Beriyanın həbs etdirdiyi, Amerikanın oğurlamaq istədiyi Vanqa – siyasi liderlər də onun xidmətlərindən yararlanıblar  

 

Onun illər öncə verdiyi proqnozlar müasir dövrümüzdə də maraqla qarşılanır. Bəli, Vanqa hələ ötən əsrin ortalarından illəri qabaqlayaraq gələcəkdə hansı hadisələrin baş verəcəyindən xəbər verib. Onun bir çox proqnozları ya təsadüfdənmi, ya da qeyri-adi öngörücülükdənmi həqiqətə çevrilib.

Maraqlıdır, mövcud dövrdə siyasi liderlərin diqqətini cəlb edən, hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlanmağı planlaşdırılan Vanqa kim olub?

1911-ci ildə Şimali Makedoniyada anadan olan Vanqa 12 yaşında olarkən görmə qabiliyyətini ömürlük itirib. Onun kor olmasının səbəbi haqqında dəqiq məlumat yoxdur. Amma bununla bağlı əsas iki versiya irəli sürülüb. Onlardan biri Vanqanın cinayətkarlar tərəfindən 12 yaşında zorlanması nəticəsində görmə qabiliyyətini itirməsidir. İkinci versiyada isə qeyd olunur ki, Vanqa 12 yaşında qohumlarının evindən qayıdanda qasırğaya düşüb, güclü külək onu zərblə yerə çırpıb, hətta Vanqanı bir sutka tapa bilməyiblər. Bu hadisədən sonra isə o, kor olub.

Vanqa öngörücü kimi II dünya müharibəsi başlanandan sonra məşhurlaşıb. Onun müharibədə itkin düşənlər haqqında fikir söyləməsi, onların sağ qalıb-qalmaması və yerləri haqqında məlumat verməsi sözün əsl mənasında möcüzə kimi qəbul edilib. Məhz həmin ərəfədə Vanqanın qəbulunda gözləyənlərin sayı-hesabı olmayıb.

49d7e1c4-9f21-11ee-83b0-02420a0000c9.jpg (67 KB)

Qısa zamanda bütün dünyada tanınmağa başlayan Vanqa dövlət başçılarının da diqqətindən kənarda qalmayıb. Bir çox dövlət başçıları açıq, yaxud da gizli şəkildə Vanqanın yanında olublar, onun proqnozlarını eşitmək istəyiblər.

Vanqanın siyasi proqnozlarına qarşı fikirlər birmənalı qarşılanmayıb. Fakt odur ki, ona inananlar da, inanmayanlar da bu proqnozlara biganə qalmayıblar. Məsələn, bəzi amerikalı alimlər Vanqanın yazıları oxumadan bir sənəd haqqında söylədiyi fikirlərin dəqiqliyini təsdiqləyiblər. Yəni, Vanqa bir sənədi oxumadan onun içindəkilər və həmin sənədin icrasının gələcək nəticələri haqqında fikir söyləməyi bacarıb. Bir çoxları isə bunu absurd adlandırıb. Amma fakt odur ki, bu “bacarığına” görə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Vanqanı “oğurlayıb” öz xidmətlərinə cəlb etmək haqqında da düşünüblər.

Siyasi proseslər haqqında proqnozlar verməsi Vanqaya böyük problemlər yaradıb. Düzdür, bir müddət ona toxunmayıblar. Buna səbəb isə Vanqanın qardaşı Vasilin partizan hərəkatında olduğu zaman göstərdiyi qəhrəmanlıq olub. Məlum olduğu kimi Bolqarıstan 1941-ci ildə Almaniya, İtaliya, Yaponiya ittifaqına qoşulub. 1944-cü ildə isə sovet ordusu ölkəni öz nəzarəti altına keçirib. Həmin ərəfədə Vasil şərq cəbhəsində körpünü partladaraq alman qoşunlarına böyük ziyan vurub, sonda isə faşistlər tərəfindən həbs edilərək güllələnib. Bu fakt Vanqanı bir müddət təzyiqlərdən qoruyub.

vanga2.jpg (110 KB)

1945-ci ildə yeni hökumət üçün Vanqa əhalini çaşdıran, öz fəaliyyəti ilə qarışıqlıq yaradan “mənfi element” sayılıb və o, həbs edilib. Araşdırmaçı İrina Nekrosova müəllifi olduğu “Vanqa - möcüzəvi şəfalar və aydınlıq fenomeni” kitabında qeyd edib ki, məşhur görücüyə Bolqarıstan məhkəməsi ən ağır hökm, ölüm hökmü hazırlayıb. Amma bu dəfə də Vanqanı qeyri-adi bacarığı xilas edib. Belə ki, Bolqarıstan sərhəd xidmətinin ali rütbəli zabiti məxfi qrifli qovluğu sərhəddən keçirərkən meşə ərazisində itirəndə Vanqaya müraciət olunub. Vanqa sənədlərin hansı ərazidə olduğunu dəqiqliklə söyləyib. Bu hadisədən sonra onun haqqında olan məhkəmə işinə xitam verilib.

Vanqanın bir çox proqnozları özünü doğruldub. 1941-ci ilin yazında Vanqa nasist rəhbərlərinə müraciət edib. O bildirib ki, Almaniyanın SSRİ-yə hücumu Hitlerin ölümlə nəticələnəcək səhv addımı olacaq.

Məşhur görücünün Stalin haqqında dediyi sözlər isə onu yenidən həbsxanaya saldırıb. 1952-ci ildə o, Stalinin ömrünə altı ay qaldığı haqqında fikir söyləyib. Vanqanın bu proqnozunu Stalinə çatdırıblar və bir neçə gün sonra o, həbs olunub. Bəzi versiyalara görə Vanqanın həbsini Stalinin göstərişi Lavrenti Beriya gerçəkləşdirib.

Həqiqətən də Vanqanın Stalinin ölümü ilə bağlı verdiyi proqnozdan altı ay sonra sovet lideri vəfat edib. Stalinin dəfnindən bir neçə gün sonra Vanqa azadlığa buraxılıb.

Vanqanın sonrakı həyatı sakitliklə ötüşüb. Kommunist rejiminin hökm sürməsinə baxmayaraq Bolqarıstan Kommunist Partiyasının baş katibi Todor Jivkov Vanqanın xidmətlərini dövlət qulluğu reyestrinə salıb. Vanqanın qəbuluna düşmək istəyən yerli sakinlər 10 lev, xarici vətəndaşlar isə 50 dollar ödəyiblər. Bu xidmətlə Vanqa Bolqarıstanın büdcəsinə 10 milyon ABŞ dollarından artıq vəsait köçürüb.

vanga.jpg (44 KB)

Todor Jivkovun özü də iki dəfə Vanqanın qəbulunda olub. Vanqa ona “sənin dostların öldürüləndə, sən zirzəmidə gizlənmişdin” deyəndə Jivkov təəccübünü gizlədə bilməyib.

Qeyd edək ki, Vanqa 11 avqust 1996-cı ildə Sofiyada, “Lozinets” klinikasında vəfat edib. O, onkoloji xəstəlikdən müalicə olunarkən, döş nahiyəsində yaranmış şişlərin cərrahiyyə əməliyyatı vasitəsilə götürülməsindən imtina edib.

İlham Cəmiloğlu, Musavat.com

18.01.2024 12:14
7777