat yoxdur.
Musavat.com